Jurnalistdən Prezidentə açıq məktub: “Bu məsələyə kim baxmalıdır, kim həll etməlidir?”

Cəmiyyət

03.08.2023 - 11:26

Bəxtiyar Məmmədli: “Uzun illər etdiyimiz müraciətlərə dövlət qurumları ötür-ötür oyunu ilə yola veriblər”

Jurnalist Bəxtiyar Məmmədli Prezident İlham Əliyevə açıq məktub ünvanlayıb. AYNA xəbər verir ki, “Cənab Ali Baş Komandan, heç vaxt belə bir açıq məktub yazmağı arzulamamışam. Amma son bir ildə Sizə ünvanlanan məktublara aidiyyatı dövlət qurumlarının reaksiya verməməsi və qeyri-adekvat reaksiya verməsi məni buna məcbur etdi”, deyən B.Məmmədli məktubunda  əvvəlcə qeyd edib ki, atası Məmmədov Feruz Heydər oğlu 1992-ci il may ayının 8-də Şuşanın müdafiəsi zamanı şəhid olub: “Bu günə qədər ziyarət edəcəyimiz qəbri belə yoxdur. Eləcə də dayım Məmmədov İlham Allahyar oğlu Ağdamın Fərrux kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. 1992-ci ildən Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən “Rabitəçi” sağlamlıq düşərgəsində məskunlaşmışıq. Dəfələrlə anam mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Sizə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib. Eləcə də, özüm son bir ildə Jurnalistlər üçün tikilmiş bina ilə bağlı ard-arda müraciət etmişəm.

Cənab Prezident, xatırlatmanı ona görə etdim ki, əslində məsələnin mahiyyətini Sizə çatdıra bilim. Məsələ ondan ibarətdir ki, uzun illər etdiyimiz müraciətlərə dövlət qurumları ötür-ötür oyunu ilə yola veriblər. İllər öncə və elə bir müddət əvvəl ev problemi ilə bağlı Sizə etdiyimiz müraciətə cavab verilməsi üçün həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həm də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yönləndirilib. ƏƏSMN cavabı bu olub ki, sizin məcburi köçkün statusunuz olduğu üçün məsələyə "Qaçqınkom" baxmalıdır. "Qaçqınkom"un cavabı isə belədir ki, balansımızda ev yoxdur. Bəs bu məsələyə kim baxmalıdır, kim həll etməlidir?”.  

Jurnalist qeyd edib ki, uzun illər mətbuatda çalışdığını media cameəsinin böyük əksəriyyəti bilir: “Elə Prezident Administrasiyasında medianı kurasiya edənlər də, amma jurnalistlər üçün Bakıda tikilmiş 3-cü binanın jurnalistlərə verilməsi üçün etdiyimiz müraciətlərə ümumiyyətlə reaksiya verilmir. Etdiyimiz müraciətə cavab yoxdur. Bəs bunun nəticəsi nə vaxt olacaq? Kimlərinsə arasında gedən “dava”dan, öz adıma deyirəm, niyə dövlətinə, millətinə bağlı olan, atasının, dayısının qanı bu torpağa tökülən qələm sahibləri əziyyət çəkməlidir?”

“Hörmətli Prezident, bütün bunları ona görə xatırlatdım ki, bizim Vətən torpağında yaşayacaq bir evimiz belə yoxdur? 30 ilə yaxın bir müddətdə pansionatların kifli otaqlarına məhkum edilmiş, 2-ci qrup əlil 72 yaşlı anamın normal şəraitli evdə yaşamaq haqqı yoxdurmu? ƏƏSMN tərəfindən ailəmə hansı mənzili, evi verib, xəbərimiz yoxdur. Ümumiyyətlə, ƏƏSMN “23 yaşından sonra şəhid ailəsi üzvü hesab edilmirsiniz” deməsi hansı ailə dəyərlərinə uyğundur? Cənab Ali Baş Komandan Ulu Öndər Heydər Əliyev haqq dünyasına qovuşana qədər sizə diqqət və qayğı göstərməyibmi? Bu tək sizinlə bağlı məsələ də deyil, bu Azərbaycan ailə dəyərlərinin ən vacib elementidir. Mənim atam da sağ olsaydı, o da mənə diqqət və qayğı göstərərdi. Lakin o 51 yaşında Vətənə borcunu verəndə heç vaxt onun ailə üzvlərinə qarşı münasibətin belə olacağını ağlının ucundan belə keçirməzdi. İndi onun ailəsinə qarşı dövlət babanın “23 yaş həddi”nin şərt kimi qoyması, çətin şəraitdə yaşaması hansı məntiqə sığır? Axı dövlət qurumları tərəfindən I və II Qarabağ müharibəsi şəhid ailələri, qaziləri arasında ayrıseçkilik eləmək hansı ağlın məhsuldur? ƏƏSMN-nin timsalında Vətəninə, millətinə, Ali Baş Komandanına sadiq olan şəhid ailələrini Sizdən narazı salmağa cəhd edənlərin məqsədi nədir?”, - deyə jurnalist məktubunu tamamlayıb.

Müəllif: Ayna.az