İşçi iş, işəgötürən işçi tapa bilmir: başımıza iş açmışıq

Cəmiyyət

04.09.2023 - 18:34

Ekspert: “Boş-boşuna övladlarına illərlə vaxt itkisi yaşadırlar, sonra da deyirlər ki, filankəsin 2 diplomu var, amma işsizdir”

Sosial hüquq və əmək bazarı üzrə ekspert Ruslan Hümbətov ölkənin əmək münasibətlərinin durumu, işsizlik, peşə seçimləri, yeni trendlər və s. məsələlər ətrafında fikirlərini AYNA ilə bölüşüb. Beləliklə:

- Bu gün Azərbaycanın əmək bazarında hansı tendensiyaları müşahidə edirsiniz?

- Əmək bazarına baxdıqda bir çox sahələrdə balanssızlıq və çatışmazlıqlar görmək olar. Yaxşı tərəf ondan ibarətdir ki, kreativ, Qərbdə yeni yaranıb bizim iqtisadiyyata inteqrasiya olunan ixtisaslar istisna olmaqla, demoqrafik vəziyyət ölkədə kifayət qədər kadr potensialının olmasına imkan verir.

- Dünyanın hər yerində, o cümlədən ölkəmizdə işsizlik problemi aktuallığını itirmir: müxtəlif təbəqədən olan vətəndaşlar iş tapa bilmədikləri haqda şikayətlər səsləndirirlər. Bunun obyektiv və subyektiv səbəblərini necə dəyərləndirirsiniz?

- Bu gün eyni problemlə işəgötürənlər də üzləşirlər. Onlardan soruşduqda onlar da işçi tapmaqda çətinlik çəkdiklərini deyirlər. Çünki bu gün təhsil müəssisələri yerli bazar üçün kadr yetişdirməkdə çətinlik çəkir. Bunun bir çox səbəbləri var. Belə ki, bu günün özündə də sovet dövründəki kimi, sanki plan üzrə bazara mütəxəssis hazırlanır. Halbuki, bunun üçün sorğular keçirilməli, bazarın tələbin uyğun ixtisaslar müyyənləşdirilib ona uyğun mütəxəssis hazırlanmalıdır.

Bundan başqa, bir çox valdeyinlər “mənim də uşağım tələbə olsun” deyə, potensialı, həvəsi olmasından asılı olmayaraq, 4 il övladlarının vaxt itkisinə səbəb olurlar. Sonra da tez-tez “filankəsin 2 diplomu var, amma işsizdir” kimi sözlər eşidirik. Eyni zamanda, peşə məktəblərinin yox vəziyyətində olması bazarda peşəkar kadr çatışmazlığı yaradır.

Bu gün Azərbaycanda bir özəl kurs industriyası yaranıb ki, onlar bir neçə aya 4 illik ali təhsil müəssisələrindən daha tez və praktik kadrlar hazırlaya bilir və yaxud orta və iri müəssisələr özləri təlim, inkişaf şöbə və departamentləri vasitəsilə bu çatışmazlıqları aradan qaldırmağa çalışırlar. Bundan başqa, yuxarı kurslarda tələbələrin praktikaya göndərilməsi bir çox hallarda formal xarakter daşıyır və tələbələr ali məktəbi bitirdikdə nəzəri təcrübə cəhətdən mövcud bazarın tələblərinə cavab vermədiyi üçün iş tapmaqda çətinlik çəkirlər.

Tövsüyə kimi deyə bilərəm ki, tələbələr mütləq 2-3-cü kurslardan təcrübə proqramlarında, yaxud az əmək haqqı müqabilində olsa da, işləməlidirlər ki, təhsil müəssisəni bitirdikə bazar üçün hazır kadr ola bilsinlər.

Bundan əlavə, pandemiya iqtisadiyyatın müəyyən sahələrində müəssisələrin bağlanmasına, zəifləməsinə səbəb oldu ki, bu da iş yerlərinin bağlanması ilə nəticələndi. Həmçinin sərhədlərin bağlı olması sərhədyanı rayonların əhalisinin qonşu ölkələrlə alış-veriş əlaqələrini dayandırdı ki, bildiyiniz kimi, xeyli sayda insanın dolanışığı buradan çıxırdı. Əsasən də iş tapmaqda çətinlik çəkən insanların Rusiya, Türkiyə bazarında işləmək imkanları azaldı.

- Dünyada hazırda öz qabiliyyətinə, daxili imkan və həvəsinə görə ixtisas seçmək trendi hökm sürür. Bizdə həmişədən olduğu kimi, hamı prokuror olmaq, hökmranlıq etmək dərdində deyil. Necə düşünürsünüz, bizim də təfəkkürümüzdə dəyişim hiss olunurmu?

- Bu mövzu ilə bağlı dəfələrlə dərs dediyim tələbələrdən, müsahibələr zamanı soruğularda şahidi oluram ki, konkret bir cavab vermək çətindir. Bəzi gənclər üçün fərqi yoxdur əsas iş olsun, bəziləri valdeyinlərin, qohumların istəyinə əsasən, bəziləri isə sevdikləri üçün bu peşələri seçib  çalışdıqlarını deyirlər. Sevindirici hal odur ki, bugünkü “Z” nəsli adlandırılan gənclik daha praqmatik fikirləşir. İnternet və sosial şəbəkələrin imkanlarından istifadə edən gənclik bugünkü əmək bazarında gedən trendləri izləyib onlara uyğun seçim edə bilir. Bu gün marketinq, proqramlaşdırma, insan resursları, data analitika və s. kimi ixtisaslar ənənəvi həkimlik, hüquqşünaslıq, jurnalistika və s. kimi ixtisaslara yönəlməni azaldıb. Həmçinin, indiki valideynlər də sovet düşüncəsindən fərqli olaraq, “mütləq həkim, prokror olmalısan” düşüncəsindən uzaqlaşırlar.

- Cəmiyyətdə gileyini eşitdiyimiz problemlərdən biri də yaş səbəbilə iş tapmaq məsələsidir. Məsələn, işgötürənlər konkret yaşa limiti müəyyənləşdirirlər: 18-35, 25-45 və s. Əksər hallarda 50+ vətəndaşı heç yerdə işə götürmürlər. Bu fakt sizin üçün nə dərəcədə aktualdır və çıxış yolu kimi nələri tövsiyə edərsiniz?

- Bəli bu, bir reallıqdır. Tək bizdə deyil, demək olar, dünyanın hər yerində belədir. Müasir biznes çoxcanlıdır. Texnika və texnologiyanın sürətli inkişafına və dəyişikliklərə yaşlı nəsil ayaq uydurmaqda çətinlik çəkir. Eyni zamanda, müəyyən yaşdan sonra bilik və təcrübəsinə əsasən rəhbər vəzifələrdə işləməlisən. Bildiyimiz kimi isə, rəhbər vəzifələr ümumi işçi sayında faiz etibarı ilə aşağıdır. Ona görə daim insanlar öz üzərində işləməlidirlər. Hətta, yaxın gələcəkdə insanlar bir ixtisasla sona kimi işləyə bilməyəcəklər. Məcburən iş həyatlarında bir neçə dəfə peşə ixtisas dəyişməli olacaqlar.

- Respublikanın bütün bölgələrindən paytaxta axın var, insanlar iş ardınca ev-eşiyini buraxıb Abşeron yarımadasına üz tuturlar. Nəticədə rayonlar boşalır, Bakı şişir – tıxaclar, həyatın ağırlaşması kimi böhranlı mənzərə meydana çıxır. Bunu obyektiv ayağı bölgələrdəki işsizlikdir. Amma bir də subyektiv ayağı var: baxırsan ki, adam şəxsi təsərrüfatında çalışıb, pis-yaxşı güzəranını təmin edə biləcəyi halda, paytaxtdakı “göydələnin” 18-ci mərtəbəsində beton tökür – qızmar günün altında və günü 15-20 manata...

- Heç kimə sirr deyil ki, iqtisadiyyatımızın böyük hissəsi Abşeron yarmadasının payına düşür. Bu da avtomatik işçi sayının burada təmərküzləşməsinə gətirib çıxarır. Kənd təsərrüfatı üçün əlverişli ölkə olmağımıza baxmayaraq, təəssüflə deməliyik ki, regionlarda bu imkanlardan lazımınca istifadə edilmir. İşğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işlərinin aparılması regionların xeyrinə məşğul əhali sayının artmasına səbəb olur. Bundan başqa, Dövlət Məşğulluq Agentliyinin “Özünüməşğulluq” və “Birgəmaliyyələşmə” (təəssüf ki, bir neçə aydır, bilmədiyimiz səbəbdən birgəmaliyyələşmə dayandırılıb) proqramları vasitəsilə, həmçinin KOBİA-nın kiçik və orta biznesə dəstək layihələri çərçivəsində məyyən mənada əmək bazarına müsbət təsirləri müşahidə etmək olur.

Bu kimi dövlət proqramlarının artırılması və ya işəgütürənlərin bu sahədə təşviqi əmək bazarında hiss olunacaq dərəcədə təsir göstərə bilər. Məsələn, sahibkarlara tələbələrin işə cəlb edilməsində, yaşlı nəsilin işlə təmin edilməsində vergi, gömrük güzəştləri edilə bilər. Yaxud özünə məşğulluq proqramı vasitəsilə hərəyə bir-iki inək verməkdənsə, sahibkarlara maliyə, inzibati resurslar vasitəsilə dəstək verilsin ki, onlar da əlavə iş yerləri açmaqla işsiz insanları işlə təmin etsinlər. O cümlədən bazardan hazır kadr götürən müəssisələrlə bazara kadr yetişdirən müəssisələr arasında ikincinin xerinə müəyyən güzəştlər tətbiq etmək və təşviqedici layihələr həyata keçirmək etmək olar.

Müəllif: İsmayıl Məmmədli