Səfirlik ABŞ-ın Qafqaz üzrə baş müşavirinin səfərinin məqsədini açıqlayıb
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker noyabrın 28-29-da Azərbaycanda səfərdə olacaq. AYNA bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, Bakıya səfəri zamanı səfir Filip Riker Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla hökumət rəsmiləri ilə görüşəcək: “Hər iki tərəf davamlı sülh razılaşmasına nail olmağa çalışdığı bir zaman səfir Riker ABŞ-ın Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlara davamlı dəstəyini vurğulayacaq”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib.