Dövlətin payı vətəndaşın halal haqqıdır – Dünənki haqsızlığı sabaha ötürmək olmaz

Cəmiyyət

26.02.2022 - 15:43

Nüsrət İbrahimov: “Müvafiq komissiya və ya qurum yaradıb, bu məsələyə birdəfəlik son qoymaq – insanların hüquqlarını bərpa etmək lazımdır”

Ayazbəy Əhmədov: “Yüz minlərlə vətəndaşın çekləri əllərində qalıbsa, bu məsələyə yenidən qayıtmaq zəruridir - bu, dövlətin öz vətəndaşlarının maraqlarını qoruması demək olacaq”

Ötən əsrin 90-cı illərində mərhum Prezident Heydər Əliyevin fərmanı ilə, hər bir payda dörd çekdən ibarət olan özəlləşdirmə çekləri əvəzsiz olaraq  vətəndaşkara təqdim edildi. Yenicə müstəqilliyə qədəm qoymuş ölkəmizdə vətəndaşlara vauçerlərin paylanılması böyük ümidlər yaratsa da, proses uğurla təşkil edilmədi. Əhalinin maariflənmə səviyyəsinin aşağı olması, məsələyə məsul dövlət qurumlarının yarıtmaz fəaliyyəti, bəzi işbazların və məmur-oliqarxların sui-istifadə halları milyonlarla insanın hüquqlarının pozulması ilə nəticələndi.

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var. Hansı ki, 2011-ci ildən etibarən bu vauçerlərin tədavül müddəti başa çatıb. Bu xüsusda ölkə ziyalıları, deputatlar, ictimai-siyasi fəallar, iqtisadçılar tədavül müddətinin artırılması, dəymiş zərərin ödənilməsi təşəbbüsü ilə çıxış edirlər.

Hazırda Azərbaycanda həyata keçirilən çoxvektorlu islahatları, bu islahatların bütün hakimiyyət qollarını əhatə etməsini, institusional islahatlar nəticəsində dövlət idarəetməsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını, həmçinin deputatların, ölkə ziyalılarının, ictimai-siyasi sektor təmsilçilərinin bununla bağlı çoxsaylı çağırışlarını nəzərə alsaq, özəlləşdirmə çekləri ilə bağlı vaxtilə yol verilmiş böyük haqsızlığın aradan qaldırılacağına dair nikbinlik meydana gəlir. Özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılmasının, pay sahiblərinin növbəti özəlləşdirmə prosesində iştirakının təmin olunmasının və ya onlara kompensasiya ödənilməsinin vacibliyindən bəhs edən mütəxəssislər bildirirlər ki, bu, hazırda elan olunan islahatlar prosesinin ruhuna uyğundur və dövlət-vətəndaş münasibətlərində etimad səviyyəsinin artmasına gətirib çıxaracaq.

“MBA” konsaltinq hüquq şirkətinin baş direktoru Nüsrət İbrahimov AYNA-ya açıqlamasında deyib ki, ötən əsrin 90-cı illərində vətəndaşlara əvəzsiz olaraq özəlləşdirmə çekləri paylanılsa da, sonradan proses yarımçıq saxlanıldı: “Bu, çox mütərəqqi bir qərar idi. Çünki Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi. Sovetdən qalma dövlət əmlakının vətəndaşlar arasında bölüşdürülməsi ən optimal variant idi. O zaman bununla bağlı verilən fərman cəmiyyətdə böyük sevinclə qarşılandı”.

“Əslində özəlləşdirməyə çıxarılacaq müəssisələrdə əsas payçılar da vətəndaşlar olmalı idi. Bu, həm də keçid dövründə olan ölkəmizin vətəndaşları üçün bir imtiyaz demək idi. Nəticədə yeni-yeni fəaliyyət sahələri formalaşmalı, əhali bazar iqtisadiyyatına transformasiya etməli idi. Çox təəssüf ki, bu proses məlum səbəblərdən sona qədər aparılmadı. Artıq 11 ildir ki, tədavül müddəti bitib və hesab edirəm ki, müddətin yenidən artırılması labüddür”, - deyə həmsöhbətimiz bildirib.

Ekspertin sözlərinə görə, bu məsələnin yenidən gündəmə gəlməsi prosesin bitmədiyini söyləməyə əsas yaradır: “Əvvəla, o zaman məsələyə məsul qurumlar maarifləndirmə işini yüksək səviyyədə aparmadı. Əhalinin əksər hissəsi ümumiyyətlə, bilmədi ki, bu vauçerlərin mahiyyəti nədir. Hesab etdilər ki, bu çekləri satışa çıxarmaq daha məqbul yoldur. Təbii ki, gözləyənlər və gözləmə mövqeyində qərarlaşıb, bu çekləri itirənlər də oldu. Əhalinin xeyli hissəsi öz vauçerlərini, belə desək, “əritdi””.

“Lakin bütün bunlarla yanaşı bu gün də çekləri əllərində qalan vətəndaşlarımız var. Məlumatlara görə, onların sayı yüz minlərlədir. İmkan vermək olmaz ki, onlar dövlətin ayırdığı halal haqlarından məhrum olsunlar. Bu baxımdan məsələyə yenidən qayıtmağa - ya tədavül müddətini artırmağa, ya da müvafiq kompensasiya ödəməklə çek sahiblərinin hüquqlarını bərpa etməyə ciddi ehtiyac var”, - İbrahimov vurğulayıb.

Əlavə edib ki, hökumət bununla bağlı müvafiq araşdırmalara başlamalıdır: “Əvvəlcə müəyyən olunmalıdır ki, əllərdə nə qədər çek var. Buna müvafiq olaraq kompensasiya mexanizmləri hazırlanmalıdır. Hər hansı komissiya və ya qurum yaradıb, bu məsələyə birdəfəlik son qoymaq lazımdır”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ayazbəy Əhmədov da AYNA-ya şərhində sözügedən məsələdə insanların haqlarına hörmət edilməli olduğunu söyləyib: “Özəlləşdirmə çeklərinin tədavül müddəti başa çatsa da, bəzi vətəndaşlar öz çeklərindən istifadə etməyiblər. Onlar zamanında bu vauçerlərdən istifadə edə bilərdilər, amma etməyiblərsə belə, öz çeklərini qoruyub-saxlamaq da vətəndaşın hüququdur və buna da hörmətlə yanaşmaq lazımdır. Bir halda ki, yüzminlərlə vətəndaşın çekləri əlində qalıb və bu gün də istifadə olunmayıb, bu məsələyə yenidən qayıtmaq olar. Hətta deyərdim ki, zəruridir. Bu, dövlətin həmin vətəndaşların maraqlarını qoruması demək olacaq”.

Hüquqşünas hesab edir ki, çeklərin tədavülü zamanı çoxsaylı nöqsanlar yaşanıb və bunun yenidən baş verməməsi üçün ilk növbədə prosesin özü üçün zəmin hazırlanmalıdır: “Təxminən 15 ilə yaxın müddət ərzində vauçerlər tədavüldə olub. Bu müddətdə xeyli sayda hüquq pozuntuları, bəzi işbazların kütləvi şəkildə vətəndaşları aldatması, onlara çatmalı olan haqların mənimsənilməsi halları baş verib”.

“Şəxsən mənim qənaətim ondan ibarətdir ki, tədavül müddəti yenidən artırılarsa, sui-istifadə halları yenidən baş verəcək. Heç bir təminat yoxdur ki, yenidən belə olmayacaq. Bu mənada, bəlkə də, daha yaxşı variant o olar ki, müvafiq araşdırma aparılsın, konkret say müəyyən olunsun və çekləri əllərində qalan vətəndaşlara kompensasiya ödənilsin”, - deyə Əhmədov fikrini yekunlaşdırıb.

P.S. Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray