Məktəblərdə işə qəbul üzrə müsahibədə 115 namizəd iştirak edib

Xəbərlər

26.01.2023 - 10:44

Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır

Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib. Test imtahanının nəticələrinə əsasən, müvafiq balı toplamış 115 namizəd müsabiqənin şifahi müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır. Müsahibə proqramına “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları, təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları daxildir.

Həmçinin proqramda Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrləri, ümumi təhsil müəssisələrinin idarə olunması, məktəbdənkənar təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir təhsil proqramları, sanitar-gigiyena, yanğından mühafizə norma və qaydaları, fəal təlim metodları, sosial-psixoloji ünsiyyət metodları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və digər mövzular yer alıb.

Müəllif: Ayna.az