Jurnalistlər həmkarlarının azadlığa buraxılmasını istəyirlər
Ötən il məhkəmənin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli sosial şəbəkələrdə onun səhhətinin ağırlaşması barədə məlumat yayıb. Vəkil, Muxtarlının həbsdən azad edilməsi məsələsinin “hakimiyyətin yadına salınması və ictimaiyyətin diqqətində saxlanılmasını” vacib bilir.
“Hüquqlarını müdafiə etdiyim siyasi məhbus Əfqan Muxtarlı şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir. Sentyabr ayının əvvəllərində penitensiar xidmətin tibbi əməkdaşları onu müayinə etsə də, nəticələri barədə nə mənə, nə də onun özünə məlumat verilib, yəqin ki, çox ciddidir”, - deyə vəkil bildirib.
“Əvvəllər ölkə həyatı üçün əlamətdar günlərdə siyasi məhbuslarla bağlı geniş əfv fərmanının olacağı barədə qeyri-hökumət təşkilatları, ictimai və siyasi fəallar, hətta hakimiyyət nümayəndələri bəzi məlumatları cəmiyyətə sızdırırdılarsa da, indi bunlar dəbdən düşüb. Bir neçə gündən sonra oktyabrın 18-də Dövlət Müstəqilliyinin bərpası günü qeyd olunacaq. Bu bayram münasibətilə Ə.Muxtarlının və digər siyasi məhbusların azad edilməsi onun ailəsinə, uşaqlarına bayram töhfəsi olardı. Bayram ərəfəsində bu məsələnin hakimiyyətin yadına salınması, ictimaiyyətin diqqətində saxlanılması yaxşı olardı”, - N.Kərimli vurğulayıb.
Əfqan Muxtarlının həmkarları, son vaxtlar birgə media layihələri ilə çıxış edən Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və Mehman Əliyev vəkilin bu çağırışına qoşulur, Azərbaycan ictimaiyyətini də onu dəstəkləməyi səsləyir. Jurnalistlər ölkə rəhbərliyindən Dövlət Müstəqilliyi ərəfəsində belə bir addım atmağı xahiş edirlər və bunun bütünlüklə ölkədəki mühitin də sağlamlaşmasına təsir göstərəcəyinə əmin olduğunu bildirirlər.