“Bütün ailə üzvləri 48 saat ərzində bu virusa yoluxa bilər”

Cəmiyyət

07.06.2022 - 18:24

Pediatr: “3 həftədən çox qusma olarsa, eyni zamanda gün ərzində 3-5 dəfədən çox nəcis ifrazı müşahidə olunarsa, müalicə mütləq xəstəxana şəraitində aparılmalıdır”

Son günlər uşaqlar arasında qusma, ishal, yüksək temperaturla müşahidə olunan virus yayılıb. AYNA-nın həmsöhbəti pediatr Xəyalə Quliyeva deyir ki, bunlar mövsümi bağırsaq virusunun – rotavirusun əlamətləridir:

Xəstəliyin əsas əlamətləri temperaturun 38-39, bəzi hallarda 40 dərəcəyə qədər yüksəlməsi, 3 dəfədən 10 dəfəyə qədər, ağır hallarda isə 15 dəfəyə kimi sulu nəcis ifrazı, qusmadır. Bu virus hava-damcı yolu ilə yoluxa bilər, eyni zamanda qusuntu kütləsindən, nəcisdən yoluxma halları mümkündür. Əgər bir uşaqda varsa, asanlıqla 24-48 saat ərzində evin digər şəxlərinə də yoluxa bilər.

- Müalicəsi necə aparılmalıdır?

- Müalicəsi antibiotik deyil. Çünki bu, virus infeksiyasıdır, antibiotik təsir etməyəcək. Bu xəstəlikdə əsas müalicə uşağın itirdiyi mayenin bərpa edilməsidir.

- Müalicə hansı halda xəstəxanada aparılmalıdır?

- Ağır hallarda – 3 həftədən çox qusma olarsa, eyni zamanda gün ərzində 3-5 dəfədən çox nəcis ifrazı müşahidə olunarsa, mütləq uşaq xəstəxana şəraitində müalicə edilməlidir.

- Bəs ev şəraitində necə müalicə aparmaq olar?

- Ev şəraitində 1 litr su, 2 xörək qaşığı şəkər, 1 çay qaşığı duz, 1 çay qaşığı soda qarışdırılır və alınan məhlul uşağın yaşından və itirilən mayenin miqdarından asılı olaraq verilir. 2 yaşdan kiçik uşaqlara hər 5 dəqiqədən bir 1 çay qaşığı 200 ml, 2-12 yaş arası uşaqlara hər 5 dəqiqədən bir 200-400 ml, 12 yaşdan yuxarı uşaqlara isə hər 5 dəqiqədən bir 1 çay qaşığı olmaqla 400-800 ml vermək olar. Xəstəliyin əsas müalicəsi xəstənin az-az, tez-tez qidalandırılmasıdır. Nanə, çobanyastığı kimi çaylardan da istifadə edilə bilər.

- Pəhriz olaraq nələrə diqqət etmək lazımdır?

- Xəstəlik 3-7 gün davam edir. Xəstəlik dövründə minimum 3 gün ərzində uşağa düyü (aş, sup, əzmə şəklində), alma, armud, banan (tam yetişməmiş), ət verilə bilər. Yüngül yeməklərlə qidalanma lazımdır. Əvvəldə də qeyd etdiyim kimi, hansı qidalar veriləcəksə, az-az, tez-tez verilməlidir.

- Xəstəliyin peyvəndi varmı?

- Bəli, peyvəndi mümkündür. Lakin ilk 6 ayda vurulmalıdır. Bundan sonra vurulmasının isə heç bir faydası yoxdur.

Müəllif: Banu Çiçək

Ramanada faciə

Dünən, 17:26 Hadisə