“Ali təhsil haqqında” qanun layihəsi hazırlanır

Cəmiyyət

02.07.2019 - 16:30

Komitə sədri: “Çalışacağıq ki, həm dünya təcrübəsində olan dəyişikliklər, həm də Azərbaycan təhsilindəki yeniliklər layihədə öz əksini tapsın”

 

İyulun 2-də Milli Məclisdə “Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması məqsədilə parlamentin Elm və təhsil komitəsi üzvlərinin, Təhsil nazirliyinin təmsilçilərinin və mütəxəssislərin iştiraki ilə iclas keçirilib. AYNA xəbər verir ki, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, son dörd il ərzində komitə tərəfindən bir sıra yeni qanunların, o cümlədən “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Elm haqqında” sənədlərin qəbul edildiyini deyib.

 

“Bu qanunlar müvafiq mərhələlərlə hazırlanıb. Hazırda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması prosesinə start verilib. 2009-cu ildən sonra dünyada təhsil sistemində böyük dəyişikliklər olub. Çalışacağıq ki, həm dünya təcrübəsində olan dəyişikliklər, həm də Azərbaycan təhsilindəki yeniliklər layihədə öz əksini tapsın” – o bildirib.

 

İclasda qanun layihəsinin hazırlanması üzrə işçi qrupu yaradılıb. İşçi qrupunun sədri İsa Həbibbəyli, sədr müavinləri deputat Bəxtiyar Əliyev və Təhsil nazirinin müavini İdris İsayevdir. İşçi qrupunda deputatlar Şəmsəddin Hacıyev, Ağacan Abıyev, Kəmalə Əliyeva, Musa Qasımlı, Pərvin Kərimzadə, Asim Mollazadə, Təhsil nazirliyin mütəxəssisləri təmsil olunublar.

 

İsa Həbibbəyli bildirib ki, bu qanun Konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək: “Sənəddə ali təhsilin təşkili, bu sahənin işçilərinin attestasiyasi, müəssisələrin idarə olunması və maliyyələşdirilməsi, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələri, ali təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti və bir sıra digər məsələlər öz əksini tapacaq. Layihədə eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamlar da nəzərdə tutulub”.

 

Müzakirələr zaman çıxış edən deputatlar Bəxtiyar Əliyev, Şəmsəddin Hacıyev, Musa Qasımlı, Asim Mollazadə, Pərvin Kərimzadə, Ağacan Abıyev, Rafael Hüseynov və Təhsil nazirliyinin təmsilçiləri İdris İsayev, Yaqub Piriyev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə hazırlanacaq qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər, təkliflərini veriblər.

Müəllif: Ayna.az