Qanadlarımızı qıran enerji içkiləri - <font color=red> Qadağan olunsun!</font>

Cəmiyyət

11.10.2019 - 10:15

Həkimlər Klinikalar SEO Xidməti

Millət vəkili: "Bütün televiziya kanallarında bu istiqamətdə verilişlər yayımlanmalıdır ki, insanlar enerji içkilərinin fəsadları barədə məlumatlansınlar"

 

Bir müddət öncə Milli Məclisdə deputat Musa Quliyev televiziyada enerji içkilərinin reklamının qadağan edilməsini təklif etdi. Bildirdi ki, bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir: “Energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir. Bütün dünya bununla bağlı həyacan təbili çalır. Təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir”.

 

Qeyd edək ki, bu, Milli Məclisdə energetik içkilərlə bağlı səsləndirilən ilk təklif deyil. Bundan öncə millət vəkili Qənirə Paşayeva tərəfindən də energetik içkilərin reklamı, satışı ilə bağlı dəfələrə məsələ qaldırılıb.

 

Deputatların təklifi reallaşa bilərmi?

 

Q.Paşayeva AYNA-ya açıqlamasında bildirib ki, enerji içkilərinin reklamı ilə yanaşı satışı ilə də bağlı qadağalar olmalıdır: “Xüsusilə 18 yaşı çatmayan uşaqlara energetik içkilərinin satışı, həmçinin gəncləri kütləvi şəkildə sövq etdirdiyinə görə, reklamları qadağan olunmalıdır. Buna görə də reklam haqqında qanuna mütləq yenidən baxılmalıdır. Bütün bunlarla yanaşı, geniş şəkildə maarifləndirmə işi aparılmalıdır. Bütün televiziya kanallarında bu istiqamətdə verilişlər yayımlanmalıdır ki, insanlar enerji içkilərinin fəsadları barədə məlumatlansınlar. Bəzən valideynlər, gənclər özləri belə, bilmirlər ki, belə içkilərin zərərləri nədən ibarətdir, insan sağlamlığına nə kimi fəsadlar vurur”.

Картинки по запросу qənirə paşayeva

Millət vəkili qeyd edib ki, müvafiq qurumlar da maarifləndirmə işlərinin aparılmasında kütləvi informasiya vasitələrinə dəstək olmalıdır: “Ciddi maarifləndirmə işi olmasa, təkcə qadağalarla bu məsələni həll etmək mümkün olmayacaq. İnsanlar enerji içkilərinin sağlamlığa necə ziddi zərbə vurduğunun fərqinə varmayana qədər, problem mövcud olacaq. Yadınızdadırsa, bir müddət öncə siqaretin satışı və çəkilməsi ilə bağlı  məhdudlaşdırıcı qanunun qəbuluna nail olduq. Bu məsələdə də əsas təşəbbüskarlardan olaraq hər zaman söyləyirdim ki, ictimai yerlərdə, qapalı məkanlarda siqaret çəkməyin qadağan olunması ilə yanaşı maarifləndirmə aparılmalıdır”.  

 

Energetik içkilərin insan sağlamlığına nə kimi mənfi təsirləri var?

 

Tanınmış uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə AYNA-ya açıqlamasında deputatların bu təklifini dəstəklədiyini bildirib. Həmçinin enerji içkilərinin insan orqanizminə təsirindən danışıb:  “Enerji içkilərinin tərkibində əsas təsiredici maddələr şəkər və kafeindir. Şəkər tez qocalmağa, şəkər xəstəliyinə və xərçəngə səbəb olur. Daha təhlükəlisi isə kafeindir. Kofein insanın yuxu hüceyrələrini, sanki qamçılayaraq işləməyə məcbur edən adenozin maddəsini ortadan qaldıran sistemi müvəqqəti olaraq pozur. Yəni kofein stimulyatordur. Sırf stimullaşdırdığı üçün də insanın qan təzyiqini qaldırır, ürək döyüntülərini artırır, damarları sıxır. Stimulyator kimi energetik içkilərin tərkibində olan kofeinlə əsəb pozğunluğuna səbəb ola bilər. Kofein, həmçinin asılılıq da yaradır”.

Картинки по запросу Vasif İsmayıl

V.İsmayıl qeyd edib ki, enerji içkilərinin orqanizmi enerji ilə təmin etməsi fikri əsassızdır: “İçki yalnız bədənin daxili ehtyatlarına yol açır, bir növ açar funksiyası daşıyır. Biz, anlaşılan dildə desək, orqanizmdən enerji alırıq.  Tərkibində qlükoza və kofein birləşməsi olan içkilər, xüsusilə cavan orqanizm üçün təhlükəlidir. Enerji içkilərinin tərkibində sürətli ürək döyüntüsü və titrəməyə səbəb olan B vitamini var. İdmandan sonra belə içkiləri qəbul etmək doğru deyil. Enerji içkilərinin tərkibində, həmçinin yüksək miqdarda taurin və qlyukoronlakton da  mövcuddur”.

 

Dünyada energetik içkilərlə bağlı reklamlar, həmçinin belə içkilərin satışı necə tənzimlənir?

 

Bir çox ölkələrdə enerji içkilərinin istehlakı xüsusi qanunlarla tənzimlənir. Bu tənzimləmə, eyni zamanda enerji içkilərinin reklamı və satışını da əhatə edir. 2014-cü ildə Avropa İttifaqında qəbul edilmiş tələblərə əsasən, 100 ml-də 1 mq və daha artıq kofein olan enerji içkilərinin üzərində əlavə xəbərdarlıq yazısı yerləşdirilməlidir.

 

Həmçinin bir çox ölkələrdə, məsələn, Danimarka, Türkiyə, Norveç, Uruqvay və İslandiyada tərkibində məhz yüksək həcmdə kofein olması səbəbindən enerji içkiləri qadağan olunub. İsveçdə isə enerji içkilərinin satışına məhdudiyyətlər qoyulub, 15 yaşından aşağı olan uşaqlara enerji içkilərinin satışı qadağandır. Macarıstanda isə enerji içkilərinin satışı başqa bir üsulla məhdudlaşdırılıb. Belə ki, tərkibində yüksək kofein olan enerji içkilərinə "ictimai səhiyyə vergisi” tətbiq olunub.

Картинки по запросу Ümumdünya Səhiyyə Təşkilatı

Ümumdünya Səhiyyə Təşkilatı isə enerji içkilərinin reklamı, yayılması və satışı ilə bağlı bir sıra tədbirlərin görülməsini - enerji içkilərinin tərkibində olan kofeinin icazə verilən son həddinin müəyyənləşdirilməsini, tərkibində olan kofeinin uşaqların və yeniyetmələrin inkşafında zərərli təsirlərinin olması nəzərə alınaraq uşaqlara satışının məhdudlaşdırılmasını, ailələrin enerji içkilərinin zərərləri haqqında məlumatlandırılmasını, yaratdığı fəsadlar və zərərlər barədə geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tövsiyə edir.

 

Bəs, Azərbaycanda vəziyyət necədir?

 

Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri AYNA-ya açıqlamasında bildirib ki, Reklam haqqında Azərbaycan Respublikasının Qanunuda enerji içkilərinin reklamı ilə bağlı hər hansı məhdudiyyət yoxdur: “Buna görə də biz sahibkarlara, reklam yayımçılarına bunu qadağan edə bilmirik. Ancaq deputatların enerji içkilərinin reklamının qadağası ilə bağlı təklif qəbul olunsa və qanunvericilikdə hər hansı bir dəyişiklik edilsə, biz də həmin dəyişikliklərə uyğun müvafiq addımlar atacağıq”.

Картинки по запросу Hüseyn Azəri

Qurumun sözçüsü onu da əlavə edib ki, Agentlik regional idarələrə enerji içkilərinin reklamı ilə bağlı tövsiyyə xarakterli məktublar göndərib: “Həmin məktublarda qeyd etmişik ki, sahibkarlara, enerji içkilərinin yayımı ilə məşğul olanlara, reklamlarda xüsusi xəbərdarlıq xarakterli məlumatların qeyd olunması tapşırılsın. Heç olmasa, qeyd olunsun ki, yeniyetmə yaşına çatmayanların istifadəsi məsləhət görülmür. Tövsiyyələrimizə hələ ki, müsbət reaksiya göstərən olmayıb. Reklamlara nəzər yetirdikdə görürük ki, hələ hər hansı tövsiyə xarakterli məlumat yerləşdirən yoxdur”.

 

Onu da qeyd edək ki, ölkəmizdə energetik içkilərin satışı ilə bağlı da hər hansı məhdudiyyət yoxdur. Yetkinlik yaşına çatmayan şəxslərə ancaq tütün məhsullarının və spirtli içkilərin satışı qadağandır.

Image result for AQTA

“Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib

 

Buna baxmayaraq, bu ilin iyun ayında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən enerji içkilərinin təhlükəsizlik göstəricilərinin tənzimlənməsi və bununla da bu içkilərin insan orqanizminə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib. “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.

 

Tələblərə əsasən kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı ikisi içkinin tərkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi hesab edilir.

 

“Enerji içkilərinə dair sanitariya norma və qaydaları”na əsasən bu içkilər sanitariya norma və qaydalarına uyğun istehsal olunmalı, onların tərkibindəki toksiki elementlərin, radionuklidlərin, mikotoksinlərin və pestisid qalıqlarının miqdarı ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyən olunmuş həddi keçməməli, bu içkilərin mikrobioloji göstəriciləri ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyənləşən normaya uyğun olmalıdır.

 

Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 200 mq, inozitol 20 mq, qlükoronolakton 200 mq, kreatinin maksimum miqdarı 1 mq müəyyən edilib. Həmçinin enerji içkilərinin 100 ml-də Vitamin B2-nin maksimum miqdarı 0.34 mq, Vitamin B3 1.4 mq, Vitamin B5 1 mq, Vitamin B6 0.04 mq və Vitamin B12-nin maksimum miqdarı 0.0004 mq-dan çox olmamalıdır.

 

“Enerji içkilərinə dair sanitariya norma və qaydaları”nda göstərilir ki, enerji içkilərinin istehsalında alkoqoldan istifadə qadağandır. Enerji içkilərinin etiketlərində mütləq “Enerji içkisi”, "Tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, “Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.

Müəllif: Rumiyyə Miraslan