Moskva hərəkətə keçdi: Rusiya Üçtərəfli Birgə Bəyanatın icrasını sürətləndirəcək

Siyasət

26.03.2022 - 10:26

Analitik: “İrəvan Moskva, Ankara və Bakının qurduğu müzakirə masasında razılaşmağa məcbur olacaq”

Ötən həftənin sonuncu günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycandan olan həmkarları Ararat Mirzoyan və Ceyhun Bayramovla İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanması məsələsini müzakirə edib. Bu barədə məlumat Rusiyanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. Məlumatda bildirilib ki, Ararat Mirzoyanla müzakirə zamanı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsinə toxunulub və Rusiyanın buna hər cür töhfə verməyə hazır olduğu qeyd edilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə Bayramov arasında söhbətin məzmunu barədə Rusiya diplomatik departamentindən bildirilib ki, bir sıra regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb: “Nazirlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli sazişlərin əsas müddəalarının icra vəziyyətini, habelə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması məsələsini nəzərdən keçiriblər”.

Xatırladaq ki, son vaxtlar rəsmi Bakı və İrəvan tərəfindən sülh sazişi ilə bağlı zidiyyətli də olsa, açıqlamalarım şahidi oluruq. Məsələn, martın əvvəllərində məlum olmuşdu ki, rəsmi Bakıdan İrəvana 5 maddədən ibarət sülh paketi təqdim olunub. İrəvanın cavabında Azərbaycanın mövqeyini qane etməyən məqamlar olsa da, ümumilikdə, Ermənistan rəsmiləri tərəfindən müəyyən müsbət mesajlar verilir. Belə bir məqamda əsas vasitəçi olan Rusiyanın XİN başçısının tərəflərlə danışıq aparması hərəkətliliyin olduğuna işarədir.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran siyasi icmalçı Asif Nərimanlı deyib ki, Lavrovun Bakı və İrəvana zəngi daha çox ABŞ dövlət katibi Entoni Blinkenin hər iki paytaxta son zəngi ilə bağlıdır. Analitik hesab edir ki, Vaşinqton Moskva ilə qarşıdurma fonunda Cənubi Qafqaz üzərindən də balansı dəyişmək istəyir:

- Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun iki həmsədr ölkəsi – ABŞ və Fransa kənarda qaldı və Rusiya Türkiyənin iştirakı ilə bölgədə Qərb təsirini minumuma endirdi. ABŞ xüsusilə indi – Rusiya ilə açıq qarşıdurma mərhələsinə keçdikdən sonra Cənubi Qafqaza qayıtmaq istəyir. Ukraynada müharibəyə qədər Türkiyənin bölgədə varlığını qəbul edir və Moskva qarşısında Ankaranı balans olaraq görürdülər. Lakin Ukraynada Rusiyanın işğal hücumunun qızğın vaxtında Blinkenin Bakı və İrəvana zəng etməsi, bölgədəki vəziyyəti, xüsusilə sərhəd məsələsini müzakirə etməsi ABŞ-ın proseslərdə iştirakçı olmaq istəyindən xəbər verir. Rusiya təbii ki, bundan narahatdır və Lavrovun zəngi də Moskvanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrasına sadiqliyin yoxlanılması xarakteri daşıyır. Lavrovdan öncə isə Putin Paşinyanla telefonda razılaşmaların icrasını müzakirə etmişdi. Çünki Moskvada anlayırlar ki, razılaşmaların icrasında maraqlı olmayan tərəf Ermənistandır və İrəvan fürsət yarandığı təqdirdə prosesi poza bilər. O da aydın görünür ki, üçüncü tərəfin – Qərbin bölgəyə müdaxiləsinə imkan verməmək üçün Rusiya razılaşmaların icrasını sürətləndirəcək.

- Diplomatik danışıqların nəticəsi olaraq yay aylarında sülh sazişinin imzalanması mümkündürmü?

- Konkret vaxt demək çətindir, çünki kulislərdə nələrin müzakirə edildiyi bəlli deyil. Amma açıq mənbələrdəki məlumatlar və proseslərin inkişafı sülh sazişinin imzalanması istiqamətində addımların bir qədər sürətləndirildiyini deməyə əsas verir. Bilirik ki, rəsmi Bakı bundan öncə Ermənistana sülh sazişi üçün proqram təqdim etmişdi. Lakin İrəvan cavabı gecikdirirdi. Prezident İlham Əliyev bu ilin əvvəlində yerli telekanallara müsahibəsində dolayısı ilə Ermənistana altı ay vaxt verdi. Ardınca rəsmi Bakı sülh sazişi üçün İrəvana 5 maddədən ibarət baza prinsipləri təqdim etdi. Ermənistan tərəfinin bəyanatları bu prinsiplərə əlavələr etmək istədiklərindən xəbər verir. Böyük ehtimalla onlar Qarabağdakı ermənilərin “statusu”nu müzakirəyə daxil etmək niyyətindədirlər. Minsk Qrupuna müraciət etmələri də bundan qaynaqlanır. Lakin Ukrayna müharibəsi ilə başlanan Qərb-Rusiya qarşıdurması Minsk Qrupu formatının bir araya gəlməsini də çətinləşdirdi. Bu baxımdan, Ermənistanın müraciətinin praktiki mərhələdə işləyəcəyi sual altındadır. Burada daha çox Fransanın iştirakı mümkün görünür, hərçənd ki, bu ölkə də həmsədr kimi yox, daha çox Avropa İttifaqına sədrlik edən tərəf kimi çıxış edə bilər. Fikrimcə, İrəvan Moskva, Ankara və Bakının qurduğu müzakirə masasında razılaşmağa məcbur olacaq. Sülh sazişi ilə bağlı ilin sonuna kimi müəyyən irəliləyişin olması mümkündür. Buna qədər isə həll edilməli məsələlər var.

- Hələ heç sərhədlərin delimitasiya və demarkasiyasına başlanılmayıb. Bu halda sülhün əldə olunması necə mümkün ola bilər?

- Təbii ki, sülh sazişindən öncə həll edilməsi vacib olan ilk məsələlərdən biri də sərhədin müəyyən edilməsidir. Bununla bağlı konkret razılaşmalar var və bu razılaşmalar həm Rusiyanın masasında, həm də İrəvanın istəyinə uyğun olan Brüssel masasında əldə olunub. Biz yay aylarında delimitasiya və demarkasiya prosesinin başlanmasını görə bilərik, bu həm də ərazidə işlərin aparılması üçün uyğun hava şərtlərinin yaranması ilə bağlıdır.

- Belə fikirlər var ki, Rusiya indiki müharibə - gələcəyinin qeyri-müəyyən olması şəraitində Ermənistan-Azərbaycan arasında sülhün əldə olunmasına nail olmaq istəyir. Bununla müəyyən dünyaya güc olaraq qaldığını göstərmək, eyni zamanda, Cənubi Qafqazda qalmaq niyyətindədir. Bu fikirlərin əsası varmı?

- Məhz bu baxımdan, Rusiya Ukraynadakı müharibəyə paralel olaraq, Cənubi Qafqazda özünün vasitəçilik etdiyi razılaşmaların icrasına çalışa bilər. Çünki müharibənin nəticəsi qeyri-müəyyən olaraq qalır, hətta Rusiya istəyinə nail olsa belə, onun prosesdən güclənmiş çıxması az ehtimaldır. Rusiyanın zəifləməsi Cənubi Qafqazdakı təsir imkanlarının da zəifləməsi ilə nəticələnə, üçüncü tərəflərin bölgəyə müdaxilə imkanlarını artıra bilər. Buna görə Rusiya yaxın aylarda razılaşmaların icrasında irəliləyişə nail olmağa çalışacaq. Belə irəliləyişlərdən birincisi böyük ehtimalla 10 noyabr razılaşmasının 4-cü bəndi – erməni qoşunların Qarabağdan çıxarılması ola bilər. Çünki bu icra edilmədiyi müddətdə sərhədin müəyyən edilməsi, eləcə də, kommunikasiyanın açılması çətindir. Yəni bir ölkənin hərbi qüvvələri başqa ölkənin ərazisində olduğu halda həmin ölkələr arasında sərhədi müəyyən etmək hüquqi baxımdan mümkün deyil. Ardınca sərhəd məsələsində irəliləyiş gözləniləndir.

- Ola bilərmi ki, Kreml iki ölkəni tərəfinə çəkmək üçün sazişin tez zamanda imzalanmasına nail olsun?

- Qərblə bütün körpüləri yandıran Moskvanın Cənubi Qafqazda mövqelərini qoruması üçün başqa seçimi görünmür. Rusiya özünün vasitəçilik etdiyi razılaşmaların icrası halında “hakimliyini” davam etdirə biləcək. Azərbaycanla imzalanan Bəyannamə də Rusiya üçün daha çox lazımlı idi və Kremllə imzalanan müqavilələrin etibarlılığı həmişə şübhə doğursa da, geosiyasi proseslər bunun qarşılığında Moskvanın Bakının istəklərinə uyğun olan razılaşmaların icrasına “yaşıl işıq” yandırdığını deyə bilərik. Lakin məsələ təkcə Bakının belə istəməsi ilə yekunlaşmır, Rusiyanın marağına uyğun olmasa, Moskva buna getməzdi. Xüsusilə Rusiya və Türkiyənin bölgənin siyasi arxitekturasını birgə həyata keçirmək planları Kreml üçün indi heç olmadığı qədər vacibdir. Ankara Moskvanın həm siyasi, həm iqtisadi baxımdan təklənməməsinin, həm də Qərblə müəyyən körpülərin saxlanılmasında əsas tərəf kimi görünür. Bütün bunlara nəzər yetirdikdə, Rusiyanın bölgədəki razılaşmaların icrasını sürətləndirəcəyini deyə bilərik. Lakin  bu, hələ sülh sazişi demək deyil. Fikrimcə, Rusiya kommunikasiyanın açılmasına nail olmadığı müddətdə sülh sazişinin müzakirə masasında qalmasında maraqlıdır, çünki bölgədə rusların qazanacağı əsas amillərdən biri iqtisadi əlaqələrin bərpasıdır. O baxımdan, il ərzində həm 10 noyabr razılaşmasının icrasında irəliləyiş görə bilərik - xüsusilə də, 4-cü bəndin icrasında, sərhəd və kommunikasiyanın açılmasında. Sülh sazişi bunlara paralel şəkildə müzakirə ediləcək.

Müəllif: Anar Bayramoğlu