Avtomobilin qiymətləri 708 min yuandan başlayır
“Mercedes-Maybach” S-class modeli ilə rəqabət aparacaq premium “Maextro S800” sedanının Çində satışına başlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Carnewschina.com” məlumat yayıb.
Bildirilib ki, avtomobilin qiymətləri 708 min yuandan başlayır.
Avtomobilin uzunluğu 5480 mm, eni 2000 mm, hündürlüyü 1536 mm-dir. Təkər bazası 3370 mm-dir. Xarici olaraq avtomobil iki rəngli gümüşü-bənövşəyi kuzov rəngi və iri xrom diskləri ilə seçilir. “Maextro” interyeri qəhvəyi tonlarda hazırlanıb. Ön tərəfdə üç ekran var.
Avtomobil rahatlığı təmin edən bir çox funksiyaya malikdir. Arxa oturacaqlar arakəsmə ilə bölünür, içəriyə çəkilə bilən qutu və şüşə tutucu yerləşdirilib.
Qeyd olunub ki, avtomobil 480-dən 1300 at gücünə qədər elektrik stansiyaları ilə təchiz edilib. Batareyanı 10 dəqiqə ərzində 10%-dən 80%-ə qədər doldurmaq olar.
599 avtomobildən ibarət ilk seriya iyunun 26-da dilerlərdə görünəcək. Kütləvi tədarüklər isə avqustda planlaşdırılır.