Dünyanı düşündürən sual: COVID-19 peyvəndi effektli olacaqmı?

Aktual

05.09.2020 - 16:14

ÜST: “Bütün dünyada istifadə oluna biləcək peyvənd ən tez gələn ilin ortalarına hazır olar”

 

Hər kəs COVID-19 peyvəndini gözləyərkən, digər tərəfdən peyvəndin nə dərəcədə effektli olacağı suallar doğurur. AYNA-nın xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat xidmətindən verilən açıqlamada COVID-19 üçün bütün dünyada istifadə ediləcək peyvəndin ən tez gələn ilin ortalarına hazırlanacağı bildirilib.

 

ÜST sözçüsü Marqaret Harris BMT-nin Cenevrə ofisində keçirilən mətbuat konfransında COVID-19 peyvəndi ilə bağlı uzun yol qət etmiş 6-9 tədqiqatın olduğunu və III mərhələdə klinik sınaqların başladığını deyib: “Bu mərhələ (III mərhəl klinik sınaqlar) daha çox vaxt alacaq. Çünki peyvəndin həqiqətən nə qədər qoruyucu və təhlükəsiz olduğundan əmin olmalıyıq. Peyvənd işlərinin hər mərhələsində “təhlükəsizlik” prosedurları tətbiq olunmalıdır. Bu proses uzun çəkir. Peyvənd istehsalçıları zamana qarşı mübarizə aparırlar. Ancaq real vaxt çərçivəsi baxımından bütün dünyada istifadə oluna biləcək peyvənd ən tez gələn ilin ortalarına hazır olar”.

 

Qeyd edək ki, bunun əksinə ABŞ, Çin, Rusiya kimi ölkələr peyvəndlə bağlı daha iddialı açıqlamalar verirlər. Belə ki, keçən ayın əvvəli Rusiya “Sputnik-V” adı verdiyi peyvənd hazırladığını və iki ay ərzində istehsalına başlayacağını açıqlayıb. Çinin də Rusiya kimi peyvənd istehsalına başlamağa hazırlaşdığı məlumdur. Lakin istər Çin, istərsə də Rusiyanın hazırladığı peyvəndlə bağlı dünyanı narahat edən suallar ortaya çıxmaqda davam edir.

 

Hacəttəpə Universitetinin Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Dr. Mehmet Ceyhan Rusiya və Çində COVID-19 peyvəndində “Adenovirus tip 5” (Ad5) istifadə olunduğunu deyib. Bildirib ki, insanların çoxu bu virusa qarşı immunitetlidir, buna görə də peyvənd COVID-19 virusuna qarşı təsirli olmayacaq.

 

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzi tibb işçilərinə göndərilən məlumatlarda peyvəndin "yüksək risk qrupu"nda olan amerikalılara paylayacağını açıqlayıb. Mərkəz bütün əyalətlərdəki səhiyyə işçilərini oktyabr ayının sonuna qədər yüksək risk qrupundakılara peyvənd paylanmasına hazırlaşmağa çağırıb.

Müəllif: Ayna.az