İlham Əliyev Ramiz Mehdiyevlə bağlı daha iki qərar verib

Xəbərlər

23.10.2019 - 16:48

Ramiz Ənvər oğlu Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib

 

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı yeni sərəncam verib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncam deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilsin”.

 

Bundan başqa, İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilsin”.

 

Xatırladaq ki, bu gün Prezidentin sərəncamı ilə Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

Müəllif: Ayna.az