Prezident Konqonun Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib

Xəbərlər

07.02.2023 - 14:18

İlham Əliyev David Madukanın etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 7-də Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.

AYNA xəbər verir ki, səfir David Maduka etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi üçün imkanların mövcudluğunu qeyd etdi və bu istiqamətdə əlaqələrimizin daha da fəallaşdırılmasının vacibliyini vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyini vurğulayıb.

Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin sədrlik müddətinin uzadılmasına göstərdiyi dəstəyə və etimada görə Konqo tərəfinə təşəkkürünü ifadə edib.

İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində sədr dövlət kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb, ölkəmizin yaxın vaxtlarda Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində növbəti zirvə toplantısına ev sahibliyi edəcəyini bildirib.

Dövlət başçısı Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılmasının vacibliyinə toxundu, Azərbaycanın Hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış etdiyini bildirib. Prezident İlham Əliyev bu məsələ ilə əlaqədar Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılmasının önəminə toxunub. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu il başa çatdığını xatırladaraq, ölkəmizin bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətində olduğunu, Hərəkata sədrlik edəcək dövlətlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasının daha ədalətli yanaşma olacağını qeyd edib.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən səfir ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi fəal iş apardığını, Konqonun Azərbaycanın bu təşkilata sədrliyini məmnuniyyətlə dəstəklədiyini bildirdi. David Maduka Azərbaycanda qeyri-rezident əsasında akkreditasiya olunmuş səfir kimi ölkəmizə tez-tez səfər edəcəyini və əlaqələrimizin, o cümlədən iqtisadi-ticari münasibətlərimizin inkişafı üçün səylə çalışacağını bildirib. Səfir Qoşulmama Hərəkatına sədrlik edən dövlətin BMT-də aparılacaq islahatlar çərçivəsində rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması məsələsinin çox maraqlı və yaxşı təklif olduğunu qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az