“İran agentlərini yalnız dindarlar arasında axtarmaq yanlışdır”

Aktual

22.06.2022 - 10:19

Azər Rəşidoğlu: “Bir qrup dindarın aclıq aksiyasından həm daxildəki bəzi güc mərkəzləri, həm də xarici ölkələr istifadə edir”

Bir aya yaxındır ki, həbsxanada aclıq aksiyası keçirən “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırzadənin və aksiyaya qoşulan bir neçə hərəkat tərəfdarının məsələsi sosial şəbəkələrdə müzakirə olunmaqdadır. Böyük bir qism hesab edir ki, Bağırzadə və tərəfdarları aclıq aksiyası keçirməklə Azərbaycanda dini gərginliyin yaranmasında maraqlıdırlar. Hətta, "Müsəlman Birliyi"ni İranın maraqlarına xidmət edən təşkilat hesab edən və hazırkı aclıq aksiyasının tapşırığı da Tehrandan gəldiyini iddia edənlər var.

Lakin baş verənləri insan haqları prizmasından qiymətləndirənlərin fikrincə, ortada insan haqları pozuntusu mövcuddur. Belə yanaşmanın tərəfdarları Bağırzadənin azadlığa buraxılmasını demokratiyanın tələbi kimi dəyərləndirirlər.

Xatırladaq ki, T.Bağırzadə və aclıq aksiyasın qoşulan 11 nəfər iddiasına görə, polisdə dindirmə zamanı Allah təhqir olunub. Aclıq aksiyası keçirənlər bunu edənlərin cəzalandırılmasını istəyirlər. T.Bağırzadə aclıq aksiyasına Qobustandakı həbsxanada mayın 26-da başlayıb. Aksiyaya daha sonra Abbas Hüseynov, Cabbar Cabbarov və başqaları da qatılıblar.

Daxili İşlər Nazirliyi (DİN) isə aksiya keçirənlərin bu iddialarını rədd edib. DİN-in Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov  polisin dini inancı təhqir etməsi barədə iddiaları təkzib edərək deyib ki, bu, böhtandır: "Polisin nüfuzdan salınmasına yönələn belə şayiələr əvvəllər də olub. Azərbaycan polisi bütün dinlərə, o cümlədən mənsub olduğu müqəddəs dinə hörmətlə yanaşır”.

Həbsxanadakı aclıq aksiyası, sosial şəbəkələrdə dindarlarla sekulyarlar arasında mübahisələr, İranın Azərbaycanda dini gərginliyi artırmaq məqsədilə T.Bağırzadə və tərəfdarlarına təlimat verməsi kimi məsələlər ətrafında AYNA-nın suallarını cavablandıran "Tolerantlıq" Sosial Araşdırmalar Birliyinin sədri, politoloq Azər Rəşidoğlu əvvəlcə İran dini dairələrindən Azərbaycan əleyhinə verilən müəyyən açıqlamalara, İranın Azərbaycana münasibəti məsələsinə toxunub:

- İran-Azərbaycan münasibətlərində həmişə gərginlik hökm sürüb. Bəzən bu gərginlik artıb, bəzən azalıb. Hər iki dövlətin öz maraqları var. İranın maraqları üçün Azərbaycanın mövcudluğunun özü ciddi təhlükədir. Tehran gec-tez Cənubi Azərbaycan amilinin qabara biləcəyindən ehtiyat edir. Son günlər Tehran daha da aqressivləşib. Düşünürəm ki, Azərbaycanın İsraildə səfirlik açmaq niyyəti bu aqresivliyin bir səbəbidir.

Azərbaycan 30 ildən artıqdır ki, müstəqildir. Bu müddətdə İranın Azərbaycanı müdafiə etdiyi heç bir dövr olmayıb. İranın Fələstin məsələsindəki mövqeyini Azərbaycan-Ermənistan münaqişəsindəki mövqeyi ilə müqayisə edərkən, bu, aydın görünür. İsraillə İranın heç bir münasibəti yoxdur. Tehran İsraili müsəlman dünyasının düşməni elan edib. Amma Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanla həm diplomatik, həm də çox yaxşı iqtisadi münasibətləri var. Ermənistan da İranı özü üçün dost dövlətlər siyahısına salıb.

Nəzərə almaq lazımdır ki, İsrail Azərbaycanı yalnız siyasi deyil, həm də hərbi baxımdan dəstəkləyir. İki ölkə arasında hərbi sənaye kompleksi çərçivəsində çox geniş əlaqələr var. Həm silah satırlar, həm də müəyyən silah növlərinin istehsalında fəal iştirak edirlər.

Azərbaycanın İsraildə səfirlik açmasını şərtləndirən daha iki faktor var: İsrail son illər ərəb dünyası ilə münasibətlərini qaydasına salmağa çalışır və buna nail olur. Əvvələr yalnız Misir və İordaniyanın İsraillə münasibətləri var idi. İndi bu coğrafiya genişlənir. Bu baxımdan Azərbaycanın İsraillə münasibətlərini daha da genişləndirməsi ərəb dünyasında ciddi etirazlara səbəb ola bilməz. İkinci ciddi amil qlobal proserlərdir. Məhz qlobal Qərb-Rusiya münasibətləri və onunla bağlı beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində ehtimal olunan dəyişikliklər. Bu dəyişikliklər Azərbaycanı daha fəal xarici siyasət yürütməyə təhrik edir. Səfirlik isə çox ciddi və operativ kommunikasiya vasitəsidir.

- Həbsxanada bir neçə dindarın aclıq aksiyası keçirməsi, sosial şəbəkələrdə bu yöndə müzakirələr, İranın burada rolu iddialarını necə qiymətləndirirsiniz? 

- Bir qrup dindarın aclıq aksiyası və onun doğurduğu nəticələr təhlükəlidir. Şəxsən mən dinin siyasiləşməsinin tərəfdarı deyiləm. Dindar – sekulyar qarşıdurmasının ən qatı əleyhdarıyam. Hesab edirəm ki, bütün problemlər insan haqları müstəvisində həllini tapmalıdır. Cəmiyyət yekcins deyil, odur ki, Mirzə Cəlilin “Anamın kitabı” əsərini həyatımızda yaşamaq istəmiriksə, anamızın, yəni Vətənin ölməsini istəmiriksə, qarşılıqlı hörmətlə yaşamalıyıq. Heç bir dövlətin rəhbəri bizə nümunə deyil. Ümumiyyətlə, insanlar dəyər deyil, ancaq dəyər daşıyıcısıdır və biz dəyərlərə sadiq qalmalıyıq, fərdlərə deyil. Az-çox bu sahəni bildiyim üçün deyirəm, dini mövzu ağır mövzudur və məzhəb savaşı yüz illərdir ki, gedir. Əgər bir dini cərəyan "vurulursa", digər və daha radikal cərəyan o boşluğu doldurur. Bəzi radikal dindarlar hələ bayram edirlər, amma anlamırlar ki, hədəf nədir. Bunun isə fəsadları qaçılmaz olacaq. 

- Hədəf nədir və fəsadlar nə ola bilər?

- Əsas olan odur ki, bayrağımız bütün təbəqələri birləşdirir. Bayrağımıza sadiq olmalıyıq. Məhəmməd Əmin Rəsulzadə “Əsrimizin Siyavuşu” əsərində bu probleminin həllini göstərir. Dahi öndərin ideyasına sadiq olmalıyıq. İrana münasibətim bəllidir. Mən Vahid Azərbaycan arzusundayam. Lakin heç bir sübutum olmadan heç kəsi agent adlandıra bilmərəm. Çünki hakimiyyətin bəlli qanadının təbliğatı və dəlilləri çox zəifdir. Son zamanlar baş verənlər gələcəkdə ağır nəticələr doğura bilər. Əzməklə problem həll edilmir. Müstəqil məhkəmələr qurulmadan heç kəsin həbsini ədalətli adlandırmaq mümkün olmayacaq. Müstəqil məhkəmə qurulmasına çalışmalıyıq.

Qeyd edim ki, bir qrup dindarın aclıq aksiyasından daxildəki bəzi güc mərkəzləri və xarici ölkələr də istifadə edir. Qərb anlayır ki, Azərbaycanda dünyəviliyə qorxu yoxdur, odur ki, “İslam xoxan”ı düzəltməklə onların rəyini dəyişmək mümkün olmayacaq. Düşünürəm ki, hörmətli Şeyxülislam Allahşükür Paşazadə, Hacı Şahin, Hacı İlqar İbrahimoğlu öz nüfuzlarından istifadə edərək, nə qədər gec deyil, aclıq aksiyasının dayandırılmasına nail olmalıdırlar. Məni ən çox ölkənin taleyi düşündürür və analitik olduğuma görə bunun hansı faciələrə səbəb olacağını da anlayıram. Əgər aclıq ölümlə nəticələnsə, bunun hansı faciələrə səbəb olacağını və kataklizmlərin sonucunu fikirləşməliyik. Şüar söyləməklə problem həll edilmir.

- Belə başa düşdüm ki, aclıq aksiyası keçirənlərin İrandan gələn tapşırığı yerinə yetirdiyi iddiasını qəbul etmirsiniz?

- Yenə deyirəm, İran müstəqil Azərbaycan ideyasını qəbul etmir. Lakin Tehranın agentlərini yalnız dindarların arasında axtarmaq yanlışdır. İran bu qədər sadə dövlət deyil ki, öz təsir agentlərini deşifrə etsin. Tehran ən gözlənilməz yerdən zərbə vura bilər. Türkiyədəki FETÖ nümunəsinə diqqət edin. Onların heç də hamısı dindar deyildi. Hətta bir hissəsi ateist kimi tanınırdı. Şəbəkə belə qurulur. Kəşfiyyatlar o insanlarla işləyir ki, onların təsir imkanları olsun. Lümpenləşmiş sıravi dindarın hansı təsir imkanı var ki? Məmur deyil, iş adamı deyil, mediası və partiyası yoxdur. Zənnimcə, bütün bunlar blefdir.

Baxın, İranda hazırda etirazlar artıq qarşısıalınmaz məcraya yönəlib. Əgər etirazların ilk günlərində aksiyalarda səsləndirilən şüarlar sosial tələbləri ifadə edirdisə, artıq kütlə siyasi tələblər səsləndirməyə başlayıb. Hətta iş o yerə çatıb ki, aksiyalarda İranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneyinin şəxsinə yönəlik “Xameneyiyə ölüm!” kimi sərt şüarlar da dilə gətirilir. Xameneyinin hədəf seçilməsi əslində hakimiyyətinə mənfi münasibəti ilə xarakterizə oluna bilər. Məsələ burasındadır ki, Xameneyi Ali dini lider olaraq İslam hakimiyyətinin zirvəsində təmsil olunur. Ruhulla Xomeyninin Vilayəti-Fəqih nəzəriyyəsinin hakim kəsildiyi İranda Xameneyi müqəddasata aid şəxisyyət hesab edilir.

Vilayəti-fəqih nəzəriyyəsinə görə, şiələrin qeybə çəkildiyini iddia etdikləri İmam Mehdinin zühuruna qədərki dövrdə fəqihlər İslam hökuməti qura və onu idarə bilərlər. Bu halda fəqihlər məclisinin seçdiyi şəxs – Ali dini rəhbər İmam Mehdinin naibi sayılır və əhəmiyyətli hissəsi şiə olan İran əhalisi də bunu bilməmiş deyil. Bu baxımdan, Xameneyiyə etiraz bütövlükdə İslam hökumətinə etiraz sayılmalıdır. Bizim şiə icmaları da Xameneyiyə məhz Vilayəti-Fəqih olduğu üçün tabeçilik göstərir. Xameneyi onlar üçün tək İranın rəhbəri deyil, həm də bütün şiələrin qeyri-məhdud səlahiyyətə malik lideridir, onun sözü qanundur. İran bəzən bu üsulla bizim şiələrə təsir göstərir. Lakin əksər Azərbaycan şiələri İranın 44 günlük savaşda tutduğu mövqedən narazıdırlar. Odur ki, bütün şiələri İran agenti adlandırmaq düzgün deyil.

Müəllif: Anar Bayramoğlu