Qazaxıstanın sabitliyi və təhlükəsizliyinin region üçün vacibliyi vurğulanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri ilə Qazaxıstanda baş verən hadisələrlə bağlı ayrı-ayrılıqda telefon danışığı aparıb.
AYNA xəbər verir ki, bu barədə Türkiyənin prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Ərdoğan Qazaxıstan Prezidenti Qasım Jomart-Tokayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstan Prezidenti Sadır Japarov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı zamanı Qazaxıstandakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıb.
Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstan Prezidenti Sadır Japarov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı zamanı Qazaxıstanın sabitliyi və təhlükəsizliyinin bütün region, xüsusən də qonşuları üçün vacib olduğunu vurğulayıb və Qazaxıstanın da bundan sonra daha da möhkəmlənəcəyinə, problemin dialoq yolu ilə həll ediləcəyinə əmin olduğunu bildirib.