“Parlament seçkilərinə qədər heç kəs cərimə olunmayacaq”

Cəmiyyət

27.12.2019 - 13:32

Əkrəm Həsənov: “Daşınmaz əmlak sığortası məcburi deyil, könüllü olmalıdır”

 

Daşınmaz əmlakın icbari sığortası məsələsi ətrafında mübahisələr davam edir. Vətəndaşlar cərimələnməmək üçün evini sığorta etdirir, sığorta şirkətləri isə qazancına qazanc qatır. Məsələnin icbari tərəfindən narazı olan ekspertlər, vətəndaşlar isə susmurlar.

 

Ekspertlər israrla icbari əmlak sığortasının Konstitusiyaya zidd olduğunu deyirlər. Bəs tanınmış hüquqşünas, maliyyəçi Əkrəm Həsənov nə düşünür? AYNA əməkdaşı mövzu ətrafında onunla həmsöhbət olub.

 

- Əkrəm bəy, aylardır, sizin də bu sığorta növü ilə bağlı fikirlərinizi eşidirik. Sözügedən qanun və onun tətbiqi, həqiqətən Konstitusiyaya ziddirmi?

 

- Bilmirəm, nə üçün bu məsələdə mülkiyyət hüququ ilə icbari əmlak sığortası məsələsi Konstitusiyaya nəzərən şərh olunur. Bunu qarışdırmaq olmaz. Bu məsələdə Konstitusiyaya zidd nəsə görmürəm. Konstitusiyada qeyd olunan mülkiyyət məsələsi, həm də məsuliyyət hüququnu yaradır. Çox ölkələrdə bu sığorta növü icbari deyil. Daşınmaz əmlakdan istismar zamanı 3-cü şəxsə dəyən zərərin icbari sığortası olsaydı, bu, daha doğru olardı. Misal üçün, qonşu qonşunun evinə su buraxdığı halda.

 

Son bir aydır, hamı bundan danışır. Çox adam qorxuya düşüb. Azərbaycan xalqının hüquqi savadı çox aşağı, qorxu hissi isə çox yüksək səviyyədədir, bu məsələdə də bunu görmək olur. Bu qorxu hüquqşünaslarda da var. Heç sığortaçılar da bu işi bilmirlər. Xatırladım kı, müvafiq məsələ ilə bağlı qanun 2011-ci ildə qəbul olunub, qüvvəyə minib. Amma indiyədək bu qədər müddət keçməsinə baxmayaraq, hələ də heç kəs çərimələnməyib.

Raminə Eyvazqızı