Fırtına yıxmır, alov yandırmır: minillərin inanc yeri – FOTOLENT

Maraqlı

11.02.2024 - 16:57

Onu bir il evdə saxlayın, arzularınız yerinə yetdikdən sonra yenə yerinə qaytarın

Yazın müjdəçisi olan Xıdır Nəbi bayramını ölkəmizdə ən təmtəraqlı qarşılayan bölgələrdən biri Tovuz rayonudur. Rayon sakinləri qış fəslinin soyuq günlərinin geridə qalmasını özlərinəməxsus tərzdə qeyd edirlər.

Belə ki, sakinlər il ərzində niyyət tutur, əhd edir və bayram günü elliklə su, torpaq və alovun qovuşduğu yerə - Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən xan çinarın ətrafına toplaşırlar. Rəvayətə görə, Xızır İlyas bu ağacın dibində qonaq olub. Kənd sakinləri ən güclü küləyin onun budaqlarına təsir edə bilmədiyinə, alovun bu ağacı yandırmadığına inanırlar.

Kəndin qarşı sahilində yerləşən çinarın ətrafına getmək üçün insanlar bir neçə dəfə su keçməli olurlar. Onlar evlərində hazırladıqları lopaları gətirir, əhd edərək çinarın ətrafında yandırırlar.

Rituallardan biri də Ocaq Çinarın ətrafında dövrə vurmaqdır. Ən azı 3 dövrə vuran ziyarətçilər onun budaqlarına, əsasən qırmızı parçalar bağlayır, əhd edərək onun budağından kiçik bir hissə qıraraq özləri ilə götürürlər. İnanca görə, 1 il evdə saxladıqları çubuğu, tutduqları arzular yerinə yetdikdən sonra yenə çinarın yanına qaytarırlar. İl ərzində arzu və niyyətləri həyata keçənlər isə özləri ilə gətirdikləri şirniyyatları nəzir olaraq ziyarətçilərə paylayırlar.

Xıdır Nəbi bayramının əvəzedilməz təamlarından biri də qovrulmuş buğdadan hazırlanan qovut unudur. İnanca görə, bayram axşamı qovut ununu şərbətlə qarışdırıraq dürmək edir, onu qonşular, qohumlar arasında paylayırlar. Özləri hazırlamayanlar isə çinarın yaxınlığında olan satıcılardan alırlar.

Sakinlər Xıdır Nəbi gecəsi adlandırdıqları həmin müddəti sevinclə keçirirlər. Bu şənliyə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əməkdaşları da hər il olduğu kimi öz töhfələrini verirlər. Xıdır Nəbi bayramından sonra yalançı, ardınca isə xəbərçi çərşənbə gəlir.

Fotoların dili ilə:

(İnsanlar su, torpaq və alovun birləşdiyi yerə axışırlar)

(İnanc yeri çayın digər sahilində yerləşdiyi üçün, bir neçə dəfə sudan keçmək lazım olur)

(Ziyarətçilər ən azı üç dəfə çinarın başına fırlanırlar)

(Valideynlərin ziyarəti əsnasında uşaqlar lopalara od vururlar)

(Əllərini toxunduraraq, ondan kömək diləyirlər)

(Özləri ilə gətirdikləri qırmızı parçaları ağaca bağlayır - əhd edirlər)

(Əhd edib ağaca bağlanmış lent və yaylıqlar)

(Bəzən lentlər ayaqlar altında qalır)

(Sonra özləri ilə gətirdikləri lopalara od vururlar)

(Ziyarətçilərin od vurduqları lopalar)

(Lopaların və ocağın tüstüsü ətrafa yayılır)

(Çinarın budaqlarından çubuqlar qıraraq evlərinə aparırlar)

(Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin bayram töhfəsi)

(Xalq musiqi alətləri ilə bayrama bayram qatqısı)

(Bayram davam edir)

(Lopa ilə çinarın başına dövrə vuran qadınlar)

(Ziyarətçilərin övlad və nəvələri bayram şənliyində)

(Qovut unu)

(Qovut unundan hazırlanan şirniyyat)

Müəllif: İlham Mustafa