"/>

"Məmur hara, halal qazanc hara, kasıba ət paylamaq hara”<font color=red> </font>

Cəmiyyət

12.08.2019 - 18:30

Bu gün müsəlmanların müqəddəs bayramlarından biri olan Qurban bayramı qeyd olunur. İnsanlar hər il bu bayramda Allah yolunda "İsmayıl qurbanı" kəsib, kasıblara paylayırlar.

 

AYNA-nın əməkdaşı sosial şəbəkə istifadəçilərindən kimlərin qurbanlıq kəsəcəyini, qurban ətini kimlərlə bölüşəcəklərini soruşub.

 

Aldığımız cavabları olduğu kimi təqdim edirik:

 

Rauf Alagöz: “Qurban kəsib, üçdə birini ehtiyacı olanlara, üçdə birini qohum-qonşuya, üçdə birini də özümüzə saxlayacağıq. Qızımın təklifi ilə məhləmizdə yaşayan başqa dinlərə sitayiş edənlərə də pay verəcəyik ki, bizim bayramın gözəlliyini onlar da görsünlər”.

 

Nigar Əliyeva: “Mən qurban kəsmirəm. Məncə heyvan kəsməkdənsə, yaşlı birinə, məsələn, indi dəstək olduğum Akif dayıya maddi yardım edərəm”.

 

Fərid İmran: “Qurban kəsməyi insanlara yardım ilə əlaqələndirirlər. Yardımın isə günü olmur”.

 

Elyar İslamoğlu: “Bizim məhləmizdə bir məmur halal qazandığı pulla 100 qurban kəsib 1000 kasıba payladı. Məmur hara, halal qazanc hara, kasıba ət paylamaq hara”.

 

Arzu Umut: “Qurban kəsəcəyik. Türkiyədə tətildə olduğum üçün mənim adımdan qardaşım kəsib ehtiyacı olanlara verəcək”.

 

Tərlan Abdullayev: “Azərbaycanda qurbanı kəsib ehtiyyacı olan insanlara paylayan az adam var. Çoxu elə bilir ki, qohumlarına, qonşularına qurban əti verdi məsələ bitmişdir. Bizimkilər Qurban bayramını da Azərbaycansayağı qeyd edirlər.  Ehtiyyacı olmuyan qohuma, qonşuya ayıbdı deyə paylayırlar. Ona görə insanlar əvvəlcə bayramın mahiyyətin başa düsməlidirlər, sonra qurban kəsməlidilər”.

 

Bahadur İbrahimli: “Mən 2008-ci ildə öz halal zəhmətimlə qazandığım puldan iki qurban kəsdirdim və ondan bir tikə də olsun yemədim. Ətin hamısını imkansız ailələrə payladım. İstər inanın, istər inanmayın. O gündən bəri işlərim düz getmir. Qoyunların ahı tutdu məni. Bir də qurban kəsmərəm, nə də qurban əti yemərəm”.

 

Elnurə Abuşova: “Mən övladım dünyaya gələndən hər il qurban kəsirəm. 2 ildir banka kreditim olduğu üçün kəsmirəm. Hesab edirəm bu doğru deyil. Kreditimi bitirim, yenə ömrümün sonunadək qurban kəsəcəyəm”.

 

İsmayıl Əhməd: “Qurban həccin əməllərindən biridir və onun icrası ziyarətdə olanlara vacibdir. Bizə gəlincə isə bunu ehsan niyyəti ilə etmək olar. Şəxsən mənim kəsməyə imkanım var, amma kəsməyəcəm. Həmin məbləği təhsildə ehtiyacı olan şagirdlərə ayıracam”.

Müəllif: Ayna.az