"Sayğacları çölə qoyurlar, gah qutuları oğurlanır, bizə deyirlər "alın", gah da sayğacda problem yaranır, boynumuza qoyurlar ki, "siz eləmisiniz""
Son günlər su, qaz, işıq sayğaclarından şikayətlər durmadan artır. Xüsusilə, sayğaclara kənar müdaxilələr edilməsi iddiaları müzakirələrə səbəb olur. Bu tip şikayətləri nəzərə alaraq AYNA-nın əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib.
Sosial şəbəkə istifadəçilərinə “Mənzillərə quraşdırılmış işıq, qaz və su sayğaclarına müvafiq olaraq "Azərişıq", “Azəriqaz" və "Azərsu" tərəfindən müdaxilələr edildiyi barədə iddialar var. Kim öz mənzilində belə problemlə qarşılaşıb, yaxub bu haqda haradansa dəqiq məlumat əldə edib?” sualı ünvanlanıb. Aldığımız cavabları olduğu kimi təqdim edirik:
Şahin Abışov: “İki il bundan əvvəl Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İntiqam Nəbiyev kūçəsində mənə məxsus olan 20 kvadratmetr ərazidə meyvə-tərəvəz dükanının su sayğacının plastik qutusu gecə ilə sındırılmışdı. Obyektə bitişik restoran fəaliyyət göstərir. Hansısa içkili adamın zavalına gəlib. Mən rayon su idarəsinə gedib bu haqda məlumat verdim. İdarənin rəisi dedi ki, "mən sənin sayğacını qoruyan deyiləm". Onda mən xahiş etdim ki, sayğacı obyektin içərisində quraşdırsınlar. Mən həmin gecə su sayğacını obyektin içinə çəkdim. Səhərisi gün su idarəsinə getdim ki, gəlib möhürü təzələsinlər. Söz verdilər ki, gələcəklər. Bir həftə keçdi və idarədən 3 nəfər dükana gəlib sayğaca baxdılar. Mənə bildirdilər ki, "plomb sınıb və akt yazılmalıdır". Dedim ki, bu idarə rəhbərinin icazəsi ilə edilib. Getdik idarəyə, orada dedilər ki, müdir məzuniyyətdədir. Həmin şəxslər də dedilər ki, "sübutun yoxdur, biz aktı yazacağıq". Səhəri gün aktı götürüb baş idarəyə getdim. Məni, şikayətlərə baxan 20-25 yaşlarında İntiqam adlı bir məmur qarşılaşdı. Şikayətimi dinlədi, sonra dedi ki, “bizim əməkdaşlar düz edib, 368 manat cərimə yazıblar”. Dedim, "7 günə bu qədər cərimə niyə yazırsınız?" Dükanın kanalizasiya xətti belə, yoxdur. İntiqam bəy mənə cavab olaraq dedi ki, “bəlkə maşın yuma mərkəzi işlətmisən?” Məgər maşın yuma mərkəzi bir həftəyə 368 manatlıq su işlədir? Bir sözlə, mən “Azərsu” adlı təşkilatda haqq-ədalət tapmadım. İki ildən sonra cəriməni ödədim. Haram xoşları olsun”.
Təranə Xudabaxşiyeva