“Hökumət işsizlik statistikasını açıqlamalıdır”

İqtisadiyyat

19.12.2020 - 23:11

Professor: “Sevindirici haldır ki, yeni iş yerləri açılır, amma məsələnin digər tərəfinə də nəzər salmaq lazımdır”

 

Azərbaycan hökuməti pandemiya dövründə – bu ilin martından indiyədək ölkədə, təxminən 80 min yeni iş yeri açıldığını bəyan edib. Bu barədə danışan iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, açılan yeni iş yerləri özəl sektorda olan ümumi əmək müqavilələrinin 15 faizindən çoxunu təşkil edir.

 

Nazirin sözlərinə görə, Azərbaycan pandemiya fonunda əsas iqtisadi göstəricilərini ilin əvvəlində olan səviyyədə saxlamağı bacarıb. M.Cabbarov buna sübut kimi, ölkənin strateji valyuta ehtiyatlarının həcminin, manatın məzənnəsinin dəyişməməsini qeyd edib.

 

Pandemiya dövründə sərt karantin rejimi ilə əlaqədar ticarət, xidmət və başqa bir çox sektorlarda fəaliyyətin dayanması fonunda, 80 min yeni iş yeri açılması haqda deyilənlər birmənalı qəbul edilməyib. Cəmiyyətdə nazirin açıqladığı rəqəmə şübhə ilə yanaşanlar da var.

Elşad Məmmədov: “Dünya iqtisadiyyatındakı sistem artıq effektivliyini  itirib”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov AYNA-ya şərhində deyib ki, 80 min iş yerinin açıldığı ilə bağlı fikirlər dövlət rəsmiləri tərəfindən səslənirsə, bu, hansısa statistika və dinamikaya əsaslanır: “Mən bu rəqəmləri şübhə altına qoymaq fikrindən uzağam. Lakin bununla yanaşı, bir sual da formalaşır ki, son aylar ərzində işgüzar fəallığın azalması ilə bağlı dinamika danılmazdır, göz qarşısındadır və biz görürük ki, iş yerlərinin qapanması, bir sıra istiqamətlər üzrə tamamilə iqtisadi fəaliyyətin dondurulması bu il ərzində müşahidə edildi. Bir sıra istiqamətlər üzrə tələb kəskin şəkildə azaldı. Və bu da sözsüz ki, iş yerlərinin bağlanmamasını mümkünsüz edir”.

 

İqtisadçının sözlərinə görə, yeni iş yerlərinin açılması ilə yanaşı, bağlanan iş yerləri barədə də bir statistikanın olması iqtisadi təhlil üçün faydalıdır: “Çünki pandemiyanın, dünya iqtisadiyyatında böhranın olmasına baxmayaraq, bir tərəfdən sevindirici hal kimi dəyərləndirməliyik ki, yeni iş yerləri açılır. Amma məsələnin digər tərəfinə nəzər salmaq lazımdır. Və obyektiv iqtisadi təhlil yalnız o zaman mümkün olar ki, biz həmin o iş yerlərinin bağlanması ilə bağlı dinamikaya da nəzər salaq”.

 

Məmmədov sosial ödənişlərin də olmasına da diqqət çəkib: “190 manat məbləğində birdəfəlik müavinət verilir. Amma eyni zamanda, unutmamalıyıq ki, 190 manat Azərbaycanada minimum əməkhaqqından aşağı bir rəqəmdir və əgər iş yeri itirilibsə, itkilər şübhəsiz ki, 190 manatdan daha çox olub. Ona görə mən hesab edirəm ki, iqtisadi bloka aid olan qurumlar tərəfindən iş yerlərinin bağlanması ilə bağlı bir dinamikanın da ölkə ictimaiyyətinə təqim olunması yaxşı olardı”.

 

“Bir məqam da var ki, obyektivlik naminə qeyd edilməlidir. Bu, dünyada mövcud olan problemdir. İş yerlərinin bağlanması, işgüzar fəallığın azalmasını biz ABŞ-da, Avropada və digər ölkələrdə müşahidə edirik. Bu, dünya trendidir. İqtisadi təhlilin obyektivliyi üçün iqtisadi mənzərə tam şəkildə təqdim olunmalıdır. Biz görməliyik ki, işsizliklə bağlı olan problemlər hansı səviyyədədir. Regional nöqteyi-nəzərdən ölkəmizin hansı bölgələrində, hansı sahələrində işsizlik daha qabarıq şəkildə ön plana çıxır - bu problemləri bilmək lazımdır ki, bunlardan çıxış yollarını da müəyyən etmək və buna uyğun dövlət siyasətini müəyyənləşdirmək mümkün olsun”, - professor vurğulayıb.

Müəllif: Ülviyyə Şahin