Rusiya bunu Putinə sui-qəsd adlandırıb: cavab tədbirləri görüləcək
Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı (PUA) ilə Rusiya Prezidentinin Kremldəki iqamətgahına zərbə endirməyə cəhd göstərib. AYNA xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yerləşdirilib.
Qeyd edilib ki, PUA-lar hərbçilər və kəşfiyyatçılar tərəfindən zərərsizləşdirilib.
“Radar döyüş sistemlərindən istifadə etməklə PUA-lar sıradan çıxarılıb”, - deyə məlumatda vurğulanıb.
Kremldən bildirilib ki, Rusiya Prezidentinin iqamətgahına hücum planlaşdırılan terror aktıdır: “Biz bu hərəkətləri Qələbə Günü, xarici qonaqların da iştirakı nəzərdə tutulan 9 may paradı ərəfəsində həyata keçirilən planlaşdırılmış terror aktı və Prezidentin həyatına qəsd kimi qiymətləndiririk”.
Rusiya Prezidenti PUA-ların hücumu zamanı xəsarət almayıb.
Dövlət başçısının Mətbuat Xidməti hadisənin onun iş qrafikinə də təsir etmədiyini açıqlayıb.
Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Prezident hücum zamanı Kremldə olmayıb.
“Rusiya tərəfi lazım bildiyi yerdə və nə vaxt cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, - deyə Kremldən bildirilib.
