Ölkədə koronavirusa yoluxma hallarının sayı artır
Bu gündən İsveçdə əlverişsiz epidemioloji vəziyyətlə əlaqədar olaraq koronavirusa qarşı məhdudiyyətlər tətbiq edilib.
AYNA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsveçin səhiyyə naziri Lena Hallenqren bildirib.
Nazirin sözlərinə görə, məhdudiyyətlər üç mərhələdə tətbiq olunacaq. Birinci mərhələdə ictimai nəqliyyatda maskaların məcburi taxılması tələb ediləcək, əhalinin bir hissəsi məsafədən iş rejiminə keçəcək. Daha sonra tələbələrin bir hissəsi universitetlərdə distant təhsilə keçəcək, futbol matçlarına qatılmaq qadağan olunacaq. Son mərhələdə restoranların iş saatları məhdudlaşdırılacaq və vətəndaşlara böyük izdihamdan çəkinmələri tövsiyə olunacaq.
İsveçin İctimai Səhiyyə Agentliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə 7 412 yoluxma hadisəsi qeydə alınıb. Eyni zamanda əhalinin təxminən 80%-i tam peyvənd olunub.