Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən qadın: “İlk 7-8 gün çox ağır olur”

Cəmiyyət

23.04.2020 - 17:10

“Bizim insanlar bəzi xəstəliklərlə bağlı başqalarını ittiham etməyi, damğalamağı sevirlər”

 

Azərbaycanda bu günə qədər xeyli sayda insan koronavirus səbəbindən və ya şübhəli qismində, profilaktik məqsədlə ölkə xəstəxanlarında müalicə alıb. Həmin pasiyentlərdən olan Cəmalə Nəbiyeva yaşadıqlarını AYNA-ya danışıb.

 

- Həkimə müraciət edənə qədər nə kimi şikayətiniz olub?

 

- Bir neçə gün idi ki, özümü narahat hiss edirdim. Covid-19-la bağlı da daim xəbərləri izləyirdim, özüm təhlükəsizlik, gigiyenik tədbirlərə də əməl edirdim. Amma özümdə öskürək və ya virusla bağlı hər hansı əlamətləri hiss etmirdim. Heç xəstəxanaya gedənə qədər, orda olduğum müddətdə, ümumiyyətlə yüksək temperaturum da olmayıb. Sadəcə sümüklərim ağrıyırdı, bir də halsızlıq vardı. Əvvəlki illərdə də yaz aylarında belə narahatlığım olurdu, müalicə etdirirdim mütəmadi. Amma evdə müalicə olunsam da, yaxınlarımın məsləhəti ilə Təcili Tibbi Yardım Xidmətinə müraciət etdim. Təcili yardım briqadası gəldi, narahatlığıma son qoymaq üçün ağız boşluğumdan yaxma götürüldü. İki gün sonra yenidən analiz cavabım üçün Təcili Tibbi Yardıma müraciət etdim. Bu dəfə gələn həkimlər mənim xəstəxana şəraitində müalicə almağımı və təcili tibb müəsisəsinə getməyimi tövsiyə etdilər. Etiraz etmədim və xəstəxanya getdim.

 

- Virus daşıyıcısı olduğunuzu dedilərmi sizə? Diaqnoz nə qoyuldu?

 

- Virusla bağlı o qədər xəbərləri izləyirdim ki, ilk vaxt bir az təşvişə düşdüm. Xəstəxanaya gələndə, xüsusi geyimdə həkimləri görəndə təbii ki, adamı vahimə basır. Sonradan həkimlər - Vüsalə doktorun, Süleyman doktorun, Şəhla doktorun anlayışlı müansibətləri sayəsində vəziyyətin bütün hallarda ciddi olduğunu anladım. Mənim aktiv virus daşıyıcısı və ağır xəstə olmadığımı dedilər. Diaqnozum sağtərəfli pnevmaniya kimi qeyd olunub.

 

- Neçə gün xəstəxanada qaldınız?

 

- Xəstəxanada ilkin olaraq 14 gün karantin tədbiri kimi qalmalı idim. Sonra daha 7 gün əlavə olundu. Həkimlər tam sağalmağım üçün müalicəyə cəlb etdilər məni. Bütün xəstələr kimi vəziyyətimiz daim nəzarətdə idi.

 

- Bu müddət ərzində 4 divar arasında qalmaq necə bir hissdir?

 

- İlk 7-8 gün çox ağır oldu. Hətta, xəstəxana yeməklərini yeyə bilmədim, depressiyaya düşmüşdüm. Amma həkimlərimiz bunu da anlayışla qarşılayırdılar. Kaprizlərimizi anlayırdılar, çünki qonşu otaqlarda daha ağır xəstələrin olduğunu bilirdim. Öskürək səsləri gəlirdi. Xəstəxana həm də, elə bil, dərs olur insana. Doğmalarının qiymətini, zamanın dəyərini daha yaxşı anlamaq olur. Zarafat deyil, 21 gün tək otaqda qalmaq. Yalnız həkimləri, tibb işçilərini görürsən. Onları da, sadəcə səsindən ayırmaq olur, geyimləri eynidir. Yenə internet, telefon olmasa, adam havalanar da. Hər halda, bir sınaq olur insan üçün. Tədricən, 10-cu gündən sonra vəziyyəti qəbul edirsən.

 

- Sizi xəstəxanaya aparanda evdəkiləri də karantinə aldılar?

 

- Tək oğlumla yaşayıram. O da yetkin yaşına çatıb. Ona məsləhət görüldü ki, ev karantinində qalsın. Şükür, o da bu müddət ərzində qaydalara əməl etdi, sağlamdır. Heç bir problemi yoxdur.

 

- Bəs xəstəxanadan çıxanda nə deyildi sizə, hansı həkim məsləhəti oldu?

 

- Bu sual məni də düşündürürdü. Çünki bu virus barədə o qədər “təhlükəlidir” deyə danışırlar ki, fikirləşirsən, xəstəxanadan çıxanda ətrafda bunu bilənlər birtəhər baxacaqlar. Bilirsiz də, bizim insanlar bəzi xəstəliklərlə bağlı başqalarını ittiham etməyi, damğalamağı (stiqma - red.) sevirlər. Elə evə qayıdanda da həkimimə o sualı verdim ki, mənim vəziyyətim ətraf üçün təhlükəli ola bilərmi. Qohumların, doğmaların mənə qarşı ürəklərində xal qalmaması üçün. Həkim dedi ki, “sənin vəziyyət ağır deyil, yüngül keçirmisən və tam müalicəni almısan, sadəcə özünü 2 həftə ərzində evdə təcrid etməlisən”. Ətraf üçün yox, özüm üçün bunu etməliyəm. Çünki yenicə müalicədən çıxmışam, bədən zəifləyib, necə deyərlər, dərmanların təsiri hələ bədənimdədir. Bir sözlə, özümü qorumalıyam.

Müəllif: Raminə Eyvazqızı