İcbari tibbi sığorta haqları gələn il aprelin 1-dən toplanacaq

Cəmiyyət

03.12.2019 - 18:37

Minimum aylıq əməkhaqqının 48%-i miqdarında icbari tibbi sığorta haqqı hesablanır

 

Dövlət büdcəsi hesabına ödənilən icbari tibbi sığorta haqları, tütün məmulatları, alkoqollu və energetik içkilərə tətbiq edilən sığorta haqları istisna olmaqla, digər icbari tibbi sığorta haqlarının 1 aprel 2020-ci ildən toplanılması nəzərdə tutulur.

 

AYNA xəbər verir ki, bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb. 

 

2023-cü ildən etibarən isə müstəqil ödəyicilər üzrə təqvim ili üçün minimum aylıq əməkhaqqının 48%-i miqdarında icbari tibbi sığorta haqqı nəzərdə tutulub. 

 

Məsələn, hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250 manatdır. Həmin məbləğin 48%-i miqdarında – təqvim ili üçün 120 manat - icbari tibbi sığorta haqqı hesablanır.

 

Həmçinin Qanunda “Azadolma məbləği və gözləmə müddəti” maddəsi silinərək “Müştərək maliyyələşmə məbləği” maddəsi ilə əvəz olunub. Müştərək maliyyələşmə məbləği dedikdə, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsi nəzərdə tutulur. Müştərək maliyyələşmə məbləği xidmətlər zərfi ilə müəyyən olunur və tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə birbaşa ödənilir. Müştərək maliyyələşmə məbləğinin tətbiqinə də 1 aprel tarixindən başlanılacaq. 

 

Xatırladaq ki, qanuna təklif edilən dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında üçüncü oxunuşda qəbul edilib. 

 

Müəllif: Ayna.az