Yol hərəkəti qaydalarına riayət olunması vacibdir

Cəmiyyət

15.10.2019 - 17:35

Layihənin məqsədi yol hərəkəti təhlükəsizliyinin tədrisi üzrə effektiv təbliğat kampaniyası hazırlamaq və həyata keçirməkdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Uşaq Fondu uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının tətbiqi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də oktyabrın 15-də Nizami rayonu, 61 saylı orta məktəbdə reallaşıb.

 

Uşaqların iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Uşaq Fondunun səlahiyyətli nümayəndəsi Səbinə Novruzzadə çıxış edərək bildirdi ki, uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliği günümüzün tələbidir: “Layihə, təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə yol hərəkəti qaydalarını təbliğ etmək, eləcə də uşaqlara özlərini yollarda yarana bilən təhlükələrdən necə qoruna bilmələrinin öyrədilməsindən bəhs edir. Layihə çərçivəsində müvafiq hökumət, qeyri-hökumət və digər qurumları bir araya gətirərək, onları yollarda uşaqların təhlükəsizliyi barədə məktəblərdə maarifləndirmənin artırılmasına cəlb etmək, problemin daha strukturlaşdırılmış və effektiv həlli üçün birgə fəaliyyət göstərmək, məsələni ictimaiyyətləşdirməklə ölkənin ümumi səylərinə töhfə vermək nəzərdə tutulur. Layihənin məqsədi uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliğinin kütləviləşdirilməsinə nail olmaq üçün yol hərəkəti təhlükəsizliyinin tədrisi üzrə effektiv təbliğat kampaniyası hazırlamaq və həyata keçirməkdir”.

Ayna.az