Ratifikasiya etdiyimiz konvensiyanın mahiyyəti aydın oldu: <font color=red> Müsbət dəyişikliklər gözlənilir</font>

Cəmiyyət

30.10.2019 - 10:12

Konvensiyanın müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcək

 

Xəbər verdiyimiz kimi, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası (AŞ) Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu Milli Məclisin 22 oktyabr tarixli plenar iclasında qəbul olunub. Beləliklə, Konvensiya Azərbaycan tərəfindən ratifikasiya edilmiş olub.

 

Konvensiyanın mahiyyəti barədə AYNA-ya danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının sözlərinə görə, Konvensiyasının ratifikasiya olunması bu sahədə olan problemlərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir: “Müasir dövrdə uşaqların hüquqlarının qorunması çox aktualdır. Bu gün dünyanın bir çox yerlərində silahlı münaqişələr baş verir və bundan ən çox uşaqlar əziyyət çəkirlər. Biz öz tariximizdə də bunun acı nəticələrini görürük. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb ki, onların da bir hissəsi uşaqlardır. Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Hətta ən çətin vaxtlarda belə, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet olub”.

Ülviyyə Şahin