Prezident fərmanının icrasını 6 il ləngidən nazirlikdə nədən qorxurlar?

Cəmiyyət

04.10.2019 - 10:10

Həkimlər Klinikalar SEO Xidməti

Ə.Əhmədoğlu: “Məhkəmənin şəffaf olmasına və cəmiyyətin baş verənləri aydın şəkildə görməsinə pərdə çəkməyə çalışırlar”

 

Ədliyyə Nazirliyi "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri Ramin Qurbanov bir neçə gün öncə bildirmişdi ki, media ilə məhkəmə sistemi arasında münasibətlərin tənzimlənməsində problemlər mövcuddur. Həmçinin qeyd etmişdi ki, məhkəmə prosesinin iştirakçısının elektron kabinetindən birbaşa protokolu götürməsinə də hələ hazır deyillər.

 

Halbuki Prezident İlham Əliyev 13 fevral 2014-cü il tarixli № 268 saylı "“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında" Sərəncam imzalayıb. Sərəncamın icrası Ədliyyə Nazirliyinə tapşırılıb və Ədliyyə Nazirliyində işçi qrupu yaradılaraq, başına Ramin Qurbanov gətirilib.

 

Həmçinin Prezident bu ilin aprel ayında "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalayıb və Ədliyyə Nazirliyinə bununla bağlı müəyyən tapşırıqlar verilib. O cümlədən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasını təmin etmək tapşırılıb.

 

"Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun 5 il 8 aydır fəaliyyət göstərməsinə baxmayaraq, Ədliyyə Nazirliyini təmsil edən R.Qurbanovun belə bir çıxışı cəmiyyətdə müxtəlif suallar doğurur. Ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını təmin etmək tapşırılmış bir qurumun rəhbəri bu yanaşma ilə məhkəmə-hüquq sistemində islahatları necə dərinləşdirəcək?

 

Hüquqşünas Ələsgər Əhmədoğlu AYNA-ya açıqlamasında "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri Ramin Qurbanovun məlum fikirlərini şərh edib.

Картинки по запросу Ələsgər əhmədoğlu

O bildirib ki, Ramin Qurbanov konkret olaraq media ilə münasibətlərin tənzimlənməsi məsələsini müzakirə edəcək şəxs deyil: “Çünki o, bilavasitə elektron məhkəmə sisteminin tətbiqinə məsul olan şəxsdir. Elektron məhkəmə sisteminə keçidin də məqsədi, Prezidentin bu barədə sərəncam və fərmanında qeyd edildiyi kimi, ilk növbədə şəffaflıq və ədalətə olan inam hissinin cəmiyyətdə artırılmasından ibarətdir. Bu da təbii ki, mediasız mümkün deyil. Əgər cəmiyyətdə məhkəməyə inam, etimad və yaxud məhkəmənin fəaliyətindəki neqativ halların minimuma endirilməsini istəyirlərsə, o zaman medianın müdaxilə və işıqlandırılma imkanlarını artırmalıdırlar”.

 

Hüquqşünas qeyd edib ki, Azərbaycan məhkəmələrində, istər korrupsiya, istər ədalət problemləri, istərsə də subyektiv yanaşmalar baxımından ciddi problemlər var: “Prezident də öz fərmanının girişində bu sahədə 30-dan çox problem sayıb ki, fərmanın verilməsi də bununla bağlıdır. Belə olan halda "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun şəffaflığı təmin etməsi üçün ilk növbədə məhkəmə prosesi açıq olmalıdır. Məhkəmə mahiyyəti baxımından qapalı keçirilmirsə, açıq məhkəmə prosesinin həm də onlayn formada izlənilməsi öhdəliyi qoyulub. Sərəncamla Ədliyyə Nazirliyi bunu təmin etməlidir. Altı ilə yaxın vaxt keçməsinə baxmayaraq, bunu təmin etməli olan qurumun rəhbəri deyir ki, kimsə bunu başqa məqsədlə istifadə edə bilər”.

 

“Məhkəmə prosesi şəffafdırsa, onu mənfi məqsədlə istifadə etmək mümkündürmü? Belə aydın olur ki, problem var deyə, bu, mümkündür. Əgər ədalət bərqərar olunursa, tərəflər dindirilirsə, vəsatətlər qəbul olunursa, şəxsə qarşı qaldırılan iddialar araşdırılırsa, bundan niyə narahat olurlar?”, - deyə həmsöhbətimiz vurğulayıb.

 

Hüquqşünasın sözlərinə görə, bu apsektdən baxanda çox aydın şəkildə görünür ki, məhkəmənin şəffaf olmasına və cəmiyyətin baş verənləri aydın şəkildə görməsinə pərdə çəkməyə çalışırlar: “Bunun da obyektiv səbəbi odur ki, məhkəmələr ədalətli deyil. Məhkəmələr bir çox hallarda sifarişli qərarlar qəbul edə bilir. Əslində, ört-basdır etmək istədikləri də budur. Çünki bunlar ortaya çıxacaq, cəmiyyət gördüklərini müzakirə edəcək, daha dərindən araşdırmağa başlayacaq, məhkəmələrin problemləri gündəmə gələcək. Bu da Ədliyyə Nazirliyini narahat edəcək” .

Картинки по запросу

Qeyd edək ki, media ilə məhkəmə sistemi arasında münasibətlərin tənzimlənməsində problemlər olduğunu deyən R.Qurbanov bildirib: “Media vasitəsi ilə hakimlərə müəyyən təsirlər olur. Halbuki bunu etmək olmaz. Biz bütün hakimlərin tərcümeyi-halını və şəkillərini elektron məhkəmə sistemi ilə əlaqədar saytda yerləşdirdik. Bütün hakimlər zəng vurub deyirlər ki, "bizim şəkillərimizi yığışdırın". Assosiasiyada səsvermə keçirdik, hakimlərin 90 faizi bunun yığışdırılmasına səs verdi... Media üçün məhkəmə adi dövlət qurumu deyil, burada xüsusi tənzimləmə olmalıdır. Etika məsələlərinə xüsusi diqqət yetirilməlidir”.

 

“Biz bu gün məhkəmə prosesi ilə bağlı audio və videonu elektron məhkəmə sistemi vasitəsi ilə açıq təqdim etsək, siz oradan daxil olub istənilən audio və videonu götürsəniz, biz bilmirik ki, bu, hansı nəticəyə gətirib çıxaracaq. Ancaq proses iştirakçısı məhkəmə zalında həmin audio və videonu dinləyə bilər. Məhkəmə prosesinin iştirakçısının elektron kabinetindən birbaşa protokolu götürməsinə də hələ hazır deyilik... Burada qanunvericiliyin inkişafı ilə bərabər cəmiyyətin inkişafı məsələsi var. Ola bilər ki, hakimlər səhv edirlər. Amma bu o demək deyil ki, hakimləri tənqid obyektinə çevirəsən. Hakim adi dövlət məmuru deyil”, - "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri deyib.

Müəllif: Rumiyyə Miraslan