“Operativ Qərargahın üzvləri işin təcrübəsindən uzaqdırlar”

Cəmiyyət

07.08.2020 - 19:20

Həkimlər Klinikalar SEO Xidməti

Şamil Paşayev: “İnsanları cərimə etməklə onları virusdan qorumaq mümkün deyil”

 

Azərbaycanda koronavirus pandemiyasına görə ölkə üzrə tətbiq edilən xüsusi karantin və ölkənin bəzi rayon və şəhərlərində tətbiq olunan sərt karantin rejimi qismən yumşaldılmaqla, avqustun 31-ə qədər yenidən uzadıldı. Qərara əsasən, sərt karantin zonasına daxil edilən şəhər və rayonlarda SMS icazə sistemi ləğv edildi və çimərliklərə giriş üçün qoyulan məhdidyyətlər aradan qaldırıldı. Bununla yanaşı, sərt karanin zonasına daxil ölən ərazilərdə digər məhdudiyyətlər yenidən qüvvədə qalır, həftəsonları isə bütün ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

 

Lakin Opreativ Qərargahın son qərarı ictimaiyyət arasında birmənalı qarşılanmayıb. İnsanlar sərt karantin rejiminin uzadılmasına etiraz edir və qərarların düzgün olmadığından şikayətlənirlər.

 

Mövzu ilə bağlı AYNA-ya açıqlama verən hüquqşünas Şamil Paşayev əvvəlcə vətəndaşların konstitusion hüquqlarından danışıb: “Komendant saatının tətbiqi, SMS icazə ilə çölə çıxmaq, sərbəst yaşayış yeri seçmək, eyni zamanda istirahət etmək və s. kimi konstitusion hüquqların məhdudlaşdırılması Konstitusiya və qanunvericiliyin tələbinə görə, yalnız fövqəladə vəziyyətdə tətbiq edilə bilər. İndi isə Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir və xüsusi karantin rejiminin tətbiq edilməsi Azərbaycan Respublikasının “Əhalinin salamatlığı haqqında” Qanununa əsasən tətbiq edilir. Lakin burada da konstitusion hüquqların məhdudlaşdırılmasından söhbət gedir. “Fövqəladə vəziyyət haqqında” Qanunda da bildirilir ki, konstitusion hüquqların məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul edilərkən, bu barədə Avropa Şurası Parlament Assambleyasına və Birləşmiş Millətlər Təşkilatına müvafiq məlumat verilməlidir. Yəni konstitusion hüquqların məhdudlaşdırlması bu qədər ciddi bir məsələdir”.

Quaib | Şamil Paşayev

“Lakin Operativ Qərargahın qəbul etdiyi qərarlarda xeyli sayda uyğunsuzluq var və qurumlar arasında müvafiq rabitənin olmaması nəzərə çarpır. Qeyd etmək lazmdır ki, çimərlik mövsümü ilə bağlı çimərliklər açılıb, lakin çimərliklərdə restoranların fəaliyyəti qadağan edilib. Maraqlıdır ki, çimərlikdə fəaliyyət göstərən restoran onlayn qaydada xidməti öz ərazisində olan şəxslərə yox, digər çimərlik ərazisində olan şəxslər üçün həyata keçirə bilər. Belə çıxır ki, həmin restoranlar da bir-biriləri ilə danışıb, qarşılıqlı olaraq qonşu çimərliklərdən onlayn sifarişləri götürə bilər, amma öz müştərilərinə xidmət göstərə bilməz”, - müsahibimiz deyib.

 

O, ictimai nəqliyyat vasitələrindəki problemlərə də toxunub: “Bundan başqa nəzərə almaq lazımdır ki, avtobuslarda da vəziyyət kifayət qədər yaxşı deyil və əhalinin avtobuslarda sosial məsafəni qoruması qeyri-mümkündür. Aydındır ki, metrolarda ümumi havalandırma sistemi olduğu üçün metronun açılması məsləhət görülmədi ki, yoluxma sayı arta bilər. Amma avtobuslar açılsa da, ekspress xətlər bunun öhdəsindən gələ bilmir. Son qərara əsasən, SMS icazə sistemi aradan qaldırılıb, əhali daha çox çöldə olacaq və bu da avtobuslarda sıxlığı daha da artıracaq. Düşünürəm ki, bununla bağlı polisi, daxili qoşunları məsələyə cəlb etmək lazım idi. Məsələn, avtobusun tutumu 50 nəfərlikdirsə, onlar 25 nəfərin keçməsinə icazə verərdilər. Ki, bu da yolxuma riskinin azalmasına kömək edə bilərdi”.

 

Paşayevin fikrincə, yoluxmanın azalması üçün görülməli olan əsas təbdirlərdən biri əhalinin mütəmadi olaraq qızdırmasının ölçülməsi və COVID-19-un əlamətlərinin olub-olmamasının yoxlanılmasıdır: “Lakin biz daha çox çalışdıq ki, əhalinin icazəsinin olub-olmamasını yoxlayaq. Ki, bunun özü də yanlış və anlaşılmaz addımlardan biri idi. Digər tərəfdən, 500 nəfərlik tutumu olan çimərliyin fəaliyyətinə icazə verilir, amma açıq havada maksimum 20-30 nəfərin toplaşacağı kafelərin fəaliyyətinə icazə verilmir. Lakin ən azından, çölə çıxan adamların harasa getmələri üçün bunu da etmək mümkün idi”.

 

Hüquqşünas rayonlara gediş-gəlişə icazə verilməsini vacib hesab edir: “Bakını boşaltmaq və rayonlara gediş-gəlişi açmaq mütləq lazım idi. Necə ki, insanlar koronavirus testi verir və testin nəticəsi neqativ çıxdığı halda xaricə gedə bilirsə, eyni qaydanı rayonlar üçün də tətbiq etmək və bununla da Bakının yükünü azaltmaq olardı. Lakin bununla bağlı bir dəfə ezamiyyə vərəqəsinin lazım olduğunu, bir dəfə isə “icazə.e. gov”dan qeydiyyatdan keçməyin lazım olduğunu dedilər. Təbii ki, müxtəlif fikirlərin səslənməsi də istər-istəməz insanlarda çaşqınlıq yaradır”.

 

“Buna misal olaraq mən vəkillər və jurnalistlərlə bağlı problemi də qeyd etmək istəyirəm. Vəkillərin ezamiyyə alması, jurnalsitlərin isə qeydiyyatda olmasının vacib olduğu bildirilir. Lakin vəkilin və jurnalsitin fəaliyyət göstərdiyi sfera bütün Azərbaycanı əhatə edir. Məslən, vəkilin Qazaxda da müştərisi ola bilər, Lənkəranda da, Bakıda da. Onun fəaliyyət dairəsində olan ərazilərə getmək üçün hər hansı bir şəxsdən ezamiyyə alması mümkün deyil. Çünki onun ezamiyyəsinə qol çəkəcək və möhür vuracaq adam yoxdur. Vəkil sərbəst fəaliyyət sferasına daxildir və onu hər hansı bir qurumun, yaxud şəxsin hansısa bir yerə ezam etməsi məntiqsizdir. Bu da Operativ Qərargahdakı şəxslərin bu işlərin praktikasından uzaq olduğunu əyani olaraq sübut edir”, -Ş.Paşayev qeyd edib.

 

Həmsöhbətimiz son olaraq COVID-19-la yaşamağa öyrəşməyin vacib olduğunu əlavə edib: “İnsanlara bu qadağalardan daha çox maarifləndirici tədbirlər lazımdır. Vaksin 1 ilə, 2 ilə tapılacaq, yaxud da tapılmayacaq deyə, həyatımızın bir parçası kimi bununla yaşamağa öyrəşməliyik. Necə ki, qazla, odla və digər təhlükəli maddələrlə rəftar edə və özümüzü qoruya bilirik, eynisini COVID-19 üçün də tətbiq etməliyik. Çünki insanları cərimə etməklə bu, mümkün olmayacaq”.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş