Tahir Kərimli: “Soruşmaq lazımdır ki, cənab Rüstəm Muradov, sən niyə Putinin mövqeyinin əleyhinə addımlar atırsan?”
Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanatın maddələrindən biri də erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasını nəzərdə tutur. Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi erməni terrorçu qruplarının ərazidən çıxarılması ilə paralel şəkildə həyata keçirilməli idi. Lakin noyabrın 26-da erməni silahlıları Hadrut istiqamətində Azərbaycan hərbçilərinə hücum etdi. Bundan sonra açıqlama verildi ki, Ermənistan mərkəzi hakimiyyətinə tabe olmayan bir qrup başıpozuq erməni terrorçusu Qarabağda dağlarda gizlənib, partizanlıq edir.
Azərbaycan Ordusu və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həmin başıpozuq dəstələri zərərsizləşdirmək üçün antiterror əməliyyatı keçirdi və dekabrın 11-də erməni silahlıları zərərsizləşdirildi. Bir çox terrorçu Azərbaycan hərbçiləri tərəfindən əsir götürüldü.
İndi həmin əsirlərin qaytarılması üçün Ermənistanın müxtəlif bölgələrində, əsasən də paytaxt İrəvanda aksiyalar keçirilir. Maraqlıdır, dekabrın 1-dək Ermənistan silahlıları Qarabağdan çıxarılmalı olduğu halda, diversiya törədən erməni terrorçuları haradan peyda oldular? Axı, açıqlamada bildirilmişdi ki, dağlara çəkilən erməni terrorçuları Qarabağ separatçılarının “Müdafiə Ordusu” adlandırdığı ermənilərindən ibarət başıpozuq dəstələrdir. Bəs, belədirsə, o zaman əsir götürülən erməni əsgərlərinin valideynləri niyə İrəvanda, Sünikdə, Gorusda və Ermənistanın digər yerlərində aksiya keçirirlər?
Aksiya iştirakçıları olan valideynlərin əksəriyyəti İrəvan sakini olduqlarını bildirirlər. O zaman ortaya belə bir məqam meydana çıxır: ya Ermənistan əsgərləri dekabrın 1-dək Qarabağdan çıxarılmayıblar, ya da dekabrın 1-dən sonra partizanlıq etmək üçün Qarabağa gəliblər. Hansı hal olursa olsun, bu, Rusiya sülhməramlılarının öhdəsinə düşən işi layiqincə yerinə yetirmədiyinin göstəricisi sayılır.
Məsələ ilə bağlı AYNA-nın suallarını cavablandıran Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli də deyib ki, 10 noyabr bəyanatında silahlılarla bağlı xüsusi bənd var:
- Sənəddə qeyd olunur ki, erməni silahlıları bölgədən çıxarılır, paralel olaraq onların yerinə Rusiya sülhməramlıları yerləşdirilir. İndi sual olunur: nə üçün sülhməramlılar yerləşib, amma erməni yaraqlıları da bölgədədirlər? Burada iki versiya var: birinci versiya ondan ibarətdir ki, separatçıların başıpozuq dəstələri həmin vaxt dağlara, dərələrə çəkiliblər, öz ağıllarınca partizanlıq edirlər. Guya, bunlar müharibənin nəticəsiylə, məğlubiyyətlə barışmırlar, sonadək vuruşmaq istəyirlər. İkinci versiya isə ondan ibarətdir ki, Rusiya sülhməramlıları səhlənkarlıq ediblər, onlar bölgəyə yerləşən vaxt erməni silahlılarının çıxıb-çıxmamasına nəzarət etməyiblər, etsələr də, nəzarət zəif olub. Yəni separatçı rejimin özünü “müdafiə ordusu” adlandırdığı birləşmənin tör-töküntüsü orada qalıb.
- Söhbət Dağlıq Qarabağ ermənilərinin silahlılarından yox, Ermənistandan olan silahlılardan gedir. Çünki İrəvanda erməni əsgərlərin valideynləri aksiya keçirirlər ki, övladları Dağlıq Qarabağdadırlar və Azərbaycan hərbçilərinin əsir götürdüyü yaraqlıların arasındadırlar...
- Fikrimi ora gətirirdim ki, ola bilsin, müharibə bitəndə, Rusiya sülhməramlıları Qarabağa yerləşəndə, çıxmalı olan Ermənistan hərbçiləri çıxmayıblar, qaçıb dağlarda gizləniblər. Yaxud da, ola bilsin, sülhməramlıların gözündən yayınıblar, yenidən Ermənistandan Qarabağa gəliblər. Çünki İrəvanda yenidən belə çağırışlar var ki, revanş götürəcəklər, partizanlıq edəcəklər. Mən istisna etmirəm ki, onların Qarabağa yenidən qayıtmasına sülhməramlılar göz yumublar. Bəlkə də həqiqətən sülhməramlıları aldadıblar, mülki erməni kimi Qarabağa gəliblər. Hər bölgədə qalan erməni yaraqlılarının bir neçə yüz nəfər olması, əllərində silah, ağır texnikalarının olması şübhələri artırır. Azərbaycanın Müdafiə Nazirliyinin rəsmiləri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi Rusiya sülhməramlılarının komandanı ilə bu haqda danışmışdı. Şübhəsiz ki, danışıqlar zamanı erməni yaraqlılarının Qarabağda qalıqlarının olduğu sülhməramlıların komandanı Rüstəm Muradovun diqqətinə çatdırılıb.
- O zaman sülhməramlılar işinin öhdəsindən gəlməyib, ya da gəlmək marağında olmayıb?
- Rusiya sülhməramlıları erməni terrorçu yaraqlılarına çağırış edib, onların çıxmalı olduqlarını bildiriblər. Görünür, partizanlıq eşqinə düşən erməni yaraqlıları sülhməramlıların çağırışına məhəl qoymayıblar. Baxmayaraq ki, Rusiyanın bəzi dairələrində, ermənipərəst mediasında bu barədə danışılmır. Amma mənim bildiyim qədər, erməni terrorçuları sülhməramlıların əmrini qulaqardına vurublar. Həmin vaxt Azərbaycan tərəfi antiterror əməliyyatı keçirdi və terrorçu ermənilər içərisində öldürülən də oldu, yaralanan da, əsir götürülən də. Azərbaycan Ordusu və DTX-nın əməliyyatı ilə bəzi hissələr terrorçulardan təmizləndi, rus sülhməramlıları oraya, yəni ki, təmas xətti deyilən əraziyə yerləşdi.
- Maraqlıdır ki, noyabrın 26-da erməni silahlıları bizim əsgərlərimizə hücum ediblər. Rusiya tərəfindən bu haqda heç nə deyilmədi. Amma bizim əsgərimiz dekabrın 10-da antiterror əməliyyatı keçirdi. Rusiya tərəfindən dərhal atəşkəsin pozulması haqqında açıqlamalar verildi, hətta, rus mediasında Azərbaycanın atəşkəsi pozduğu barədə yazıldı...
- Azərbaycan atəşkəsi pozmayıb, öz ərazisində suverenliyinə təhdid yaradan terrorçu ünsürləri zərərsizləşdirib. Buna atəşkəs pozuntusu yox, antiterror əməliyyatı deyirlər. Azərbaycanın antiterror əməliyyatı bölgə üçün, region dövlətlərinin siyasəti baxımından çox mühüm məsələ idi. Çünki erməni silahlıları sülhməramlıların arxasında gizlənərək yenidən işğalçılıq əməli törədə bilərdi. Azərbaycan antiterror əməliyyatı ilə bir daha bəyan etmiş oldu ki, mövqeyində qətidir, ərazi bütövlüyünün bərpası məsələsində bir addım da kənara çəkilməkdən, güzəştdən söhbət gedə bilməz. Hər kəs birmənalı şəkildə anlamalıdır ki, Azərbaycan öz ərazilərində antiterror əməliyyatı keçirə bilər və bunun üçün kimdənsə icazə istəməyəcək. Bununla Azərbaycan heç bir hüququ pozmur, heç bir öhdəliyin ziddinə getmir, heç bir razılaşmanı rədd etmir. Azərbaycanı qınamaq istəyən Rusiyadakı müəyyən qüvvələr də, mediaları da bunu anlamalıdırlar. Onların nə deməsindən asılı olmayaraq, bizim öz qətiyyətli siyasətimiz, prinsipial mövqeyimiz var. Əslində, 10 noyabr bəyanatını biz yox, qarşı tərəf pozub.
- Ermənistanla yanaşı, həm də Rusiya pozub. Çünki dekabrın 1-dək erməni silahlılarının bölgədən çıxarılmasını sülhməramlılar tələb və təmin etməli idilər...
- Əlbəttə, Rusiya sülhməramlıları da bəzən səlahiyyətlərini yerinə yetirmir, səlahiyyətlərindən kənara çıxırlar. Sülhməramlıların komandanı bilməlidir ki, onun Prezidenti və Ali Baş Komandanı, yəni, Vladimir Putin üçtərəfli bəyanata imza atıb. Eyni zamanda, dəfələrlə bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Soruşmaq lazımdır ki, cənab rüstəm Muradov, niyə Putinin açıqlamalarının, mövqeyinin əleyhinə addımlar atırsan? Bilirsiniz, Qarabağla bağlı imzalanan sənəddə Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Xırda məsələlər var ki, məsələn, Dağlıq Qarabağ ermənilərinin yaşayışının təmini kimi, onlar da danışıqlarla həllini tapacaq. Rusiya sülhməramlılarının missiyası da orada sülh yaratmaqdır, gərginlik yaratmaq yox. Sülhməramlıların komandanı öz rəhbərinə hörmət qoymalı, Xankəndidə və Qarabağın bütün yerlərində separatçıların “bayraq” adlandırdığı əski parçasını endirməli idilər, ermənilərə başa salmalı idilər ki, siz Azərbaycan vətəndaşısınız. Yəni, sülh yaratmaq istəyirlərsə, bu cür barışdırıcı addımlar atmalıdırlar. Bunlar isə əksinə, separatçıların başçısı ilə görüşürlər, iclas keçirilər və s. Bunlar sülhməramlı missiyadan kənara çıxmaqdır, Rusiya Prezidentinin əleyhinə getməkdir. Hesab edirəm ki, bu barədə şəxsən Putinə müraciət olunmalıdır, deyilməlidir ki, sənin göstərişinə əməl etmirlər. Əksinə, sülhməramlılar separatçıları himayə etməklə, onları təşkilatlandırmaqla məşğuldurlar. Düşünürəm ki, son keçirilən antiterror əməliyyatı ermənilərə də, sülhməramlılara da dərs oldu. İndi proses yeni başlayıb. İnanıram ki, Azərbaycan qətiyyətini bundan sonra da davam etdirəcək. Hələlik Türkiyənin monitorinq missiyası bölgəyə gəlməyib. Onların gəlişindən sonra da vəziyyət stabilləşəcək, monitorinq aparacaqlar.
- Güman etmirsizmi ki, Rusiya siyasi elitasında Qarabağ məsələsinin həlli ilə bağlı yekdil mövqe yoxdur? Məsələn, siz dediyiniz kimi, Putin bəyanata imza atır, amma sülhməramlılar Qarabağda erməni himayəçiliyi ilə məşğul olurlar, erməni separatizminə göz yumurlar, mandatlarına uyğun davranmırlar. Yaxud da, Putin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bəyanatını verir, amma Rusiyanın xarici işlər naziri başqa açıqlama verir. Ziddiyyətli mövqelər sezilir, həm Rusiya siyasi elitasının, həm də mediasının...
- Məlum məsələdir ki, dünyada erməni lobbisinin təsir dairəsi genişdir. Lobbinin güclü olduğu ölkələrdən biri də Rusiyadır. Ermənilər o dərəcədə kök salıblar ki, hətta, onlar Rusiyanın Xarici İşlər Nazirliyinə də təsir edə bilirlər. Rusiya mediası isə demək olar ki, ermənilərin əlindədir. Ziddiyyətli mövqelər də buradan qaynaqlanır. Mən inanmıram ki, Putinin iradəsinin əleyhinə real fəaliyyət ortaya qoyulsun. Hətta, 10 noyabr bəyanatından sonra Rusiya siyasi elitası tam olmasa da, müəyyən qədər ermənipərəst mövqedən çəkilib. Daha doğrusu, ermənipərəstlikdən çəkilməyə məcbur qalıb. Əlbəttə, erməni lobbisi təkcə media sahəsində deyil, eyni zamanda siyasi sahədə də ciddi mövqelərə malikdirlər. Məsələn, son günlər sülhməramlıların Qarabağdakı mövqeyi ilə bağlı yeni xəritə üzə çıxdı, hansı ki, sonradan dəyişdirməyə məcbur oldular. Baxın, o “xəritə oyunu” da, digər qalmaqal yaradacaq məsələlər də həmin erməni lobbisinin mövqelərindən qaynaqlanır. Bir misal çəkim: Türkiyə Ukraynaya cəmi 6 ədəd pilotsuz uçuş aparatı satmışdı. Aylarla Rusiya mediasında Türkiyə əleyhinə kampaniya aparıldı, ekspertlər, siyasilər verilişlərə dəvət olundu, ağızlarına gələni danışdılar. İndi Rusiyadan S-400 aldığına görə Türkiyəyə sanksiyalar tətbiq edilir, amma Rusiya mediası susub. Hansı ki, onlar Türkiyəni daha çox müdafiə etməlidirlər, çünki alınan silah onlarındır. Buna kim imkan vermir? Əlbəttə, Rusiyadakı erməni lobbisi. Onlar istəmirlər ki, Türkiyə ilə Rusiyanın əlaqələri yaxşı olsun. Hesab edirəm ki, Rusiya bu ermənilərdən ölkəsini təmizləməlidir. Bu, Rusiyanın özünə ziyan gətirən amildir. Erməni hər zaman hansı ölkədə yaşayıbsa, o ölkəyə xəyanət edib, o ölkənin dağılmasına çalışıb. İnanıram ki, Kremldə bunu anlayacaq adamlar var. Yəni ki, bundan sonra region ölkələri birlik nümayiş etdirəcək, öz çıxarları naminə sülhün tərəfdarı olacaq.