Hərrac keçirildi: 46 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat

09.03.2023 - 16:38

Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 347 sifariş qəbul edilib

Martın 7-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac keçirilib. Dövlət Xidmətindən AYNA-ya verilən məlumata görə, hərracda 1 kiçik dövlət müəssisəsi və obyekti, 45 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 347 sifariş qəbul edilib. Bunun 49-u elektron qaydada həyata keçirilib. 

Özəlləşdirilən obyekt Şirvan rayonunda yerləşən 27 saylı mağazadır. Torpaq sahəsi ilə birgə özəlləşdirilən əmlak 26 min manata satılıb. Budəfəki hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər rəqabətli şəkildə satılıb. Belə ki, ilkin satış qiyməti 7800 manat olan “Land Rover” markalı avtomobilə edilən ən son təklif 22 min manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 5500 manat olan “QAZ 3302-14” markalı nəqliyyat vasitəsi 12 min 55 manata satılıb. Martın 7-si hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 323 min 760 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür.

Müəllif: Ayna.az