Kreml: Rusiya qoşunlarını Zaporojye AES-dən çıxarmaq niyyətində deyil

Dünya

28.11.2022 - 16:03

Peskov: “AES-in yerləşdiyi Enerqodarın hakimiyyəti də stansiyanı tərk etməyi planlaşdırmır”

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin onuncu ayında təcavüzkar ölkənin prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki,

“Rusiya Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisindən qoşunlarını çıxarmaq niyyətində deyil”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, qoşunların stansiyadan çıxarılmasına dair heç bir əlamət yoxdur: “AES-in yerləşdiyi Enerqodarın hakimiyyəti də stansiyanı tərk etməyi planlaşdırmır”.

"Son vaxtlar Kiyevin nəzarətində olan KİV-lər Rusiyanın guya Enerqodardan çıxmağı və AES-i tərk etməyi planlaşdırdığı haqda saxta məlumatları fəal şəkildə yayır. Bu məlumat doğru deyil", - Enerqorodun işğalçı "administrasiyasının" “Telegram” kanalında deyilir.

Həmçinin bildirilib ki, noyabrın 25-də “Rosenerqoatom” rəhbərliyi Zaporojye AES üçün ehtiyat enerji təchizatı mənbəyinin yaradılması planlarını və stansiyanın iki enerji blokunun Enerqodarın istiliklə təchizatı rejiminə keçirilməsinə başlandığını elan edib.

Qeyd edək ki, 2022-ci ilin martından AES və peyk şəhəri Enerqodar rusların işğalı altındadır. Sentyabr ayında MAQATE missiyasının ekspertləri stansiyaya gəliblər. Onun baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasına orada təhlükəsizlik və mühafizə zonası yaratmağı təklif edib.

Oktyabr ayında Rusiya prezidenti Vladimir Putin Zaporojye atom elektrik stansiyasının mənimsənilməsi haqqında “fərman” verib.

Noyabrın 27-də Ukrayna “Enerqoatom”un prezidenti Pyotr Kotin işğalçı qoşunların AES ərazisini tərk etməyə hazırlaşa biləcəyini açıqlayıb.

Müəllif: Ayna.az