"Birdən çox evi olana mənzil satılmasın, artıq mənzili əlindən alınsın"

Cəmiyyət

20.09.2019 - 19:05

Ramil Osmanlı: "Birdəfəlik bilməliyik ki, bu, sosial ev layihəsi deyil, kommersiya layihəsidir"

 

Bir müddət öncə camaat sevincək oldu ki, bəs, evsizlər üçün də gün doğacaq. Yəni, ev almaq imkanı olmayan vətəndaşlar güzəştli mənzillərə sahib ola biləcəklər. Mənzil almaq imkanı və imtiyazları olmayan, gəlirləri orta və ortadan aşağı olan insanlar üçün nəzərdə tutulmuş həmin mənzillər isə “sosial evlər” adlandırıldı.  

 

Təəssüflər olsun ki, insanların bu sevinci uzun sürmədi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksindəki mənzillərin satışı zamanı baş verənlər sosial evlərlə bağlı ümidləri suya düşürdü. Həqiqətən də mənzilə ehtiyacı olan şəxlər bir kənarda qaldı, güzəştli evlərə də “pullu əmilər” sahibləndi.

 

Bu gün isə əmlak satışı və kirayəsi ilə məşğul olan internet səhifələrində həmin sosial evlər yüksək məbləğə kirayə təklif edilir. Yəni həmin sosial evlər artıq kommersiya evlərinə çevrilib. Yasamal Yaşayış Kompleksində ev ala bilməyənlərin artıq ikinci layihədən – Hövsan Yaşayış Kompleksində mənzil sahibi olacaqlarına ümidləri qalmayıb.  

 

Maraqlıdır, ekspertlər, həmçinin vətəndaşların özləri sosial evlərin kommersiya evlərinə çevrilməsinin qarşısının alınması üçün nələr təklif edirlər? Necə etmək olar ki, güzəştli evləri həqiqətən də mənzilə ehtiyacı olan vətəndaşlar ala bilsin? Bu məsələyə AYNA tutmağa çalışdıq.

Картинки по запросу Vüqar Bayramov

İqtisadçı-ekspert Vüqar Bayramov təklif edir ki, əvvəlcə evi olan şəxslərin sosial evlərə müraciəti məhdudlaşdırılmalıdır: “Sosial evlər evi olana deyil, olmayana təklif olunmalıdır. Burada təkcə müraciət edənin deyil, ailə üzvlərinin də adına mənzil olub-olmamasına baxılmalıdır. İkincisi, qanunvericiliklə Agentliyə mənzilləri təyinatı üzrə istifadəyə nəzarət hüququ verilməlidir. Doğrudur, mənzildən necə istifadə etmək ev sahibinin hüququdur. Amma nəzərə almaq lazımdır ki, sosial evlər dövlət vəsaiti hesabına inşa edilir və evlərə sahiblik məsələsində sosial ədalət əsas prioritet olaraq qalmalıdır”.

 

Əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı isə AYNA-ya açıqlamasında bildirib ki, sözügedən evlər sosial mənzil layihəsi deyil: “Bunu kütləvi informasiya vasitələri də, vətəndaşlar da, biz də birdəfəlik bilməliyik ki, bu, kommersiya layihəsidir, ucuz ev layihəsidir. Sadəcə Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə vətəndaşlara ərazi üzrə analoji bazar qiymətlərindən aşağı qiymətə təklif edirlər. Burada fərq yalnız ondan ibarətdir ki, bu evlər hamı üçün əlçatan deyil, ancaq dövlətin müəyyən etdiyi müəyyən kateqoriyaya aid insanlar bu layihədən yararlana bilərlər. Dövlət bunu pulsuz şəkildə ayrı-ayrı sosial qruplara versəydi, o zaman sosial layihə olardı. Dövlət bu evləri güzəştli ipoteka formasında, endirimli qiymətlərlə satır. Ortada alqı-satqı predmeti var. Bunu birdəfəlik qəbul etmək lazımdır”.

Похожее изображение

“Bu layihənin sosial mənzil layihəsi adlandırılmasının qəti şəkildə əleyhinəyəm. Sosial mənzil layihəsi zaman-zaman müzakirə olundu, biz də müəyyən təkliflər verdik. Azərbaycan Respublikası Mənzil Məcəlləsində sosial mənzil anlayışının müəyyən məqamları öz əksini tapıb. Amma hələ ki, bu məcəllədə sosial satış anlayışı mövcud deyil. Məcəlləyə sosial satış anlayışını da əlavə etməklə dövlət tərəfindən belə bir layihənin yenidən icrası həyata keçirilə bilər. Dövlətin buna imkanları da çatır”, - deyə R.Osmanlı qeyd edib.

 

Ekspert sözügedən mənzillərin satışı zamanı şəffaflığa əməl olunmaması ilə bağlı sualımıza da aydınlıq gətirib: “Özüm bu prosedurdan istifadə etmədiyim üçün məsələylə tam tanış deyiləm. Şəffaflığın pozulması ilə bağlı fikirləri də birmənalı şəkildə təkzib etmirəm. Hesab edirəm ki, Mənzil İnşaatı Dövlət Agentliyi özü bu məsələyə aydınlıq gətirməlidir. Əsaslandırılmış şəkildə ictimaiyyəti inandırmalıdır ki, belə hallar mövcud deyil, sadəcə layihədən yararlana bilməyən şəxslərin ortaya atdığı informasiyadır və ya sair".

 

Müsahibimiz həmin evlərin kirayə verilməsindən də danışıb: “Vətəndaş bir kvadrat metrinə 850-900 manat ödəyərək mənzil alırsa (istər nəğd şəkildə, istərsə də kredit yolu ilə), həmin mənzili kirayə də verə bilər, ödənişini tam bitirdikdən sonra sata da bilər. Yəni bu, həmin şəxsin mülkiyyət hüququna aid olan məsələdir. Buna müdaxilə etmək yolverilməzdir. Amma bir çox insanlar hesab edirlər ki, hökumət sosial mənzil siyasətini icra etməlidir və burada kimlərinsə ikinci evi almasına imkan verilməməlidir, bu, ola bilər. Ancaq zənnimcə, bu, ucuz mənzil konseptindən kənarda həyata keçirilməli məsələdir”.

Картинки по запросу cəmiyyət

Filologiya üzrə fəlsəfə doktoru Elyar İslam düşünür ki, mövcud problem ancaq dövlət başçısının müdaxiləsindən sonra aradan qaldırıla bilər: “Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yoxlama aparılsın, 2-3 mənzili olan şəxslərə ev satışına görə cəzalar verilsin, nəğd satışa son qoyulsun. Ev alacaq şəxslərin əmlakı, evi olub-olmaması, həqiqətən evə ehtiyacı olması yoxlanılsın. Mənzil İnşaatı Dövlət Agentliyindən alınmış və indi kirayə verilən həmin evlər geri alınmalıdır. Mənzil İnşaatı Dövlət Agentliyi etimadları doğrultmadı, narazılıq yaratdı. Məncə, bu məsələni də ölkə başçısı nəzarətə götürməlidir”.

 

Jurnalist Vüsal Qarayev isə düşünür ki, qanunun diktaturası qurulmalıdır, ciddi cəzalar olmalıdır: “Bu, bütün qanun pozuntuları üçün keçərlidir. Monopolistlər, korrupsionerlər ən ağır formada cəzalandırılmalıdır. Bunun üçün də ölüm hökmü yenidən tətbiq edilməlidir. Bir sahəni araşdırmaqla problemi həll etmək mümkün deyil. Məsələn, məhkəmə şəffaf deyilsə, hansısa qurumda problem aşkarlayıb, nə edə bilərsən ki? Köklü dəyişiklik lazımdır, kopleks şəkildə radikal islahatlar lazımdır. Bu, olmadan konkret hansısa problemi həll etmək mümkün deyil”.

 

Vergilər Nazirliyinin əməkdaşı Fərqanə Allahverdiqızının fikrincə, dövlət vəsaiti hesabına tikilən binaların idarə olunmasına ciddi nəzarət edilməlidir: “Son proseslər və açıqlanan qiymətlər göstərdi ki, həmin evlər artıq sosiallıqdan çıxıb. Əvvəl açıqlamalarda həmin evlərin aylıq ödənişinin 100-200 manat olacağı və xüsusi kateqoriyadan olan şəxslərə güzəştli ipoteka ilə satılacağı deyilmişdi. Çünki həmin evlər dövlət vəsaitləri hesabına tikilir. Tikinti şirkətlərinə də xeyli güzəştlər verilir. Lakin açıqlanan qiymətlər bu şərtlərə uyğun olmadı. Üstəlik, haqqı çatan, həqiqətən ona ehtiyacı olan insanların çoxu "elektron tələ" ucbatından bu layihədən kənarda qaldı. İndi isə nağd qiymətə satışa çıxarılan evləri ancaq imkanı olanlar alır ki, bu da mənzil bazarı üçün əlavə stimul yaradır. Çünki imkanı olanlar onsuz da başqa yerdən də alacaqlar. Bununla layihənin sosial mahiyyəti də itib. Həmin evlərin satışının qarşısını almaq üçün öncə qaydalara ciddi əməl etməyə və bəzi düzəlişlərə ehtiyac var. Həmin evlərin satışını məhdudlaşdırmaq üçün xüsusi bəndlər əlavə edilə bilər. Ən əsası isə müraciət edənləri dəqiq araşdırıb, həqiqətən evi olmayan, ehtiyacı olan vətəndaşlara satmaq lazımdır”.

 

İTV-nin əməkdaşı Naibə Qurbanova isə təklifin nəyisə dəyişəcəyinə inanmır: “Heç nə istəmirik, heç nə təklif eləmirik, hansı ölkədə yaşadığımızın fərqindəyik. Yetər ki, belə nağıllar danışıb insanların ümidi ilə oynamasınlar. Üzümə deyir ki, "mənzilləri bir neçə nəfər alıb, bir azdan satışa çıxaracaqlar, onda alarsınız". İkinci, üçüncü, dördüncü əl... və beləcə uzanır. Dövlət baba da maddım-maddım baxır”.

 

"Xalq qəzeti"nin əməkdaşı Zərifə Bəşırqızı xüsusi siyahı tutulmasını təklif edir: “İşləyənlər üçün iş yerlərində, işləməyənlər üçün isə yaşadığı (qeydiyyatda olduğu yox, elələri var rayon qeydiyyatındadır) rayonun icra hakimiyyətində, yaxud bələdiyyələrdə siyahı tutulmalıdır. Amma vicdanla!”.

 

Jurnalist Elmar Huseynov isə bildirib ki, belə problemin baş verməməsi üçün sosial evlər yalnız evi olmayan vətəndaşa verilməlidir və veriləndən sonra ailənin orda yaşayıb-yaşamaması yoxlanılmalıdır: “Əgər yaşamırsa, deməli, onun bu evə ehtiyacı yoxdur və həmin ev onun əlindən alınmalıdır. Bir də bu, necə sosial evdir ki, nağd pula satılır? Nağd pulu olan getsin özünə ev alsın, daha sosial ev niyə verilir beləsinə? Mənzil İnşaatı Dövlət Agentliyi bütün proseslərdə özünü gözdən saldı, vətəndaşın dövlətə inamını sarsıtdı!”

Müəllif: Rumiyyə Miraslan