Ölkə əhalisinin 76 faizi özəl sektorda çalışır

İqtisadiyyat

17.12.2019 - 14:27

Məmməd Musayev: Azərbaycanda 2019-cu ilin 10 ayı ərzində əsas kapitala yönəldilmiş 11,4 milyard manat vəsaitin 63 faizi qeyri-neft qaz sektoruna yönəldilib

 

“2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 65,4 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilib”.

 

AYNA xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASTMK) prezidenti Məmməd Musayev, bu gün keçirilən konfransdakı çıxışı zamanı deyib. O bildirib ki, BMT Baş Assambleyasının 2015-ci il 25 sentyabr tarixli qətnaməsi ilə növbəti 15 il müddətinə insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığının təmin edilməsinə təkan verəcək, 17 məqsəd və 169 hədəfdən ibarət  “Gündəlik 2030” təsdiq edilib.

 

“Ötən ay Hindistanın Dehli şəhərində keçirilmiş Kənd Təsərrüfatının Maliyyələşdirilməsi üzrə 6-cı Dünya Konqresində 2030-cu ilədək aclıq təhlükəsini aradan qaldırmaq üçün kənd təsərrüfatına maliyyə yardımları təşəbbüslərinə dəstək verilməsi məsələsi müzakirə olunub. Həmçinin kənd təsərrüfatının maliyyələşməsi ilə məşğul olan banklar, bank olmayan kredit təşkilatları, mikro-maliyyə və digər təşkilatlarının rolunu artırmaq, habelə onlar üçün müvafiq şərait yaratmaq vacib hesab edilib”, - Musayev vurğulayıb.

 

Konfederasiya prezidenti əlavə edib ki, iqtisadiyyatın neft amilindən asılılığının aradan qaldırılması ilə bağlı tədbirlər sırasında kənd təsərrüfatı mühüm yer tutur: “Bu il iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 % artıb. Əlavə dəyərin 6,2 %-i məhz kənd təsərrüfatının payına düşür. 2019-cu ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının faktiki qiymətlərlə dəyəri 6.9 milyard manat təşkil edib ki, onun da 3,4 milyard manatı heyvandarlıq, 3,5 milyard manatı isə bitkiçilik məhsullarının payına düşür. 2019-cu ilin 10 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulu ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 %, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,4 %, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 % artıb”.

 

“Azərbaycanda 2019-cu ilin 10 ayı ərzində əsas kapitala yönəldilmiş 11,4 milyard manat vəsaitin 63% və ya 7,2 milyard manatı qeyri-neft qaz sektoruna yönəldilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artım deməkdir. Hazırda Azərbaycanda özəl sektorun ÜDM-də payı 84%-ə çatıb. Respublikada məşğul əhalinin 76%-i özəl sektorda çalışır. Hazırda ölkə üzrə 142 min müəssisə və ya təşkilatın 91.4%-i və ya 130 mini məhz özəl sektorun payına düşür”, - M.Musayev diqqətə çatdırıb.

Müəllif: Raminə Eyvazqızı