"İdxalın 12%-lik ucuzlaşması pərakəndə qiymətlərə hətta 1% belə təsir eləmir"
2019-cu il üzrə xarici ticarət statistikası açıqlanıb. AYNA xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev statistikada diqqət çəkən bəzi məqamları şərh edib
"2019-cu ildə ölkə ixracının 88%-ni 15 ölkə formalaşdırıb, əvvəlki il həmin göstərici 84% olmuşdur. Bu, o deməkdir ki, ixracın coğrafi konsentrasiyası artıb və bu mənfi tendensiyadır.
İxracımızdakı ilk 15 ölkənin tərkibində də dəyişiklik baş verib - Tayvan, Ukrayna və İndoneziya 15-liyi tərk edib, onları Çin, Britaniya və Tailand əvəzləyib. İlk 3-lük dəyişməyib - İtaliya, Türkiyə və İsrail", - ekspert qeyd edib.
İqtisadçının sözlərinə görə, ixracın cəmi 10%-i qeyri-neft sektorunun hesabına olub: "90% neft qaz sektorudur. 2019-cu ildə xam neftin orta ixrac qiyməti hət ton üçün 480 dollar olub - əvvəlki ildə 532 dollar olmuşdu.Təbii qazın hər tonunun ixrac qiyməti hər 1000 kub üçün 189 dollar olub - ötən ildə, təxminən bu qədər olmuşdur. Qaz ixracında natural ifadədə 50%-ə yaxın artım var. Qeyri-neft ixracında 260 mln. dollardan bir qədər çox artım var və bu artıma əsasən meyvə-tərəvəz və pambıq ixracında böyümə təsir edib".
R.Ağayev qeyd edib ki, idxalımızın 80%-i 15 ölkənin payına düşüb: "İdaxlımızdakı ilk 15 ölkənin tərkibində də dəyişiklik baş verib - C. Koreya və Qazaxıstan 15-liyi tərk edib, onları Kanada və Avstraliya əvəzləyib. İdxalımızın, əsasən, 15 ölkə hesabına formalaşması onu göstərir ki, manatın real effektiv məzənnəsi yalnız bu ölkələrin real məzənnəsinin (valyutasının nominal məzənnəsi+inflyasiya tempi) təsiri altındadır. Qida məhsullarının idxalı kəskin artıb - 20%. Bu məhsulların idaxlda payı 12%-ə çatıb. Buğda idxalımızda natural ölçüdə 50%-ə yaxın artım var - 1.1 mln. tondan 1.6 mln. tona çatıb. Üstəlik, 2018-də buğdanın hər tonu 190 dollara idxal edilmişdi, 2019-da bahalanaraq 214 dollara çatıb - 13%-lik bahalanma".
"Kərə yağının idxal qiyməti diqqətimi çəkdi - 2019-da orta idxal qiyməti 5.1 dollar olub, amma 2018-də 5.8 dollar olmuşdu. Az qala 12%-lik bir ucuzlaşma var. Amma Statkomun pərakəndə qiymətlərlə bağlı məlumatlarına baxıram, market və bazarlarda 2019-cu il ərzində idxal olunan kərə yağının pərakəndə satış qiymətində, demək olar ucuzlaşma baş verməyib - cəmi 1%-ə yaxın enmə görsənir. Burdan hansı nəticəni çıxarmaq olar? Mənə görə, kərə yağı idxalının topdansatış və idxalında inhisar təsiri güclü olduğuna görə idxalın 12%-lik ucuzlaşması pərakəndə qiymətlərə, hətta 1% belə təsir eləmir", - ekpsert vurğulayıb.