Milli-mənəvi yumurta

Cəmiyyət

10.09.2019 - 10:07

Əslində, bizim “qəhrəmanlar” üçün yumurta qabığı elə də keçilməz sədd deyil

 

Gürcülərin hər təamı acılı yediyi, onları tanıyan kimsəyə sirr deyil. Adamlar mətbəxdən süfrəyə ötürülən əksər nemətə acı qatmağı sevirlər. Elə, yeyənlər də...

 

Buna dair bir lətifə də var:

 

Bir azərbaycanlı Tbilisi restoranında nahar etməlidir. Amma acını sevmir və gürcülərin hər yeməyə istiot qatdılarını da eşidib. Soyutma yumurta sifariş verir, sadəcə soyutma yumurta.

 

Bir xeyli keçsə də, sifariş gəlib çıxmır. Bizimki bezib mətbəxə keçir. Baxır ki, aşpaz qabdakı yumurtaların başına fırlanır. Hirslənir:

 

- Bir saata yumurta bişirə bilmirsiniz, adınızı da restoran qoymusunuz...

- Əslində, yumurta çoxdan hazırdır, sadəcə istiotu içərisinə necə yeridim, onun yolunu tapa bilmirəm.

 

***

 

... O aşpaz öz dəyərlərinə sadiqdir. Nə olur-olsun, kim sifariş verir-versin, doğru bildiyindən dönmür. Doğru bildiyini müştəriyə (əcnəbi olsa belə) yedirməlidir – “yesən də, yeməsən də, tərəvəzdir” misalı.

 

Eynən bizim bəzi “milli-mənəvi dəyər keşikçiləri”, “dövlətçilik qarovulları” kimi. Bunların da qarşısında hər şeyə acı qatmaq təlimatı var. Hərlənirlər-fırlanırlar, hər fərqli dadın içinə... bir acı qatırlar.

 

Biri şirin xoşlayar – “restoran”a girmiş casusdur, o biri turşməzəni bəyənər – qudurmuşdur, digəri də pəhriz saxlayır – ağzının dadını bilməmişdir. Yəni, hamı acı yeməlidir – acı hamı üçündür. Çünki “milli-mənəvi restoranları” bunu tələb edir.

 

***

 

Bizim yuxarıdakı azərbaycanlı hirslənir:

 

- Acından öldüm. Bir yolunu tap, dürtül!

- Yol yoxdur, deşik tapa bilmirəm.

- Əgər dürtülməyə deşik tapa bilmirsənsə, səni bu restoranda niyə saxlayırlar?!

- Bizdə...

- Sizdə necədir, bilmirəm. Bizdə dürtülməyə deşik tapmayanların üzünə bütün darvazalar bağlıdır!

 

***

 

Təbii, hər kəsin (kəsimin) öz istiqaməti, yolu-izi, yaşatdığı (zorla-xoşla – fərqi yoxdur) dəyərlər var. Adını “milli-mənəvi” qoyaq, “milli-şəxsi-mənəvi” qoyaq, “şəxsi-mənəvi” qoyaq, lap elə mənəvisiz “milli”, “şəxsi” qoyaq – OLSUN!

 

Amma adamın ağlında ilişib qalan bir şey var – yumurta!

 

Bütün “milli” hisslərini toplayıb, lağım ata-ata gəlirsən ki, bir deşik tapıb içəri dürtüləsən... baxırsan ki, divardır! Və başlayırsan, yumurtanın başına hərlənməyə: “Mənə də, mənə də... bir deşik verin”.

Əslində, bizim “qəhrəmanlar” üçün yumurta qabığı elə də keçilməz sədd deyil, o halda ki, səndən qabaq kimsə o səddi keçməmiş olsun. Elə ki, divarın qabağına çatanda, bir nəfərlik deşikdən səndən qabaq kiminsə keçdiyini görürsən, o zaman qırğın başlayır.

 

“Mən ən böyük təəssübkeşəm, hamıdan yaxşı dürtülürəm, hamıdan çox sürtünürəm”, - deyə “milli-mənəvi etirazlar” dalğalanır.

 

Lakin nə edəsən, yumurta da aşsüzən deyil ki...

Müəllif: Tural Talehoğlu