Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının mediada, həmçinin, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) ciddi islahatlar aparılması barədə çağırışlarına millət vəkilləri və Azərbaycanın nüfuzlu media nümayəndələri də qoşulub. AYNA xəbər verir ki, onlar demokrat.az-a açıqlama verərək, millət vəkilinin media sahəsində islahatların aparılması barədə fikirlərini dəstəkləyiblər.
Jurnalistikanın İnkişafına Yardım Fondunun rəhbəri, professor Qulu Məhərrəmli bildirib ki, KİVDF Azərbaycanda ictimai fikrə təsir imkanları olmayan və oxunmayan qəzetlərə maliyyə yardımları ayırır:
"Bu barədə bizim dəfələrlə fikirlərimiz olub. Bu gün də hesab edirəm ki, depuat Fəzail Ağamalı KİVDF ilə bağlı söylədiyi fikirlərində tamamilə haqlı və obyektiv danışır. Bu həqiqəti bütün həmkarlarımız da qəbul etməlidirlər. Yəni, KİVDF-nin dövlət vəsaitlərini heç kəsin oxumadığı qəzetlərə ayırması faktdır. Həmin qəzet baş redaktorları öz redaksiyalarında oturub, kənarı görmürlər. Aydındır ki, onlar müəyyən tapşırıqlar alırlar. Amma bu cəmiyyəti ifadə etmək baxımından həmin qəzetlərin heç bir dəyəri, oxucu kütləsi yoxdur. Bu cür qəzetlərə maliyyə ayırmaq dövlət vəsaitinin çölə atılması deməkdir. Bu vəsaitlər yalnız 5-10 nəfərin problemini həll edir, amma media siyasətinin lazımı səviyyəyə qalxmasına kömək etmir. Bütün bunlara görə də mən deputat Fəzail Ağamalının fikirlərini çox haqlı sayıram, onu dəstəkləyirəm".
Professor qeyd edib ki, bu cür sağlam tənqidi dinləmək, reallıqları görmək və ondan nəticə çıxartmaq lazımdır:
"Əgər doğrudan da onların dediyi kimi bizim oxunaqlı qəzetlərimiz olsaydı, o zaman sosial şəbəkələr niyə bu qədər populyar olurdu? KİVDF-dən pul alan hansı qəzet ictimai problemləri qaldırır, araşdırmalar aparır, ictimaiyyəti özünə cəlb edir?! Bu gün həmin qəzetlərdə bu yoxdur, onlar sadəcə olaraq mədhiyyələr yazırlar, ona görə də həmin qəzetləri heç kəs oxumur. Bu gün həmin qəzetlərin tirajlarına və satış səviyyəsinə baxsanız, nə qədər biabırçılıqların olduğunu görəcəksiniz. Hesab edirəm ki, haqlı tənqidləri bu cür qalxanla qarşılamaq olmaz. Əksinə, ondan nəticə çıxarmaq lazımdır. Bu gün Azərbaycanda müsbətə doğru proseslər gedir. İnanıram ki, bu proseslər media sahəsinə də təsir edəcək. Çünki bizim mediamız indi iflic vəziyyətindədir. Onu bu vəziyyətdən çıxarmaq üçün yüksək peşəkarlıq və media prinsiplərinə əməl etmək lazımdır".
Milli Məclisin deputatı, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov da həmkarını müdafiə edib. O, deyib ki, deputat Fəzail Ağamalı fikirlərində tam haqlıdır:
"Cənab Prezidentin başlatdığı islahatlar bütün sahələri əhatə edəcək. Ölkə başçısı son müşavirədə medianın vəziyyətinin qənaətbəxş olmadığını dilə gətirdi. Çox təəssüf ki, media sahəsində müsbət imicə malik olmayan şəxslər hələ qalmaqdadır. Onlar bu cəmiyyətə örnək ola bilməzlər. Mediamız da sağlamlaşdırılmalıdır. Biz deputatlar isə hər zaman həqiqəti yazan, Prezidentin və dövlətçiliyin yanında olan jurnalistlərin yanındayıq".
Deputat vurğulayıb ki, KİVDF cəmiyyətdə nüfuzu və yüksək oxucusu olan media orqanlarına dəstək verməlidir:
"Çox təəssüf ki, bu gün cənab Prezidentin rəhbərliyi altında Azərbaycanda görülən böyük işlər lazımi səviyyədə insanlara təqdim oluna bilmir. Bu problemlər aradan qaldırılmalıdır, mediamız cavanlaşmalıdır. Bu baxımdan hesab edirəm ki, deputat Fəzail Ağamalı öz fikirlərində tam haqlıdır. Biz nə deyirik? İstəyirik ki, Azərbaycanda bütün sahələrdə yeniliklər olsun, inkişaf etsin. Cənab Prezidentimiz də bunu istəyir".
"Strateq.az" onlayn internet qəzetinin baş redaktoru, politoloq Elxan Şükürlü də KİVDF-nin fəaliyyətini tənqidf edib.
O təklif edib ki, KİVDF və Mətbuat Şurası birləşdirilərək, vahid dövlət qurumu yaradılmalıdır:
"Kimin nə deməsindən asılı olmayaraq, görünən odur ki, hökumətin ibu dövrə qədər olan informasiya-təbliğat siyasəti tamamilə çöküb. Hətta Prezident belə, bir neçə dəfə mətbuat sektorundakı problemləri qabardırsa, gördüyü işlərin media vasitəsi ilə sabotaj edildiyindən şikayətlənirsə, bu, artıq hər şeyi ifadə edir. Xatırlayırsınızsa, mən hələ 2016-cı ildə “Azərbaycan mətbuatı: islahatlara daha çox ehtiyacı olan “dördüncü hakimiyyət...”” adlı geniş bir məqalə də yazmışdım və bu sektordakı problemləri göstərməklə yanaşı, xüsusi vurğulamışdım ki, ölkədə başlayacaq islahatların cəmiyyətə doğru-dürüst təqdimatı üçün, ilk növbədə, mövcud media siyasəti dəyişməli, media sağlamlaşdırılmalı və islahat dövrünə hazırlanmalıdır. Ancaq edilmədi və bu da nəticəsi...
Mən ölkənin qarşısında duran hədəfləri nəzərə alaraq, mediaya dövlət nəzarətinin olmasını vacib şərt sayıram. Hesab edirəm ki, mediaya rəsmi və ya qeyri-rəsmi nəzarət edən qurumlar – KİVDF və Mətbuat Şurası birləşdirilməli, vahid bir dövlət qurumu yaradılmalı və onun başına da media işini mükəmməl bilən tamahsız, dövlətin ayırdığı vəsaitə göz dikməyəcək, dövlət maraqlarını oliqarxiyanın maraqlarına satmayacaq dürüst, vicdanlı, məsuliyyətli və ədalətli bir şəxs gətirilməli, ondan sonra bu sahədə düzən, qayda yaradılmalıdır".
Baş redaktor deputat Fəzail Ağamalının KİVDF-nin fəaliyyəti haqqında söylədiyi fikirlərə də dəstək verib:
"Fəzail Ağamalının KİVDF haqqında söylədiklərinə gəldikdə, o hələ çox az və eşitdiklərini deyib, bu sektordan nə bilir ki?! Biz iki “Jurnalist binası”nın tikintisində və bölüşdürülməsində, eləcə də jurnalistlər üçn keçirilən yazı müsabiqələrində bu qurumun hansı hoqqalardan çıxdığını çox yaxşı bilirik. Ömründə bir yazı yaza bilməyən savadsız, dövləti təfəkkürdən tamamilə uzaq bir adamı, qəzetsatanı gətirib qoyublar mühüm bir dövlət qurumunun başına, o da buranı öz şəxsi ticrət obyekti sayır. Belə bir adam nə bilir informasiya siyasəti nədir, jurnalistika nədir? Əlbəttə, buraya ayrılan dövlət vəsaitinin təyinatı üzrə xərclənib-xərclənmədiyi ciddi şəkildə yoxlanmalıdır. Təsəvvür edin, iki binada yerləşən jurnalistlərin əksəriyyəti evlərini söküb, təzədən təmirə başlayıblar, çünki tamamilə keyfiyyətsiz materiallardan tikilib. Jurnalistlərin çoxu qorxur deyə, yazmırlar. Ancaq bir maraqlananın, görün, o iki binanın tikintisinə nə qədər vəsait ayrılıb, onun nə qədəri tikintiyə sərf olunub, binalara mal-materiallar haradan gətirilib və hansı qiymətlərə, gətirən şirkətlər kimlərə məxsusdur, o iki binaya sərf olunan məbləğə digər şirkətlər neçə bina tikərdi? Mən hələ qəzetlər üzərində qurulan maliyyə maxinasiyalarını qoyuram bir kənara...”.