“Danışıqlar cəmiyyətə açıqlanmalı, sülhməramlıların komandanı Bakıda hesabat verməlidir” – SABİQ NAZİR

Siyasət

28.06.2022 - 10:20

Tofiq Zülfüqarov: “Azərbaycan mövcud vəziyyətlə bağlı Rusiyaya ciddi şəkildə təzyiq etməlidir”

Ötən həftə Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Prezident İlham Əliyev və azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşlər keçirdi. Görüşlərdə ölkələr arasında əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılsa da, gündəmin əsas məsələsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Qarabağ ətrafındakı son vəziyyət oldu.

Lavrovun Azərbaycana səfəri, verilən bəyanatlar, Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti mövzusunda AYNA-nın suallarını cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya XİN başçısının Bakı səfərindəki bəyanatlarında yeniliklərin şahidi olmayıb:

- Daha doğrusu, yeni açıqlamalar da gözləmirdim. Ermənistan-Azərbaycan məsələsi və Qarabağ mövzusu ilə Rusiya XİN yox, Rusiya Prezidenti Vladimir Putin birbaşa məşğul olur. Əsas məqam, hesab edirəm ki, Azərbaycan tərəfindən səsləndirilən mesajlar idi. İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi birmənalı şəkildə qeyd etdi ki, müharibədən bir il yarımdan çox vaxt keçib, amma Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrasından hələ də boyun qaçırır. Azərbaycan Prezidenti bunu qeyd etməklə ona işarə etdi ki, artıq Rusiya vasitəçi kimi öz rolunu oynamalıdır.

Hesab edirəm ki, indiki mərhələdə Azərbaycanın bu məsələləri qabartması çox əsaslıdır. Çünki Ukrayna ətrafında baş verənlərlə əlaqədar Rusiyanın xarici siyasətində bir növ böhran yaşanır. Bu baxımdan, Rusiya-Azərbaycan münasibətləri Moskva üçün önəmlidir. Ukrayna ilə bağlı vəziyyət bəllidir, Gürcüstanda problem qalır, Moldovada qalır. Azərbaycan ərazisindəki problem isə həll olunub. Təbii ki, Rusiya istəyəcək ki, bu məsələnin birdəfəlik həllində öz rolunu qabartsın. Azərbaycan bu faktoru nəzərə alaraq öz məsələlərinin həllinə nail olmaq üçün daha da fəallıq göstərməlidir. İlk növbədə bu fəallıq Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı olmalıdır.

- Söhbət sülhməramlıların öz üzərinə düşən missiyadan kənara çıxması və bunun yaratdığı narazılıqdan gedir?

- Bəli, haqlı olaraq biz narazıyıq ki, müharibədən bir il yarım keçib, amma hələ də Qarabağda erməni silahlı birləşmələri qalmaqdadır. Həm də ki, Qarabağda hazırda qeyri-qanuni, Azərbaycan Konstitusiyasını pozan hansısa qondarma qurumlar fəaliyyətdədir. Hətta separatçılara hansısa formada şərait yaradılır ki, onlar Azərbaycana qarşı fəaliyyətlərini davam etdirsinlər. Düşünürəm ki, indiki mərhələnin əsas məsələsi məhz budur.

- Lavrov Bakıda olan günlərdə Ermənistandan olan deputatlar, xarici vətəndaşlar Qarabağa qeyri-qanuni səfər etdilər ki, buna sülhməramlılar imkan yaratdılar. Sizcə, Lavrovdan Bakıda bunun hesabı soruşuldumu?

- Bilirsiniz, artıq Azərbaycanın bu məsələdə məntiqli mövqeyi var. Lavrovun Prezident İlham Əliyevlə görüşünə diqqət yetirsək, görərik ki, ölkə başçısı Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri təmin etdiyini bildirdi. Bu gün Laçın dəhlizi işləyir. Amma Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən Zəngəzur dəhlizi hələ də işləmir. Məsələ ondan ibarətdir ki, Azərbaycan Laçın dəhlizinin fəaliyyət göstərməsini beş illik müddət üçün qəbul edib. Yəni ki, sülhməramlılar dəhlizin işləməsini beş il müddətində təmin edə bilərlər. Amma Zəngəzur dəhlizinin fəaliyyəti müddətsizdir. 10 noyabr tarixli Üçtərəfli Birgə Bəyanata baxsaq, bunu aydın görə bilərik. Biz görürük ki, Zəngəzur dəhlizi işləmir, Ermənistan bundan yayınır, açılmasına qarşıdır və s. Lakin Laçın dəhlizi işləyir, özü də hansı formada. O zaman, əlbəttə, tələb qoyulur ki, Azərbaycan sərhədçiləri, gömrükçüləri Laçın dəhlizində nəzarətə başlamalıdırlar. Hər halda Azərbaycan bu mövzunu, ümumiyyətlə, sülhməramlı mövzusu ilə bağlı ümumi vəziyyəti də nəzərə alaraq ciddi təzyiq etməlidir.

- Sülhməramlıları ərazilərimizdən çıxarmaq baxımından?

- İnanmıram ki, indiki mərhələdə sülhməramlıların Qarabağdan çıxarılması gündəmə gəlsin. Ümumiyyətlə, hesab edirəm ki, sülhməramlıların Qarabağda olmasını hazırkı mərhələdə öz xeyirimizə istifadə etməliyik. Çünki sülhməramlıların mənfi fəaliyyəti ilə yanaşı, bəzi müsbət elementlər də var. Pis-yaxşı, hansısa təhlükəsizlik şəraiti yaradıblar. Biz Qarabağda qayıdış üçün lazım olan infrastrukturu yarada bilirik. İkincisi, ermənilərin hər zaman istifadə etdikləri bir taktika var: onlar özlərinə qarşı hansısa təxribatı təşkil edirlər, sonra öz xeyirləri üçün bu təxribatdan istifadə edirlər. Bu barədə istənilən qədər nümunə göstərə bilərik. Lakin indi ermənilər bunu edə bilmirlər, çünkü gedən proseslərin tam şəkildə məsuliyyəti sülhməramlıların üzərindədir. Ermənilərə imkan verilmir ki, onlar Azərbaycanı nədəsə ittiham etsinlər, yalan kampaniyası qurub ölkəmizə qarşı təbliğatı gücləndirsinlər. Bu, sülhməramlılarla bağlı müsbət elementlərdir.

Düşünürəm ki, sülhməramlıların fəaliyyəti ilə bağlı qəti mövqeyimizi qoymalı və məqsədlərimizə nail olmaq istiqamətində irəliləməliyik. Artıq Qarabağda reinteqrasiya prosesi başlamalıdır. Şərait yaradılmalıdır ki, orada Azərbaycanın qanunları işləməyə başlasın, ərazilərimizə qayıdış baş versin. Bunu təmin etmək üçün Qarabağdakı qeyri-qanuni rejim, qondarma qurumlar ləğv edilməlidir. Azərbaycanın Qarabağdakı erməni vətəndaşlarının idarəçiliyi üçün müvəqqəti strukturlar yaradılmalıdır. Söhbət beynəlxalq təcrübəyə əsaslanan strukturlardan gedir. Məsələn, Xorvatiyanın təcrübəsinə baxmaq olar. Addım-addım reinteqrasiya prosesi başlamalıdır. İlk növbədə də təhlükəsizliklə bağlı müvəqqəti sistem qurulmalıdır. Təhlükəsizlikdə boşluq ola bilməz. Bu baxımdan sülhməramlılarla iş aparılmalıdır.

İkinci vacib istiqamət var ki, bu, Türkiyənin roludur. Biz sülhməramlı dedikdə ancaq rusları nəzərdə tuturuq. Amma əslində bu missiya iki ölkə tərəfindən - Rusiya və Türkiyə tərəfindən həyata keçirilir. Düşünürəm ki, Türkiyə faktoru, Türkiyənin sülhməramlı missiyasının rolu və vəzifələri daha da genişlənməlidir. Biz faktiki görürük ki, Ermənistanla sülh prosesi dayanıb. O mənada kı, rəsmi İrəvan sülh sazişinə qol çəkməkdən boyun qaçırır. Əgər belədirsə, bizim əsas təzyiqimiz sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərimizlə bağlı olmalıdır. İşlərimizi fəal aparmalıyıq ki, üç il yarımdan sonra sülhməramlıları yola sala bilək.

- Bu, mümkün olacaqmı?

- Müharibə yolu ilə, zorakılıqla yox, vəzifələrini yerinə yetirib bitirmələrindən sonra. Hesab edirəm ki, bu, daha məntiqli və konstruktiv olacaq. Sülhməramlıların ərazilərimizdəki fəaliyyətinin bitməsi müddətində üç il yarım qalıb. 2025-ci ilin may ayında sülhməramlılarla bağlı mövqe ortaya qoymalıyıq. Düşünürəm ki, sülhməramlıların iş üslubunda ciddi dəyişikliklərə ehtiyac var ki, üç il yarımdan sonra onlarla sağollaşa bilək. Sülhməramlılarla, dolayısı ilə Rusiya ilə danışıqlar ictimaiyyətə açıq şəkildə keçirilməlidir. Bizim tərəfimizdən qoyulan tələblər ictimaiyyətə açıq olmalıdır ki, onların yerinə yetirilmədiyini açıq şəkildə deyə bilək. Müddət bitəndən sonra biz konkret nəsə deməliyik ki, nəyə görə bunlar öz vəzifələrini yerinə yetirməyiblər.

Ukrayna hadisələrini nəzərə alsaq, hesab etmək olar ki, hansısa mərhələdə Rusiya məcbur olub bölgədən qoşunlarını geri çəksin. Ola bilsin ki, Ermənistandakı qoşunlarını çıxaracaq, Qarabağdakı sülhməramlılarının da ya sayını azaldacaq, ya da tam aradan götürəcək. Bütün hallarda isə yaddan çıxarmamalıyıq ki, bu missiyanı iki ölkə həyata keçirir. Hansısa məqamda Türkiyə bölgəni tərk edən rusları əvəz etməli olacaq.

- Amma faktiki olaraq, az sayda Türkiyə hərbçiləri sadəcə Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindədir. Sülhməramlı missiyanın həyata keçirilməsində Türkiyə hərbçilərinin iştirakı nəzərə çarpmır...

- Monitorinq Mərkəzinin vəzifəsi bəllidir. Söhbət ondan gedir ki, biz bu ölkələrin missiyasından tələb etməliyik. Rusiya və Türkiyənin bölgəyə gələn missiyası Azərbaycanın dəvəti ilə gəlib, onları kimsə göndərməyib. Azərbaycan onları müharibədən sonra qalan məsələlərin həllinə yardım etmələri üçün çağırıb. İndi pis-yaxşı, bu missiyalar təhlükəsizlik şəraiti yaradıblar. İndi əsas diqqət reinteqrasiyaya yönəlməlidir. Beynəlxalq təcrübədə belədir ki, sülhməramlı missiyanın hansısa mərhələsində polisin funksiyaları qabarır. Xorvatiyada, Yuqoslaviyada polislər müxtəlif missiyalarla xidmət aparırdılar. Biz gələcəyə baxmalıyıq ki, vəziyyət yaxşılığa doğru dəyişsin.

İndi Qarabağda separatçıların qondarma "polis"i var, "təhlükəsizlik orqan"ı var və s. Onlar hamısı tərksilah edilməlidir. Təhlükəsizliyi təmin etmək üçün də, dediyim kimi, hansısa qurumlar yaradılmalıdır. O qurumlara isə Rusiyadan və Türkiyədən, ola bilsin ki, ermənilərdən hansısa insanlar cəlb olunmalıdır. Amma o strukturların fəaliyyəti Azərbaycanın qanunlarına uyğun olmalı, Azərbaycanın dövlət büdcəsindən maliyyələşməlidirlər. Bu, beynəlxalq təcrübədə var, yeni nəsə icad etməyə ehtiyac yoxdur. Biz bununla həm də Qarabağdakı ermənilərə göstərməliyik ki, Azərbaycan oraya qayıdır. Ermənilərə imkan verməməliyik ki, həmişəki kimi hay-küy salsınlar, oyun oynasınlar. Məsuliyyət isə təhlükəsizliyi təmin edən ruslardan, türklərdən ibarət missiyanın üzərində olmalıdır.

- Belə fikirlər var ki, Rusiyanın bu prosesləri tormozlamaqda məqsədi odur ki, sülhməramlı müddət başa çatandan sonra qoşunlarını çıxarmasın. Yəni ki, bölgədə sülhməramlı adı altında hərbçilərinin daha uzun müddət qalması üçün reinteqrasiyada maraqlı deyil...

- Buna heç kimin şübhəsi yoxdur. Ona görə dedim ki, onlarla danışıqlar ictimaiyyətə açıq şəkildə olmalıdır. Məsələn, Minsk Qrupunun fəaliyyətini yada salaq. Qapalı şəkildə hansısa danışıqlar gedirdi, müəyyən bəyanatlar səsləndirilirdi. Amma ictimaiyyət həqiqəti bilmirdi. Qapalı danışıqlar maraqlı qüvvələrin xeyrinə xidmətdir. Hesab edirəm ki, Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Andrey Volkov Bakıya çağırılmalıdır, bizim media nümayəndələri ona suallar verməlidirlər. Qoy cavab versin ki, hansı fəaliyyətlə məşğuldurlar, nə edirlər. Eyni zamanda, görüləcək işlərin qrafiki tərtib edilməlidir. Məsələn, konkret sənəd üzərində göstərilməlidir ki, filan tarixdə erməni separatçıları tərksilah ediləcəklər, reinteqrasiyanı irəli aparmaq üçün orada təhlükəsizliyi təmin edəcək qurum, tutaq ki, iki aydan sonra təşkil edilməlidir və s. Əgər biz şəffaflıq tələb etsək və bunu gerçəkləşdirsək, Rusiyanın oyunları üçün yer qalmayacaq, yaxud az qalacaq. Məntiq bunu deyir. Əks təqdirdə, biz hansısa kabinetlərdə yazılan ssenariləri poza bilmərik.

- Hesab edirsiniz ki, Volkov Bakıda hesabat verməlidir?..

- Bəli! Nəyə görə o gedib İrəvanda hesabat verməlidir ki?! O, Azərbaycan ərazisində sülhməramlı missiyaya rəhbərlik edir, Ermənistanın bu məsələyə nə dəxli var?! Heç bir dəxli yoxdur. Əksinə, bu, Azərbaycanın qanunlarını pozmaqdır. Onu Bakıya çağırıb soruşmaq lazımdır ki, qanunları hansı əsasla pozursan. Sülhməramlı missiya Azərbaycanın dəvəti ilə gəlib. Bu faktı Volkovun diqqətinə çatdırmaq vacibdir.

Eyni zamanda, Türkiyənin Birgə Monitorinq Mərkəzindəki fəaliyyəti də qaneedici deyil. Monitoriq Mərkəzi də hesabat verməlidir ki, il yarımdan çox müddət ərzində nə etmisən, hansı fəaliyyətlə məşğul olmusan, reinteqrasiya istiqamətində hansı işləri görmüsən, hansını görəcəksən və s. Bu cür təzyiqlər, hesab edirəm ki, Türkiyənin də missiyasının rolunu daha da gücləndirəcək. Həmçinin pərdəarxası, qapalı oyunlara son qoyulacaq. Hazırda Qarabağda sülhməramlıların nəzarət zonasında olanlar haqqında erməni mediasından məlumatlanırıq ki, bu, normal vəziyyət deyil. Onlar sülhməramlı kimi guya ictimaiyyətlə işləyirlər. Baxırsan ki, hansısa dərslər keçirlər. Bəs Azərbaycan ictimaiyyəti? Gəlsin, başa salsın görək, ərazilərimizdə nə ilə məşğuldurlar.

Yenə deyirəm, bu məsələyə diqqəti yönəltməliyik ki, vəziyyəti dəyişdirə bilək. Bu taktikanı tətbiq etsək, nəticə Azərbaycan üçün faydalı olacaq. Bilirsiniz, dünyada və bölgədə çox ciddi proseslər gedir. Biz Qarabağ məsələsi ilə bağlı baxışlarımızı, təhlillərimizi bu prosesi nəzərə alaraq ortaya qoymalıyıq. 

- Bir sözlə, yeni dünya düzəninə uyğunlaşmaq üçün addımlar atmalıyıq...

- Təbii ki! Biz bu proseslərdən kənarda qala bilmərik. İndiki mərhələdə ən aktual olan, Azərbaycanın təhlükəsizliyimizə təhdid yaradan məhz sülhməramlıların olduğu ərazilərimizdir. Sülhməramlıların yeni iş üslubu yaradılmalıdır. Düzdür, sülhməramlıların fəaliyyəti ilə bağlı bizim cəmiyyətdə tənqidlər var. Amma nəyi tənqid etdiyimiz konkret deyil, ümumidir. Kortəbii şəkildə tənqidlə nəyəsə nail olunmur. Kimsə 20 Yanvar faciəsini yada salır, kimsə Rusiyanın imperialist siyasətini yada salır və s. Bunlar bəllidir. Biz konkret məsələləri qabartmalıyıq. Deyilməlidir ki, təqvim tərtib olunsun, addımlar konkretləşdirilsin. Yəni ki, tələblər praktiki və peşəkar şəkildə ortaya qoyulmalıdır. Bu zaman istədiyimiz nəticəni əldə edəcəyik. Əks təqdirdə, qeyri-müəyyənlik davam edəcək. Yaxud da ki, hansısa böhranlı vəziyyətdə sülhməramlılar oradan çıxacaqlar. Sonra da ermənilər həmişəki şəkildə hay-küy qaldıracaqlar, Fransa BMT-də hansısa qətnamə qəbulu istəyəcək, hansısa Qərb missiyası təşkil edəcəklər. "Erməni əhalini qorumaq lazımdır" adı altında bu dəfə Qərb qüvvələri bölgəyə daxil olacaq. Bu ssenarini aydın görməliyik. Rusiya sülhməramlılarının getməsi Qərb missiyasının gəlişinə yol açacaq. 

- Və yenə də ərazimizdə xarici ölkələrin silahlıları olacaq... 

- Bəli. İkincisi, Qərb bölgəyə güclü şəkildə daxil olacaq ki, onlarla daha çətin şəraitdə danışacağıq. Biz Qərbin ermənilərə dəstəyindən məlumatlıyıq, bilirik. Bu, ciddi məsələdir. Ssenarini görməliyik, önləyici tədbirlər görməliyik. Qərbin burada fəallığını Rusiya və Türkiyə azaldır. Amma Rusiyanın fəallığını Türkiyə neytrallaşdırır. Azərbaycan bu sxem çərçivəsində siyasətini qurmalıdır.

Müəllif: Anar Bayramoğlu