İrəvan sülhə boyun əydi: “yay əməliyyatları” qorxusu

Siyasət

14.04.2022 - 10:23

Anar Həsənov: “Ermənistanda başa düşürlər ki, sağa da getsələr, sola da getsələr - müharibədir”

Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə keçirilən görüşdə əldə olunan razılaşmalarla bağlı rəsmi İrəvandan müsbət açıqlamalar verilməkdədir. Sərhədlərin delimitasiyası üçün aprelin sonunadək yaradılmalı olan Birgə Sərhəd Komissiyası və sülh sazişi ilə bağlı xarici işlər nazirlərinə tapşırıqlar verilməsi məsələsində praktik addımlar atılır.

Əvvəlcə onu qeyd edək ki, artıq 30 ildə ilk dəfədir Azərbaycan və Ermənistan XİN başçıları arasında birbaşa dialoq olur, telefon danışığı baş tutur. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov mediaya açıqlamasında telefon söhbətindən danışarkən bunu "peşəkar və konstruktiv məcrada danışıq" adlandırıb. 

Sərhədlərin delimitasiyası ilə bağlı Birgə Sərhəd Komissiyası məsələsinə gəldikdə isə, bu barədə Ermənistanın Baş naziri maraqlı açıqlamalar verib. Paşinyan dünən Ermənistan Milli Assambleyasının iclasında çıxışı zamanı tezliklə Azərbaycanla sülh sazişinin bağlanmalı olduğunu vurğulayıb. Bildirib ki, aprelin 30-dək rəsmi Bakı ilə İrəvan arasında sərhədlərin delimitasiyası üzrə Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir.

Paşinyanın ən önəmli açıqlaması isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını bəyan etməsidir: "Bizim yolumuz var - Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh".

Baş nazir Qarabağ məsələsində və sərhədlər məsələsində güzəştlərə getməsinin ilk səbəbinin beynəlxalq birliyin bunu israrla tövsiyyə etməsi olduğunu deyib: "Beynəlxalq birlik bizə açıq-aşkar deyir ki, Türkiyənin strateji müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq həm Ermənistanın, həm də Artsaxın taleyini təhlükə altına atır. Bu gün beynəlxalq birlik bizə deyir ki, “plankanızı aşağı salın və onda biz sizin yanınızda olacağıq. Əks halda, bunu bizdən gözləməyin. Çünki edə bilməyəcəyik””.

Brüssel görüşündə əldə olunan nəticələr, razılaşmanın yerinə yetib-yetməyəcəyi ilə bağlı fərqli fikirlər cəmiyyətdə səsləndirilməkdədir. Mövzu ilə bağlı AYNA-nın suallarını Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, filologiya elmləri namizədi, politoloq  Anar Həsənov cavablandırıb. Analitik deyib ki, liderlərin Brüssel görüşünü və ümumiyyətlə, Qərbin sülhlə bağlı səylərini bir sıra amillər şərtləndirir: 

- Əvvəla, ATƏT-in Minsk Qrupu böhran vəziyyətindədir ki, bu nəticəyə görə uzaqgörən Azərbaycan iqtidarına təşəkkür etmək yerinə düşür. Baxın, Azərbaycan Rusiyanın Qarabağa daxil olmasına razılıq verməklə Qərb-Azərbaycan qarşıdurmasını adlamağı bacardı. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Minsk Qrupu ilə bağlı son açıqlaması və Rusiya-Qərb münasibətlərinin səviyyəsi də adıçəkilən qurumu de-fakto sülh prosesinin "autsayder"i edib. Qərbin sülh səylərini şərtləndirən digər amil isə regionda balansı qorumaq marağından irəli gəlir. Onu da deməliyəm ki, Qərbin Ermənistanla Azərbaycan arasında sülh istəyi səmimidir. Əlavə edim ki, ABŞ və Rusiya da regionda barışıq istəyir. İstisna Ermənistan müxalifətidir ki, bəlkə də, ona görə dünya gücləri onu iqnor edir.

- Paşinyan sülhlə bağlı nikbin bəyanatlar səsləndirib. Sizcə, o, dediklərində səmimidirmi?

- Deməliyəm ki, Paşinyan adekvat siyasətçidir və müharibə perspektivinin Ermənistan üçün növbəti ərazi itkilərinə səbəb olacağını anlayır. Sülh sazişi ilə bağlı komissiyanın yaradılmasına dair konkret vaxt deməsi də yay aylarında Azərbaycanın yeni hərbi əməliyyatlar həyata keçirməsi perspektivini başa düşdüyü üçündür. Hesab edirəm ki, Azərbaycan əsgəri “son akkord” astanasındadır. Ermənistan rəhbərliyinin sülhməramlı ismarıclarını da bu təhlükə şərtləndirir. Ermənistan rəhbərliyi başa düşür ki, sülhə alternativ yoxdur. Odur ki, İrəvandan gələn son ismarıclarda səmimilik görürəm. Görünən odur ki, Azərbaycan Ermənistana öz gündəmini qəbul etdirə bilib. Opponent başa düşür ki, sağa da getsə, sola da getsə - müharibədir. Odur ki, Paşinyanın prosesi ləngitmək, ondan yayınmaq, manevr etmək şansı qalmayıb. Qarabağ ermənilərinin haqları ilə bağlı Paşinyanın açıqlamaları isə hesab edirəm ki, daxili auditoriyaya hesablanıb. Qarabağın "statusu" mövzusu isə sovet anoxronizmidir. Onun müzakirəsinin heç bir ciddi əsası yoxdur.

- Ötən əsrin sonlarında Ermənistan hakimiyyətində olanlar Azərbaycanla sülhə yaxınlaşmışdılar. Amma o vaxtkı Prezident Levon Ter-Petrosyanın devrilməsi, 1999-cu ildə parlamentin gülləboran edilməsi ilə razılıq pozulmuş oldu. Anoloji hal indi yaşana bilərmi?

- Paşinyan devrilsə və hakimiyyətə xunta gəlsə belə, Ermənistan yenə itirəcək. 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatın bəndlərinin pozulmasının Ermənistan üçün nə ilə nəticələnə biləcəyi sualına Rusiya Prezidenti Vladimir Putin artıq bir dəfə cavab verib. 

- Əsas vasitəçilərdən və Üçtərəfli Birgə Bəyanatın tərəflərindən biri olan Rusiya Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasını həqiqətən istəyirmi?

- Rusiya gerçəkdən sülh istəyir, amma regionda da qalmağı düşünür. Əgər Rusiyanın niyyəti Qarabağı zəbt etmək idisə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinin pozulmasına imkan verməzdi. Sözsüz ki, Ermənistanla Azərbaycan arasında sülh olarsa, Rusiya sülhməramlılarına ehtiyac qalmır. Deməli ki, Rusiya regionu nəzarətində saxlamaq yollarını axtaracaq. Bu, ancaq yeni müharibə alovlandırmaq kimi başa düşülməməlidir. Bir də son hadisələr də göstərdi ki, Rusiya taktiki uğurlar əldə etsə də, strateji planlaşdırmada uduzur. Qarabağa tez-tələsik girsə də, orda uzunmüddətli qalma perspektivi də yoxdur. Onu da nəzərə almaq lazımdır ki, regionu öz orbitində saxlamaq üçün hərbi baza amili yeganə rıçaq deyil.

Müəllif: Anar Bayramoğlu