Dünyanın “çörək anbarları” bağlanıb - Qiymətlər bahalaşacaq

İqtisadiyyat

07.04.2022 - 23:21

Hindistan qlobal taxıl bazarında Rusiya və Ukraynanı əvəz edə biləcəkmi?

Hindistan Rusiya ilə Ukrayna arasındakı müharibənin yaratdığı reallıqdan istifadə edərək, bu iki ölkənin dünya bazarına çıxardığı buğdanın bir hissəsini öz üzərinə götürmək niyyətindədir. Taxıl ixrac olunmalı 30 ölkə arasında Azərbaycan da var.

Yüksək buğda məhsulu gözləntiləri ərəfəsində Cənubi Asiya nəhəngi artıq ya hökumətdən hökumətə sövdələşmələr, ya da özəl kanallar vasitəsilə tədarükün artırılmasına diqqət yetirir. Hindistan Misir, Suriya, Mərakeş, Türkiyə, Azərbaycan, Sudan, İtaliya, Yəmən, Yunanıstan, eləcə də Şimal-Şərqi Afrika ölkələrini yeni alıcılar kimi nəzərdən keçirir.

Rəsmi statistikaya görə, bu gün Azərbaycan strateji əhəmiyyət kəsb edən bu dənli bitkiyə olan daxili tələbatını 60 faiz ödəyir, qalan 40 faizi isə əsasən Rusiyadan idxal olunur. Oradan hər il orta hesabla 300 milyon dollarlıq 1,5 milyon tona qədər buğda gətirilir. Analitiklərin fikrincə, avqustun 31-dən əvvəl Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri üçün onun ixracına tətbiq edilən məhdudiyyətlər mütləq regional bazara təsir edəcək.

Ölkəmiz adıçəkilən struktura daxil olmasa da, bu addımın ona da təsir edəcəyinə ekspert dairələri əmindir. Hazırda ölkəmizdə taxıl qıtlığı yoxdur, lakin regional bazarda qeyri-müəyyənlik və bununla bağlı risklərin gözləntisi var.

Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramovun AYNA-ya şərhinə görə, indiki şəraitdə buğda idxalının alternativ mənbələrini nəzərdən keçirmək vacibdir: “Bu gün Hindistan Rusiya və Ukraynanın həcminin bir hissəsini əvəz etməyə çalışır. Azərbaycan Cənubi Asiyadakı bu ölkə ilə bir sıra ərzaq məhsullarının idxalı ilə bağlı əməkdaşlıq edir və ona görə də qıtlığın yaranmaması üçün oradan buğda idxalı istisna edilmir. Bundan əlavə, söhbət dünyanın ən böyük taxıl ixracatçısı kimi tanınan ölkədən gedir”.

Deputat ərzaq inflyasiyasında müşahidə olunan qlobal tendensiyaları nəzərə alaraq qiymət artımı da gözləyir: “Qiymət artımının qarşısını almaq üçün milli hökumət yerli buğda istehsalını genişləndirmək üçün tədbirləri gücləndirəcək”.

"Bloomberg" xəbər verir ki, Ukrayna ətrafındakı hadisələrdən qaynaqlanan dünya ərzaq böhranının ilk dalğalarına səbəb olan böhran fonunda Hindistanın anbarları taxılla dolub-daşır və ölkə fermerləri daha bir rekord məhsul yığmağa hazırlaşır. Bununla belə, digər yerli analitiklər bu ölkənin Ukraynanı bazardan çıxaracağına və Rusiyanın ixracı azaltmasını əhəmiyyətli dərəcədə kompensasiya edə biləcəyinə şübhə edirlər.

İqtisad elmləri doktoru, professor Müslüm İbrahimov AYNA-ya deyib ki, Hindistanın planları daha çox qısamüddətli effekt əldə etməyə yönəlib: “Buğdanın tədarükü əlavə olaraq Türkiyə, Misir və Yaxın Şərq ölkələrini əhatə edəcək və bütün idxalçılar üçün mümkün olmayacaq”.

“Bundan əlavə, Hindistan buğda ixracının genişləndirilməsinə çox ehtiyatla yanaşır. Dünya buğda ixracının strukturunda bu ölkənin payı 1%-dir. Burada nəhəng daxili bazar da nəzərə alınmalıdır - xarici bazarlarda təklifin güclü artımı Hindistanın özündə də tələb və təklifin ciddi balanssızlığına səbəb ola bilər”, - deyə həmsöhbətimiz bildirib.

İqtisadçı Xalid Kərimli da o fikirdədir ki, Hindistan Rusiya və Ukrayna üçün ciddi rəqib ola bilməz: “Rusiya və Ukrayna dünyanın çörək anbarlarıdır. Hər iki ölkə taxıl ixracı üzrə dünya liderləri üçlüyünə daxildir. Amma bunu Hindistan haqqında demək olmaz”.

“Hindistanın taxıl istehsalı yüksək olsa da, o, əsasən daxili tələbatı ödəyir və qlobal taxıl bazarında əsas oyunçu deyil. Bu baxımdan Şərqi Avropadakı vəziyyət, Ukraynanın bazardan çıxarılması və Rusiyaya qarşı sanksiyalar qiymətlərin bahalaşmasına səbəb olacaq”, - deyə mütəxəssis vurğulayıb.

Müəllif: Tanya Samsonova