COVID-19 “dini”ndən dönmək...

Cəmiyyət

18.06.2020 - 22:25

Bütün bunlar niyə oldu, Operativ Qərargah?

 

Bəlkə, məsələ inanmamaqda deyil, niyə inanmamaqdadır?! Bəlkə, cəmiyyəti qınamaqdan, məsuliyyətsizlikdə günahlandırmaqdan, karantin rejimini daha da uzatmaqdan və sərtləşdirməkdən, evlərə qapama müddətinin 2 gündən 2 həftəyə qaldırılacağı barədə xəbərdarlıq etməkdən (ki, sabah xəbərdarlıq qərara çevriləcək) əvvəl bunu düşünmək lazımdır(idi)?! Səhv deyirəm, Operativ Qərargah?

 

Həmin cəmiyyətdir – üzbəüz durursunuz, həmin vətəndaşlardır – hər gün nəfəs dərmədən açıqlayacağınız statistik rəqəmləri və bu rəqəmlərin üzərindən gələcək qərarları gözləyirlər. Yoluxma, sağalma və ölümlər barədə açıqlamaları tapmaca kimi gözləyirlər, öz aralarında mərc gəlirlər: “Bu dəfə filan rəqəm”, - deyə.

 

Ən əsası, gözləyirlər ki, görəsən, indi hansı “maraqlı” ideya gəlib ağıllarına, ya da hansı qonşudan nəyi əxz ediblər. Açıqlanacaq qərarların arxasındakı mahiyyət deyil, onlardan “fırlanıb çıxmaq” yolları düşündürür insanımızı. Çünki gerçək məqsədə inam itib – o qərarların arxasında məntiq, təhlil, inandırıcı yanaşma görmür.

Operativ qərargah: Məzuniyyətə göndərilən vətəndaşların ...

Bəli, həmin xalqdır! Dalğanın ilk vaxtlarında əhalinin böyük əksəriyyəti müdafiə mövqeyinə keçdi - özünü, ailəsini, yaxınlarını qorumaq üçün apteklərin qapılarını sındırırdı: "Spirt və maska" deyə.

 

Tapmayanda, evə qapanırdı - tələb, cəza olmadığı halda. Evdən bayıra çıxmaq istəmirdi insanlar. Evlərimizdəki ətir şüşələrini boşaldıb, yerinə tibbi spirt doldururduq, paltarları doğrayıb kustar maska düzəldirdi qadınlarımız (Bunun ziyanları barədə açıqlamalarınızı da unutmuş olmazsınız).

 

Hələ əlcək davası vardı... Əlcəyi olmayanlar əllərini ciblərində gizlədirdilər. Salam-kalamı kəsmişdik bir-birimizlə, uzaqdan bağır basırdıq.

 

Marketlərin girişində hərarət ölçən cihazlar vardı, qoşalülə tüfəng kimi dayayırdılar müştərilərin alnına. Kimsə də alnını o nişangahdan qaçırmırdı - alan razı, satan razı. Məqsəd bir idi – təhlükə varsa, qorumalı və qorunmalıyıq.

 

Və bütün bunlar polis qorxusundan baş vermirdi, can qorxusundan baş verirdi. Vətəndaş real, ciddi və öldürücü bir bəlanın nəfəsini hiss edirdi kürəyində. Bu reallıq hissi onu ən üstün qorunma həddinə çatdırmışdı, zireh geyirdi – spirtdən, maskadan, əlcəkdən...

 

Yenə həmin adamlarıq. Amma... Bəs, sonra nə dəyişdi? Nə dəyişdi ki, zirehimizi çıxardıq? Necə oldu ki, bir zamanlar qorxusundan tir-tir titrədiyimiz koronavirusu bu gün lağlağı obyektinə çevirdik?

 

Çox uzaq keçmişdə deyil, xatırlayırıq: 3-4 ay əvvəl hökumət qarşısında “İranla sərhədləri bağla”, (hətta) “fövqəladə vəziyyət elan et” tələbini səsləndirən cəmiyyət, bu gün çınqıl yollarla rayonlara qaçır, evə qapanma tələbinə etiraz edir.

 

Yenə bütün bunların səbəbləri haqda düşünməmək, özünü yormamaq üçün ən asan yol var: Vətəndaş məsuliyyətsizlik edir! Ola bilər... Nəinki ola bilər, edir! Ən böyük məsuliyyətsizliyi, laqeydliyi edir. Qanundan gizlənir, qaydalara məhəl qoymur...

 

Amma niyə edir? Bu gün cərimə, həbs bahasına küçəyə düşməyi gözünə alan bu vətəndaş, cəmi 3 ay qabaq eyvana da çıxmırdı ki, üst qonşunun dəsmalından üzərinə infeksiya düşər. Giriş qapısının cəftəsini spirtlə “çimizdirən” biz, bu gün “hamısı oyundur”a əməlli-başlı inanmışıq.

 

Niyə bilirsizmi, hörmətli Operativ Qərargah(dakılar)? Niyə vətəndaş fikrini yox ha, öz həyatı üzərindəki mərc şərtlərini dəyişdi? Niyəsini deyəkmi?

 

... Barı, bunu özünüz düşünün. Düşünməyə həvəsiniz və başqa imkanlarınız yoxdursa, o zaman bu sual üzərində düşünün: niyə burda oturmuşuq?! Buna da cavab tapmasanız, qonum-qonşuya boylanın - “copy-paste” üçün.

Müəllif: Tural Talehoğlu