“Altrata” bu siyahıya dünyanın hər yerindən 24 milyarderi daxil edib
Dünyanın hər yerindən cəmi 24 nəfərin daxil olduğu supermilyarderlər siyahısına ABŞ Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri İlon Mask başçılıq edir. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” “Altrata” analitik şirkətinin məlumatlarına istinadən yazıb.
Bildirilib ki, bu gün hər birinin sərvəti ən azı 50 milyard dollar olan supermilyarderlərin yeni kateqoriyası meydana çıxıb. “Altrata” bu siyahıya dünyanın hər yerindən 24 milyarderi daxil edib. Reytinqdə birinci yerdə “SpaceX”, “Tesla” və “X” şirkətlərinin lideri İlon Mask 419,4 milyard dollar sərvətlə qərarlaşıb. Ondan sonra “Amazon” onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos (263,8 milyard dollar), lüks nəhəng LVMH şirkətinin sahibi Bernard Arnault (233 milyard dollar) gəlir. “Meta” korporasiyasının baş direktoru Mark Zukerberq (220,8 milyard dollar) də siyahıdadır.
“Altrata”nın hesablamalarına görə, ümumilikdə dünyanın 24 ən varlı adamının sərvəti 3,3 trilyon dollar təşkil edir ki, bu da Fransanın nominal ÜDM-i ilə müqayisə oluna bilər. Siyahıda yer alan 16 nəfərin sərvəti 100 milyard dolları ötür. Üstəlik, 19-cu əsrdə və 20-ci əsrin əvvəllərində ən varlı adamlar sənayeçi idisə, indiki supermilyarderlərin çoxu öz kapitallarını texnologiya sektorunda çalışaraq qazanırlar.