Hasarın o tayındakı qənimət

Cəmiyyət

13.04.2020 - 22:15

Sağ tərəfdəkilərdən başqa hər kəsin azadlığı nisbidir

 

Hasarın o tərəfindəki məsud insanlara qibtə hissi ilə baxırdıq:

 

Balaqları didilmiş, dizləri yırtılmış cins şalvarının arxa cibindən kəlbətin çıxarıb, küləyin qoparıb yerə atdığı elektrik naqilini calamağa çalışan, üzü tüklü, orta yaşlı, yanaqları bir-birinə yapışacaq olan ustaya.

 

Onun gördüyü işi yanpörtü seyr edə-edə, içindən "ayağım o naqilə ilişməsin" qorxusu və hər iki əlindəki zənbillərin ağırlığından "bir cavan əlini uzadarmı" arzusu ilə nisgillənən yaşlı qadın vardı - bircə evə gedib çatmaq, “Diabeton”unu "dadmaq" arzusunda olan - onun azadlığına özənirdik.

 

Küçə ticarətçisi vardı o tərəfdə - Bizim məcburi əmrlə hamamlanmağımızı, üst-başımızı təmiz saxlamağımızı, üzümüzü təraş etməyimizi, bəlkə də xəyal və arzu edən cüssəli bir gənc. Sağ qoltuğuna vurduğu təbii çiçəklərin sol qoltuğundakı süni bəzək əşyalarından daha qiymətli olduğuna dair sürücüləri inandırmağa çalışır, nəticə hasil olmayınca, "heç olmasa, birini al" deyə yalvarıcı nəzərlərini qarşısındakıların üzünə zilləyirdi. Paxıllıqdan dişimiz-dişimizə sıxılırdı - necə də hürrdür.

 

Təkcə ona deyil, qarşıdakı binanın 3-cü mərtəbəsinin eyvanında kilim çırpan nənənin yorğun simasına, 6-cı mərtəbənin açıq pəncərəsində siqaret tüstülədən ağsaqqalın solğun nəzərlərinə də həsəd aparırdıq - azadlıq!

Bürclərin ayrılıq səbəbləri - son xeberler

Bir də sağ tərəfdə tamamən azad olanların "yaşayış kompleksi" vardı. Hamısı azad, hamısı hürr. Hamısı eyni baxır, eyni azadlığı nümayiş etdirirdi. O usta bəzən görünmürdü, əlizənbilli xala yolunu dəyişirdi, çiçəkçi oğlan yeni güllər ardınca gedirdi, nənə və baba eyvandan-pəncərədən çəkilirdi... Amma sağ tərəfdən boylananlar daim ordaydılar - heç üzlərini qiblədən çevirməzdilər!

 

Bu, bir əsgərlik xatirəsidir. Şəhərin göbəyində olsa belə, burnunu bəlli xəttdən kənara çıxara bilməyən, xəttin o tərəfinə boylana-boylana qalan, qarnı tox, sağlamlığı yerində, lakin azadlığı əlində olmayan birinin həsrəti. Azadlıqdan başqa heç bir qəniməti olmayanlara qibtə edən insanın xiffəti. Həm də bir neçə ay sonra azadlığa qovuşacaq birinin səbirsizliyi.

 

Bu gün yenə azadlığa hasarların arxasından boylanırıq. Lakin o tərəfdə kimsə yoxdur – nə yırtıq şalvarlı usta, nə şəkər xəstəsi xala, nə boyu hündür-boynu bükük çiçəkçi, nə acısını çırpdığı kilimlərə tökən nənə, nə kimsəyə demədiyi dərdini siqaretin tüstüsü ilə buğumlandıran baba, nə də bir başqası. Bu dəfə azadlıq özü hamımıza hasarın o tayından boylanır.

 

Bircə sağ tərəfdəkilərdən başqa (o qəbristanlıq bizim hərbi hissənin sağ tərəfində yerləşirdi deyə onları sağdakılar kimi xatırlayıram). Onlar tövürlərini və dövrlərini dəyişməyiblər. Çünki gerçək hurriyyət qorxu, daş hasar, dəmir qadağa tanımaz. Və sağdakıların azadlığı bir daha heç vaxt əllərindən alınmamaq şərtilə özlərinə qaytarılıb.

 

Bəli, hazırda ölkəmiz və dünyamız karantin altındadır, azadlıqlarımız məhdudlaşdırılıb, arzularımız hasarların arxasına kilidlənib. Belə nə qədər davam edəcəyi bəlli olmasa da, mütləq bir sonu olacağı, həm də əsgərlik müddətindən daha tez başa çatacağı şübhəsizdir.

 

O zaman hasarın o tayındakılar təkrar ortaya çıxacaq, ənənəvi vərdişlər bərpa olunacaq. Amma qorxulan odur ki, bu dəfə yerlərimiz dəyişsin – AZADLIĞIMIZI hasarın bu tərəfində buraxıb keçək qarşı yana. İçimizdə öldürək bu hissi, təhtəlşüurumuzu qaranlığa əsir edək (Hərbi xidmətdən sonra uzun zaman mülki həyata adaptasiya oluna bilmirik - əsgər kimi yeriyir, yatır-qalxır, zabit kimi əmr alıb-əmr veririk).

 

Allah beləsindən qorusun. Təki, azadlığımız virusa yoluxmasın...

Müəllif: Tural Talehoğlu