Parlamentdə səmərəsiz qurumla bağlı məruzə: "Bələdiyyələr ölü doğulub"

Cəmiyyət

05.04.2022 - 17:59

Həkimlər Klinikalar SEO Xidməti

Deputatlar bələdiyyələrlə bağlı illik məruzədə bu institutun fəaliyyətindən narazılıq etdilər

Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” müzakirəyə çıxarılıb. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Məruzədə qeyd edilib ki, keçən il bələdiyyələrin 90 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib: "Həmin protokollar üzrə 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 5 inzibati xəta protokoluna xitam verilib, 10 protokol isə baxılmaqdadır".

80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Məruzədə bildirilib ki, 2021-ci ildə 80 min bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib. 3.000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 9.100 hektar torpaq sahəsi geri qaytarılıb. Bununla yanaşı, vurğulanıb ki, pozuntulara yol verən bələdiyyələrin vəzifələri şəxsləri barəsində məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollarla 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, cinayət xarakterli 27 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Məruzənin müzakirəsi zamanı deputatlar bələdiyyələrin fəaliyyətindən narazılıqlarını bildiriblər. Eyni zamanda, bələdiyyələrlə bağlı qanunvericilikdə müəyyən boşluqların olduğu, bələdiyyə səlahiyyətlərinin məhdudluğu gündəmə gətirilib. 

Komitə sədri: "Bakı böyük şəhər bələdiyyəsinin yaradılması təklif edilə bilər"

Milli Məclisin Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bələdiyyələrlə bağlı kifayət qədər qanun var: "Amma bu qanunların toplanıb, Bələdiyyə Məcəlləsində birləşdirilməsi lazımdır. Məsələ ilə əlaqədar Milli Məclisdə iş aparılır. Biz aidiyyatı qurumların buna dəstək göstərməsini gözləyirik". 

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı məsələyə gəlincə, komitə sədri söyləyib ki, işğaldan azad edilmiş ərazilərdə bələdiyyələr təşkil edildikdə, təxmini 500 əlavə bələdiyyənin yaradılması mümkün olacaq: "Ona görə də, bələdiyyələrin birləşdirilməsi vacibdir. Gəncə Sumqayıt kimi iri şəhərlərdə vahid bələdiyyələrin yaradılması, bu effektiv olarsa, Bakı böyük şəhər bələdiyyəsinin yaradılması təklif edilə bilər".

Deputatdan nazir müavininə sual: “Niyə heç bir tədbir görülmür?”

Deputatı Vahid Əhmədov isə məruzəni təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirova bələdiyyələrlə bağlı sual ünvanlayıb: "Bələdiyyələrin fəaliyyəti 23 ildir səmərə vermir. Hər il Milli Məclisdə bununla bağlı təkliflər, iradlar bildirilir. Vilayət müəllim, niyə bu məsələləri Azərbaycan hökuməti ilə müzakirə etmirsiniz? İlbəil təkliflər səsləndiririk, amma heç bir tədbir görülmür".

"Bələdiyyələrin təmərküzləşməsi və birləşdirilməsi vacibdir"

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı hesabatda qeyd olunur ki, bələdiyyələrin büdcəsinı torpaq və əmlak vergisindən 2020-ci il ilə müqayisədə 3.5 milyon manata daha çox vəsait daxil olub. Bunun da 2.5 milyon manatı Bakıda fəaliyyət göstərən bələdiyyələrin payına düşür", - deyən deputat Vüqar Bayramov qeyd edib ki, tendensiyanın müsbət olması təqdirəlayiqdir: "Bununla yanaşı, yenə də əmlak vergisinin yığılmasında problemlər qalmaqdadır və bələdiyyələrin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi vacibdir". 

"Bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndririlməsi üçün bələdiyyələrin təmərküzləşməsi və birləşdirilməsi məsləsinə baxılması məqsədəuyğun olardı.  Çexiyada 205, Bolqarıstanda 265, Rumiyada 103, qardaş Türkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərliliyinə və eləc də şəffaflığına təsir göstərir", - millət vəkili əlavə edib.


 
"Etiraf etmək lazımdır ki, bölgələrdə belə nəzarət mexanizmləri güclü formalaşdırılmayıb"

Deputat fikrini davam etdirərək qeyd edib ki, bu ilin dövlət büdcəsindən bələdiyyələrə 11 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur: "Ölkədə 1 606 bələdiyyənin olduğunu nəzərə alınsa, orta hesabla hər bələdiyyə illik 6 min 800 manat, aylıq isə 560 manat alacaq. Bələdiyyələrin kənar maliyyə mənbələrinin məhdud olduğunu nəzərə aldıqda bu məbləğin az olması onların institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Bu baxımdan, həmin vəsaitin məbləğinə baxılması və artırılması məqsədə uyğun olardı".
 
"Hesabata əsasən, bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin sayında artımlar müşahidə olunub. Bu isə həmçinin ondan xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə içtimai nəzarətin də gücləndirilməsinə ehtiyac var. Etiraf etmək lazımdır ki, xüsusən bölgələrdə belə nəzarət mexanizmləri güclü formalaşdırılmayıb", - Bayramov fikrini yekunlaşdırıb.

"İcra hakimiyyətləri də deyir ki, bizim nə səlahiyyətimiz var ki, onu da bələdiyyəyə verəsiniz?!"

Deputat Qüdrət Həsənquliyev isə müzakirə zamanı deyib ki, bələdiyyələr "ölü doğulmuş" institutdur: "Hamımız bilirik ki, bələdiyyələr ölü doğulub". Məqsəd bələdiyyələrin problemini həll etmək deyil. Bu məqsəd olsaydı, bələdiyyələrin səlahiyyəti müəyyən edilərdi. Yerli icra hakimiyyətləri də deyir ki, bizim nə səlahiyyətimiz var ki, onu da bələdiyyəyə verəsiniz?! Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərini də mərkəzi icra hakimiyyəti orqanları əlindən alır. Hesab edirəm ki, ciddi islahatlar aparılmalı, səlahiyyətlər bölüşdürülməlidir". 

"O vaxt Avropa təşkilatları bizdən tələb edirdi ki, bizdə də seçkili yerli icra orqanları olsun. Buna görə də Azərbaycanda bələdiyyələr yaradıldı. Düşünürəm ki, hökumət bu istiqamətdə ciddi islahatlara, hətta Konstitusiya islahatlarına getməlidir. Bütün səlahiyyətlər mərkəzi icra hakimiyyətlərinin əlində cəmləşib. Problemin kökü bundan qaynaqlanır”, - deputat fikrini bölüşüb.

Müzakirələrdən sonra məruzə səsə qoyularaq qəbul edilib.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş