“Dövlət bu uşaqlara yardım etməlidir, onlar bizim övladlarımızdır”
“Çox çarəsiz vəziyyətdəyik. Xəstələrin, uşaqlarımızın dərmanları təcili alınmalı və müalicələri davam etməlidir”.
Bunu AYNA-ya üz tutan “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin (İB) rəhbəri Mehriban Bağırova deyib. Onun sözlərinə görə, təşkilatı və “Ayan” Xeyriyyə Qrupu bir müddətdir ki, leykemiya ilə mübarizə aparan pasiyentlərin daim istifadə etdikləri “Vincristine” tərkibli “Vinkristin” adlı və “Merkaptopturin” tərkibli “Merpurin” adlı dərman preparatlarının xəstəxana tərəfindən verilişinin dayandırılmasından və apteklərdə satışının olmamasından öz narahatçılıqlarını çatdırır.
“Qeyd edilən tərkibdəki dərmanların hər biri kimyaterapiya müalicəsində istifadə edilir və hər biri bu qrup daxil olmaqla digər qrupdan da olan onkoloji xəstələrin müalicəsində istifadə edilən əsas dərman vasitələri siyahısına daxildir. Əgər pasiyentlər yuxarıda göstərilən dərman preparatları ilə tez bir zamanda təmin edilməzsə, həyatları üçün təhlükə yarana, xəstəliklərində qayıdış baş verə bilər. Azərbaycanda sümük iliyi ilə bağlı donor bankı olmadığı üçün pasiyentlər arasında ölümlə nəticələnən çoxsaylı itkilər baş verə bilər”, - M.Bağırova bildirib.
Raminə Eyvazqızı