Tarix yazanlardan olmaq nə böyük xoşbəxtlikdir

Maraqlı

17.08.2021 - 16:49

Həkimlər Klinikalar SEO Xidməti

1990-cı illərdə mətbuatda ilk dəfə Latın əlifbasına “Ayna –Zerkalo” qəzeti keçib

 

Bəlkə də çoxlarımız bilmirik ki, Azərbaycan ikinci dəfə müstəqilliyə qədəm qoyanda mətbuatda hansı qəzet ilk dəfə kiril əlifbasından latın əlifbasına keçib. Mən də bilmirdim.

 

Bir neçə gün öncə Qiymət anamgildə - Gülməmməd dayının ocağında qonaq idim. İctimai-siyasi xadim, "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli də bu halal ocağa qonaq gəlmişdi. Millət, Vətən sevdalı Zəlimxan müəllim doğru-düzgün, Vətəni təmənnasız sevən insanlardan söhbət açdı. Həmin insanlar içərisində Xalq yazıçısı İsmayıl Şıxlının, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlinskinin adını xüsusi vurğuladı.

 

Zəlimxan müəllim söhbətinə tarixi bir xatirəni danışaraq davam etdi: "Mən AXCP-də ictimai-siyasi əlaqələr şöbəsinin müdiri idim. Kiril əlifbasının ləğvini səsə qoyduq. Biz bu işin uğurlu alınması üçün bu yola mətbuatdan çıxmağın daha uğurlu olacağını düşündük. Ancaq o zaman çox redaktorların canında hələ də Moskva xofu var idi. Ona görə də Kiril əlifbasından Latın əlifbasına keçməyə ürək etmirdilər. Həmin dövrdə bu böyük addımı "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlinski atdı. Azərbaycan mətbuatında Kiril əlifbasından Latın əlifbasına keçid məhz Elçin Şıxlinskinin rəhbərliyi ilə ilk olaraq "Ayna-Zerkalo"dan başladı. Biz də bu böyük addımı alqışladıq. Qəzetin baş redaktoru və kollektivə təşəkkürümüzü bildirdik. "Ayna-Zerkalo"dan sonra  uşaqların sevimli qəzeti olan "Tumurcuq" qəzeti latın əlifbasına keçid etdi. Beləliklə Elçin Şıxlinskinin mətbuatda atdığı bu addım tarixə yazıldı".

 

Tarix yazanlardan olmaq nə böyük xoşbəxtlikdir. Var olsun təmənnasızları. Var olsun tarix yazanları!

 

Səbinə Yusif

Müəllif: Ayna.az