Tsulukiani: “İvanişvili Gürcüstanın sabitlik və təhlükəsizliyinin qarantıdır”
“Bidzina İvanişvili uzun illərdir Gürcüstanın siyasi sabitliyinin və təhlükəsizliyinin qarantı olub”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Mədəniyyət Nazirliyinin rəhbəri Tea Tsulukiani oliqarx və hakim “Gürcü Arzusu” Partiyasının qurucusu Bidzina İvanişvili barəsində deyib.
Tsulukiani vurğulayıb ki, İvanişvili siyasi xeyriyyəçilik də daxil olmaqla görünməmiş xeyriyyəçiliyin müəllifidir: “İvanişvili görünməmiş xeyriyyəçiliyin, o cümlədən siyasi xeyriyyəçiliyin müəllifidir. Cənab İvanişvili 2012-ci ildən bəri açıq və aydın şəkildə, birdən çox layihəsi ilə Gürcüstana çox yaxşılıq etdi. Bu qədər illərdir ki, bu dövlətin təhlükəsizliyinin və sabitliyinin əsas təminatçısı İvanişvili olub”.
Qeyd edək ki, son günlər hakimiyyətdə olan partiyanın nümayəndələri, “Gürcü Arzusu”nun liderləri yorulmadan oliqarxa təşəkkürlərini təkrarlayırlar. Məsələn Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze oliqarxı siyasətdə “qrossmeyster” adlandıraraq İvanişvilinin verdiyi məsləhətin vacibliyini vurğulayıb.