Tokayev qanunları imzalayıb
Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev yeni ali dövlət qurumlarının yaradılmasını nəzərdə tutan "Qazaxıstan Respublikasının Qurultayı və onun deputatlarının statusu haqqında" və "Qazaxıstan Xalq Şurası haqqında" konstitusiya qanunlarını imzalayıb.
AYNA.AZ qazax mediasına istinadən bildirir ki, Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, Qurultay ölkədə qanunvericilik hakimiyyətini həyata keçirən ən yüksək nümayəndəli orqana çevriləcək. Yeni birpalatalı parlament partiya siyahıları ilə beş illik müddətə seçilən 145 deputatdan ibarət olacaq.
Konstitusiya qanunu Qurultayın təşkilini və fəaliyyətini, qanunvericilik prosesini, eləcə də deputatların hüquqi statusunu və parlament səlahiyyətlərinin həyata keçirilməsinin digər formalarını müəyyən edir.
Eyni zamanda, Tokayev Qazaxıstan Xalq Şurasının yaradılması haqqında qanunu imzalayıb. Yeni qurum ən yüksək məsləhətçi qurum statusuna malik olacaq və ölkənin daxili siyasətinin formalaşmasında milli dialoqu və vətəndaş cəmiyyətinin iştirakını təmin etmək üçün yaradılıb.
Sənədə əsasən, Xalq Şurasına qanunvericilik təşəbbüsü hüququ və ümumxalq referendumunun keçirilməsini təklif etmək imkanı da daxil olmaqla geniş səlahiyyətlər verilir.