Güclü külək səbəbindən Dövlət Dəniz Agentliyi gücləndirilmiş iş rejiminə keçdi

Xəbərlər

07.10.2019 - 11:03

Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib

 

Xəzər Dəniz Akvatoriyasında oktyabrın 7-si səhər saat 9:00-dan axşam saat 21:00 – dək Şimal Qərb, Şimal küləyinin sürəti 13 – 18 metr saniyə, arabir 20 – 23 metr saniyə olacaq. Sonrakı inkişafda küləyin sürəti isə 25 – 30 metr saniyəyədək güclənəcək. Dalğanın hündürlüyü 2,5 – 3,5 metr, sonrakı inkişafda 3,5 – 5,5 metr olacaq. Axşama doğru küləyin sürətinin azalacağı gözlənilir.

 

Bu barədə AYNA-ya Dövlət Dəniz Agentliyindən məlumat verilib. Məlumatda qeyd olunub ki, epartamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə xəbərdarlıq daxil olub.

 

Qeyd olunub ki, hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.

 

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

 

Növbə çəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırlıb. Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.

Müəllif: Ayna.az