İrəvanın davam edən oyunu: Ermənistan sülh sazişini gecikdirir

Aktual

11.11.2024 - 15:31

Həkimlər Klinikalar SEO Xidməti

Anar Həsənov: “Yaxın müddətdə Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması mümkün deyil”

Noyabrın 5-də Ermənistan sülh sazişinin tam razılaşdırılması üçün təkliflər paketini Azərbaycana göndərib. Bu barədə məlumatı Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan açıqlayıb.

“Biz son təkliflər paketini göndərmişik, cavab gözləyirik”, - deyə nazir müavini qeyd edib.

Elə həmin gün Azərbaycanın Ermənistanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verdiyi məlum olub. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib ki, “Azərbaycan tərəfdən sülh müqaviləsi layihəsi (11-ci təkliflər paketi) ilə bağlı cavab təkliflərini” alıblar.

Ekspertlər hesab edirlər ki, Ermənistan tərəfinin təklifləri qəbul etməməsi sülh sazişinin imzalanmasını mümkünsüz edir.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti, filologiya elmləri namizədi Anar Həsənov deyib ki, dəfələrlə Azərbaycan Prezidenti tərəfindən də, digər rəsmiləri tərəfindən də bildirilib ki, razılaşdırılmayan həmin üç bənd Azərbaycan üçün yerdə qalan bütün bəndlərdən daha vacibdir, daha strateji əhəmiyyətə malikdir:

- Azərbaycanla Ermənistan arasında 2020-ci ilədək ən azı dövlət səviyyəsində 20-30 görüş olub, onlarla vacib kommünikelər, sənədlər imzalanıb ki, amma nəticədə problem həll olunmayıb. 44 günlük müharibədən sonra Azərbaycan sülh sazişi paketini qarşı tərəfə təqdim etdi. Tərəflər dəfələrlə bunun üzərində işləyib bir-birinə yollayırlar. Artıq 11-ci dəfədir sülh sazişi paketi Ermənistan tərəfindən işlənilib və Bakıya göndərilib. Bu sənəd 12-ci dəfə də, 13-cü dəfə də işlənilə, göndərilə bilər. Nə qədər kobud səslənsə də, demək istəyirəm ki, hərə öz oyununu oynayır. Bu, diplomatik gedişlərdir.

Hesab edirəm ki, sülh sazişi ilə bağlı Azərbaycan tərəfinin şərtləri adekvatdır, qanunidir, beynəlxalq hüquqa söykənir. Amma Ermənistan tərəfi bunu görməzdən gəlir. Bu da artıq rəsmi Bakı tərəfindən dəfələrlə bəyan edilib, ölkələrin və dünya ictimaiyyətinə çatdırılıb.

- Necə hesab edirsiniz, Ermənistan tərəfi reallığı nə zaman qəbul edəcək?

- Bilirsiniz, Ermənistan tərəfi reallığı dərk edir. Sadəcə dediyim kimi, diplomatik gedişlər edir, oyun oynayır. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması uzunmüddətli strategiyaya söykənməlidir, taktikaya yox. Bu gün rəsmi İrəvanın Bakıya təklif etdiyi taktiki gedişatdır. Azərbaycan dövlətinin ortaya qoyduğu mövqe isə uzunmüddətli strategiyaya söykənir. Bu baxımdan, tərəflərin razılığa gəlməsi çətinləşir. Görünən odur ki, yaxın müddətdə Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması mümkün deyil. Məncə, Ermənistan hələ 12-ci saziş paketini də Bakıya göndəriləcək.

- Demək istəyirsiniz ki, razılaşdırılmayan 3 maddə üzrə razılaşma çətindir və bir-birinə sənədlərin göndərilməsi prosesi davam edəcək...

- Baxın, Ermənistanın razılaşmadığı əsas məsələlərdən biri nədir – Zəngəzur dəhlizinin reallaşması. Ermənistan yol prinsipi ilə Azərbaycandan ayrılmaz hissəsi olan Naxçıvana gediş-gəlişə problem görmədiyini bəyan edir. Amma bu yola üçüncü tərəfin nəzarətini qətiyyən qəbul etmək istəmir. Ermənistan rəhbərliyi anlayır ki, Zəngəzur dəhlizinə üçüncü tərəfin nəzarəti bu ölkənin ərazi bütövlüyünün dağılmasının başlanğıcı olacaq. Dəhlizə ruslar yox, lap fransızlar, ingilislər, amerikanla da nəzarət etsələr, bu, suverenliyin itirilməsi deməkdir. Bu məsələdə Ermənistan rəhbərliyi ilə erməni xalqı arasında konsensus var. Çünki Ermənistanın ərazisi əgər Ermənistana məxsusdursa, həmin ərazinin müddətsiz olaraq hansısa xarici dövlətin hərbi güc strukturlarına təhvil verilməsi artıq buranın Ermənistana məxsusluğunu şübhə altına salır. İrəvan bu səbəbdən Zəngəzur dəhlizinin reallaşması ilə razılaşmır. Sülh sazişində əsas məsələlərdən biri isə məhz dəhlizdir. Dəhliz reallaşmırsa, uzunmüddətli strateji sülhə necə nail olmaq olar?

- Amma 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanatda Ermənistan dəhlizin açılması şərtini qəbul edib...

- Məsələ də məhz bundadır. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı tələbində haqlıdır. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan dalana dirənəndə, 25 minlik ordusu mühasirədə olanda Üçtərəfli Birgə Bəyanatı imzalayıb. Amma indi həmin sənəddəki maddələrdən birini – dəhlizin reallaşmasını İrəvan istəmir. Azərbaycan üçün isə bu, çox vacib bir bənddir. Ermənistanın özünün nəzarəti altında dəhlizin fəaliyyətinə gəlincə, bu, mümkünsüzdür. Azərbaycandan Naxçıvana gedən yola Ermənistan nəzarət edə bilməz. Ermənistana güvən problemi mövcuddur. Çünki bu gün İrəvan tərəfindən atılan bütün addımlar taktiki xarakter daşıyır.

Bilirsiniz, bu gün Ermənistan-Türkiyə yaxınlaşması da mümkün deyil, ermənilərin azərbaycanlılarla sülhü də mümkün deyil. İki müstəqil dövlətin – Ermənistan və Azərbaycanın mövcud olduğu müddətdə bu iki dövlətin yaxınlaşması mümkün deyil. Bu dövlətlərin və xalqların milli mənəviyyata söykənən nöqtələr var. Bu, tarixdir, mədəniyyətdir, xalqların həyatında rol oynayan günlərdir. Bizim tariximizdə ermənilərin törətdiyi Xocalı soyqırımı var, iki dəfə müharibə var, qan var, zülmlər var, ermənilərin qondarma “soyqırımı” var. Bu xalqlar həmin tarixi kənara ata bilərlərmi? Bunlar olduğu halda, iki xalqın isveçlilərlə norveçlilər kimi dinc, yanaşı yaşayacağı mümkün görünmür.  

Müəllif: Anar Bayramoğlu